MİRİ RƏSULZADƏ - “ANA BƏTNİNDƏ 25 İL“
Proza
MİRİ RƏSULZADƏ - “ANA BƏTNİNDƏ 25 İL“
Göyərçinlər dən üçün pəncərəni taqqıldadırdı
(hekayə)
“Görəsən, bu dünyada övladının ölümünə sevinən neçə ana var?”
- Hatifdən.
Sədaqət gözlərini açanda sonsuzluq onu öz ağuşuna almışdı. Hər yer sehrə qərq olmuşdu. Ətrafda nə bir səs eşidilir, nə də bir inni-cins var idi. Harada olduğunu başa düşə bilmirdi. Əlləri ilə üzünə-gözünə toxunmasaydı, öz varlığına da inanmazdı. Qəribə bir boşluğun ortasında ətrafa boylana-boylana yerində quruyub qalmışdı. Nə kiməsə səslənə bilir, nə də bir səs eşidirdi.
Bir xeyli keçəndən sonra uzaqdan gələn uğultuya diqqət kəsildi. O səsin dalınca düşsə də, çata bilmirdi. Bir iki addım atandan sonra başı gicəllənib yerə yıxıldı. Əlinin altında qorxunc bir yumşaqlıq hiss etdi. Bu canlının nəfəsindən ürpənsə də, biruzə vermədi, özünü tox tutdu. Sonra o da əlindən qaçdı.
Sanki kimsə onu kənardan izləyirdi. Görəsən, hara düşmüşdü? Burada göyün mavi ənginlikləri də, günəşin parıltılı şəfəqləri də yoxa çıxmışdı. Nə bir ağac, nə bir çiçək vardı. Yol-iz də görünmürdü.
Bu qurquşum qaranlığın işıqlı bir sabahı olacaqdımı?
Bir işarə axtarırdı. Adı Sədaqət idi - sadəcə bunu bilirdi və zamanın hansı kəsiyinə düşdüyünü, kim olduğunu anlamaq üçün səbirsizlənirdi. Qəfildən bir əl saçlarına uzanıb onu oxşamağa başladı.
-Bəs bayaq üstünə yıxıldığım nə idi? Yox, bunları ayırd etməliyəm. Bəlkə odur? Yox, ola bilməz, məni kimsə özünə tərəf çəkir, - ürkək baxışlarla, əlacsız, qorxa-qorxa onun yaxınlaşmağına icazə verdi. Zamanın keçdiyini saçlarının uzanmağından bilirdi. Əslində, zaman da onun üçün mənasını itirmişdi. Baş açmadığı bu sirli aləmdə zaman onun nəyinə lazımdı. Nə çöldəki fəsildən, nə günəşdən, nə də aydan-ulduzdan xəbəri vardı. Divardan tuta-tuta qaranlıq bir otağa keçib öz dünyasında haqq-hesab çəkdi. Nə qədər toplayıb çıxsa da, nəticə hasil olmurdu. Sirli bir aləmin qaranlıq səhrasında nabələd qalmışdı. Qoşulub getməyə karvan axtarırdı. Özünü sualların qucağına atmışdı; "Yuxudursa görəsən niyə belə uzun çəkir? Niyə ayıla bilmirsən, Səadət?"
O ancaq öz içini görə bilirdi...
Qeybdən təsəlli mehi əsməyə başladı: !Bəlkə, hamı mənim kimidir?"
Öz qaranlıq otağında olsa da, oranın daşına-divarına yaxşı bələd idi. İllər keçdikcə müəmmaya öyrəşmişdi. İçində bir əminlik vardı. Nə vaxt yıxılsaydı, qeybdən bir əl onun dadına yetişirdi. Sədaqət bu əminliyi çözməkdə çətinlik çəkirdi. Hər səfərində bu qüvvə köməyə gələndə xoş bir ətir ürəyinə yayılırdı. Bütün məyusluğunu bu ətirlə ört-basdır edirdi. Onu ayaqda saxlayan, ümidini qoruyan bircə bu hiss olsa da bəzən o da məchul görünürdü.
Hərdən öləziyən ümidlə özündən soruşurdu: "Bu nədir? Hardandı? Mən kiməm axı? Niyə ancaq içimi görürəm? Niyə ancaq hiss edirəm? Səsim niyə çıxmır? Necə olur eyni məkanda qalırıq, ancaq həmişə o, mənim köməyimə gəlir? Bəs mən niyə bir işə yaramıram? Mənim kimi o da bura həbs olunub. Onun da saçı uzun, boyu mənim boyda..."
Bu əndirabadi suallar onun tale zəncirinin neçənci qopmuş halqası idi. Sanki tale onu gündə bir sualdan asırdı.
*
Çəhrayı şəhər zamanın özü kimi qocaydı. Qırmızı kərpicdən tikilən bu sarsılmaz şəhər gözəlliyi sevən və başa düşən insanların əbədi xatirəsinə çevrilmişdi. Eyvanından dağlar görünən bu beşmərtəbəli binanın bütün pəncərələri, hərəsi bir rəngdə olsa da, günəş sönəndə gözəlliyini göstərmirdi. Həyətdəki ağacların bəziləri binanın boyunu çoxdan ötüb-keçmişdi. Binada yalnız bir evə təbiət xüsusi diqqət və qayğı göstərirdi. Gecə düşəndə quşların yemləndiyi, yuva qurduğu, arıların vızıldayıb pətəyinə döndüyü nağıllardakı bu hay-küysüz ev də yuxuya gedirdi.
Hər səhər gül-çiçəyin ətri havanı rayihələndirir, o başdan eyni saatda üst qonşunun pianosunda çalınan vətən balladasının sədaları bütün şəhəri salamlayırdı.
Sədaqət eşitməsə də, musiqinin enerjisi onun əhvalında izaholunmaz ovqat yaradırdı.
Gilənar ləblərinə baxan, badamı gözlərinə ilişən, qəmzəsinin sehrinə düşən, şümşad boyunu süzən bu yuxudan ayılmaq istəməzdi. Sədəf dişləri, çobanyastığıtək kirpikləri, can alan qaşları gərdəniylə sevişən ipək saçlarının uzunluğu ilə tamamlanırdı. Ağ bədəninin cazibəsi insanı ovsunlayırdı. Sanki bəşər yox, cənnət bağından qaçmış huri idi. Anasının əlini sıxdığı gündən bəri onun qəlbini həyəcana gətirən hiss bütün vücudunu bürümüşdü.
Görən, anası olduğunu bilirdimi?!
Evin təmiri köhnəlmiş, yerdəki kilim əldən-ayaqdan düşmüşdü. Divardakı saatın qocalmış əqrəbləri deyinə-deyinə işi bir-birinin üstünə atıb dolanırdı. Evdəki ab-havadan ala pişik də baş açmırdı. Hər şey köhnə idi; radiodan tutmuş atlas süfrənin üstündəki güldana kimi. Qonaq otağında əşyalar Sədaqətin babasının divardakı xalçanın üstündən asılan şəklinə baxırdı. İllərdi zəng gəlməyən telefonun dəstəyi də evin köhnə sakinlərinin əllərini unutmamışdı. Bu evin mistik aurasından zamanın özü də baş açmırdı. Bu 25 ildə evin heç bir əşyası dəyişməmişdi.
Masanın üstündəki süfrə, məsələn, Sədaqət doğulanda alınmışdı, ona uşaqlıqdan yoldaşlıq edirdi. Hələ də anasının ona uşaqlıqda aldığı arxalı stulda otururdu. Anası evdə olmayanda o stulda oturub zülüm-zülüm darıxırdı. Bir nöqtəyə zillənəndə dodağına qonan gülüşə arılar da həsəd aparırdı. Ən maraqlı əyləncəsi anası bir yerə gedəndə pəncərənin qarşısında oturub onu gözləməyi idi. Beş yaşında necə gözləyirdisə, 25 yaşında da elə gözləyirdi.
Sədaqətin ana bətnindəki həyatı davam edirdi.
Onun üçün təzadlar yox idi. İşığı görməmişdi ki qaranlığı dərk etsin, yaxşını-pisi ayırd edə bilsin. Bu yaşına kimi o nə bir xoş söz, nə də qeybət eşitmişdi. Ona ağılın fövqündə dayanan hissləri kömək edirdi. Həqiqətə hamıdan bir köynək yaxın idi. O zahidlərin çatmaq istədiyi zirvəni 25 ilə qət eləmişdi.
Bu üstünlük ona doğuşdan verilmişdi. Onun doğulmağı uzun çəkmişdi.
Dünyanın onun zəkasını ləngitməyə, düşüncələrini dağıtmağa gücü çatmırdı.
Siz heç daxilində şübhə hissi olmayan insan təsəvvür edirsiniz?
Məhrumiyyətlər onun hüzurunu pozmurdu. Anasını yüz qadının içindən seçər, heç vaxt sözündən çıxmazdı.
Küləklə dostlaşmışdı, ipək saçlarını küləyə daratmağı xoşlayırdı. Anası saçlarını hər darayıb hörəndə gözləri dünyanın bir yerinə yol çəkirdi. Nə qədər böyüsə də, anasının qucağında, pişik sığalıyla yuxuya gedirdi.
Səsini eşitmədiyi, üzünü görmədiyi, danışa bilmədiyi anasına bu qədər bağlılığı haradan idi? Bu sevgini kim toxumuşdu onun qəlbinə? Hansı dillə başa düşürdülər bir-birlərini? Bu sehrli rabitəni kim yaratmışdı?
Anası Sədaqətə hər şeyi öyrətmişdi; ev işlərini, yemək bişirməyi, evi yığışdırmağı...
Anasının qazancı məclislərdə oxuduğu Qurandan, bir də qonum-qonşuya toxuduğu pal-paltardan çıxırdı.
Sədaqət anasının gəlişini ətrindən hiss edirdi. Onu həmişə uşaqlıqdan oynadığı gəlinciklə qarşılayırdı. Bir qorxanda, bir də bərk darıxanda anasının sinəsinə sığınırdı. Anası hər bayramda ona təzə paltarlar alır, evi bəzəyirdi. Hər ad günündə tort bişirsə də, üstündəki şamı söndürməyə qızının gücü çatmırdı. Sədaqət heç öz yaşını da bilmirdi. Anası bir dəfə də olsun üstünə təpinməmişdi. Hər gün şkafın yuxarı gözündəki toz basmış kitablar da, pəncərədəki dibçəklər də, girəcəkdəki güzgü də Sədaqətin evdəki var-gəlinə şahidlik edirdi. Şücayət qorxurdu ki, birdən qızından tez ölər, dünyası dağılar. Ölümündən sonra qızının aqibətini düşünəndə arvad şam kimi əriyirdi. Həmişə Allahdan qızından çox öz ömrünün uzanmağını istəyirdi.
Şücayət qızını bütün güllərlə tanış eləmişdi. Qızına görə evə nə təzə bir şey alırdı, nə də bir şeyin yerini dəyişirdi. O darıxmasın deyə pəncərənin önündə quşlara yem atmaq üçün yer də düzəltmişdi. Şəhərin bütün göyərçinləri, hophopları sıra ilə bu qızcığazın ziyarətinə gəlirdi.
Ev hansısa dahinin ev muzeyini xatırladırdı.
Şücayəti eynəyi gözündə, divanda, papaq toxuduğu yerdə yuxu aparmışdı. Qapının zəngi çalınmasaydı, qazın üstünə qoyduğu çaydan xəbəri olmayacaqdı. Ala pişik də özünü qapıya çatdırdı. Qonşuları Elmira gəlmişdi.
-Hər vaxtın xeyir, a qaragünlü bacım. Necəsən? Dedim, gəlim bir baş çəkim, çayından içim. Həm də nəvəmə jaket istəyirəm, a Şücayət. Məktəblər açılır, deyirlər bu qış yaman soyuq keçəcək.
Elmira hər dəfə bir bəhanəylə Şücayətə xeyir verməyə, hal-əhval tutmağa gəlirdi.
-Mənim ponçik qızım necədi?
-Yaxşıdı, canın sağ olsun. Otağında.
-Ehh, a bacı, bəxti yığvalı gəldi bu qızın. Həkimlər nə deyir bəs?
-Nə deyəcəklər?! Həkimlik deyil, bacın qurban. Sən danış görüm, mənim qızım neyləyir? Onun pianosunun səsi olmasa, Şücayət xalası lap darıxar.
- Səni, Sədaqəti hər gün soruşur, amma ürəyi gəlmir sizə düşməyə, pis olur.
Hər dəfə qızından söz düşəndə Şücayətin qaysaqlayan yarası təzədən qanayırdı. Sədaqət Elmiranın qızıyla bir gündə doğulmuşdu.
Qürubçağı ifa olunan Bethovenin "ay işığı" sonatası isə həyatı ona şərh etməkdə israrlı görünürdü. Sədaqət bu ahəngin sevincindən fərəh duyurdu. Evin içində var-gəl edə-edə, qeyb olur, bu dəhşətli sevincin burulğanına qapılırdı. Bu musiqilərin müşayiəti ilə ilin fəsilləri hərlənə-hərlənə rəqs edib keçir, rənglər, səslər, qoxular ruhuna səpələnib içində bitib-tükənməyən şəlalələr halında axıb gedirdi.
Dan yeri təzəcə ağarmışdı. Artıq qarabuğdayı sifətlər, ətrafdakı dağların zirvələri, yüngül buludlar bir-birindən seçilirdi.
Havadan ayrılıq dəminin qoxusu gəlirdi. Şücayətin qızıyla olan taleyinin yaxşı adamların nağılı kimi bitməsinə az qalmışdı.
*
Bu gün Sədaqət nəsə hiss etmişdi. Artıq qarşıda işıq görünəcəkdi. Uğultu bir az artmışdı. Tanış olmayan səslər eşidilirdi. İlk dəfə qarşısında açılacaq mənzərə ona yaxınlaşırdı. İndi xoşbəxtlik həyəcanı, məhəbbət sevinci onu da saracaqdı. Halbuki, o, bütün bu hissləri yaşayacağını artıq gözləmirdi. Onun qarşısında ehtiras, coşqu və hiddətin hökmran olduğu ecazkar bir aləm açılırdı. Deyəsən nəsə eşidirdi, amma heç nə başa düşmürdü.
Hər şeyi öyrənmək istəyirdi. Sirrin açılmasına bir şey qalmamışdı. Sevincli halda sanki illərin yorğunluğu canından çıxırdı. Özünü birtəhər ələ alıb: "Yox, bu qədər gözləmişəm. Ürəyim dayanacaq" - tövşüyə-tövşüyə əllərini yanbızlarına qoydu. Özünü suallara təslim etdi;
"Bu sükut pozulsa, bu zülmət qaranlığın bağrı yarılsa, halım necə olar görəsən?! Deyəsən, yuxudan ayılıram. Bəlkə doğuluram? Bəs hər gün məni sehrinə salan o enerjini, ətiri niyə duymuram? Mən hardayam?" - Əlini yenidən üzünə-gözünə toxundurdu. Üz-gözü səyriyirdi. İllərdi ona uzanan əli yanında hiss etmirdi. Artıq o yox idi. İndi başqa bir qüvvə ilə yola davam etməliydi. Çatdığı həqiqət onu qanadlarının altına almışdı. Onun arzularını gerçəkləşdirmək üçün hər şeyi yavaş yavaş göstərməyə başlamışdı.
Günəşin əyri-üyrü şüaları budaqların arasından süzülərək gözlərini qamaşdırırdı. Ətrafında orda-burda, yarpaqların üstündə və torpağın üzərində işığın ləkələri sayrışırdı.
Dərindən nəfəs aldığından ağ boynu gərildi, bütün bədənindən gizilti keçdi.
Sədaqət çəmənlikdəki cığırla gölə sarı getməyə başladı. Suya yaxınlaşanda qəribə oldu. İlk dəfə özü ilə qarşılaşmışdı. Sanki ona hər şey qəybdən öyrədilmişdi. O indi eşidir, görür, danışa bilirdi. Gördükləri ona heç də yad gəlmirdi. Bu intəhasız gözəlliyin içində quştək qanad çalmağa başladı. Əlləri ilə saçlarını darayanda qəfil duruxdu. İçinə bir məyusluq hopdu. O ətri xatırladı, illərdi ona uzanan, yoldaşlıq edən doğma əl yadına düşdü.
Gözü onu axtardı...
*
Şücayətin duaları qəbul olmuşdu. Əlləri ilə qızının gözlərini yumub sevincindən ağladı.
Pianonun səsi duyulurdu.
Gözü Sədaqətin arxalı stuluna sataşdı.
Göyərçinlər dən üçün pəncərəni taqqıldadırdı.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Əlabbas Bağırov - Köhnə kişi
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə