Uraqan Abdullayev - Siqaret kötüyü
Hava soyuq idi. Amma buna baxmayaraq yazmağa davam edirdi. Hər dəfə yazdıqca ağzındakı siqaretdən bir qullam alıb, tüstüsünü ciyərlərinə çəkirdi. Amma olsun, beləcə ruhu rahatlayırdı, beynini dincəldə bilirdi. Ola bilsin, bu zəhrimara görə gələcəkdə xəstəlik tapardı. Olsun, buna da razıydı. Ağzındakı siqaretdən bir qullam daha aldı, bu dəfə nəfəsini ciyərlərinə yox, havaya buraxdı. Axı niyə çəkirdi bu zəhrimarı, onu nə vadar edirdi çəkməyə, ya da ki, niyə başlamışdı siqaretə. Dönüb keçmişinə baxdı. İndiyədək addımladığı yollara. Bəzən bu yollar həddən artıq kələ-kötürlü olurdu. Bəzən isə, yollarda azıb qalmış, hara gedəcəyini də bilməmişdi. Növbəti tüstü ilə birlikdə beynindəki bu yollar dağılmağa başladı.
Soyuq da bir tərəfdən dəli edirdi. Barmaqlarının ucuna kimi donsa da, bir əlində qələm, bir əlində siqaret, yazmaqdan və çəkməkdən yorulmurdu. Görəsən bunu etdikcə hər dəfəsində nə haqda düşünürdü? Görəsən ona düşünmək lazımdı, yoxsa düşünməmək? Bir anlıq düşünmədən durmaq, həsrətin nə olduğunu hər dəfəsində özündən uzaqlaşdıqca bilmək...
Artıq siqareti də bitmək üzrəydi. Qətran kötüyə doğru yaxınlaşırdı. Damağından götürüb barmaqlarının arasıyla birlikdə əllərini isitməyə başladı. Görəsən hansı daha çox isidirdi? Tüstünü dodaqlarından içinə çəkərkən, yoxsa əlləriylə birlikdə barmaqlarını isidərkən?
Bərk əsən küləklə birlikdə fikirlərdən ayıldı. Tez ovucunun içinə bir də baxdı. Artıq siqareti bitmiş, əlindəysə, sadəcə kötüyü qalmışdı. Siqareti bitsə də, əlindəki qələm mürəkkəbi hələ də axmağa davam edirdi. Ona lazım olan hansıydı? Siqareti, fikirləri, yoxsa qara qələmi?
Öz-özünə düşündü. "Bəlkə də biz də, qələmdən ağ vərəqə axan mürəkkəb tək, kiminsə siqaret tüstüsündən çıxan fikirləriydik.
Əlindəki siqaret kötüyünə bir də yaxşı-yaxşı baxdı. Özü də yaxşı bilirdi ki, onun siqaret kötüyü axan qara qələmindən ibarətdir. Simasından xoş bir gülümsəmə keçdi. Artıq bədəni və ruhu isinmişdi. Əlindəki qələmi döş cibinə qoyub oturduğu köşkdən uzaqlaşdı.