Edebiyyat.az » Proza » Rövşən Yerfi - İnsanlıq

Rövşən Yerfi - İnsanlıq

Rövşən Yerfi - İnsanlıq
Proza
admin
Müəllif:
11:51, 13 noyabr 2024
517
0
Rövşən Yerfi - İnsanlıq




           “Real” xəbərlər agentlyi istinad etdiyi qurumun mətbuat xidmətinin məlumatına əsasən xəbər verirdi ki, hüquq-mühafizə əməkdaşlarının gərgin səyi nəticəsində il yarımdan çox oğurlanaraq gizlədilmiş inək balası tapılıb sahibinə qaytarılmışdır…

                                                                      ***

          Gün batıb hava qaralsa da günorta vaxtı qəsəbənin polis bölməsinə çağrılan Müslümdən bir xəbər yox idi. Axşam toranlığı düşdükcə ərinin evə qayıtmamasından Səbirənin təşvişi artırdı. “Görən kişini niyə bu qədər çox saxladılar”, -əndişələndi. On iki yaşlı Nasiri yaxın məhəllədə yaşayan əmisi Abidin üstünə göndərdi: -Get, əminə de, atamı günortadan bəri bölməyə çağırıblar, hələ evə qayıtmayıb. Qoy gedib öyrənsin, niyə buraxmırlar, nə istəyirlər?

          Günorta evdən çıxanda Müslüm ona demişdi ki, Məlik cib telefonuna zəng vurub bölməyə gəlməsinə israr edib: “təcili gəl, bir məsələ var, onu aydınlaşdırmalıyıq“. Nə məsələdir, deməmişdi.

Məlik məhəllənin sahə rəisi idi. Bu günədək ondan hələ xeyir görən olmamışdı. Məhəllədəki adamlar ona “Dədə Qorqud” filmində gördükləri surətin adını, “şöklü Məlik” deyirdilər. Yetənə yetib, yetməyənə daş atan bu “şöklü Məlikin” qəsəbədə “torba tikmədiyi”, ilişmədiyi adam qalmamışdı. Deyirmiş ki, “işim budur, planımı yerinə yetirirəm, elə bilirsiz etdiklərim tək özümə görədir?” Bu gün də, o, savadsız, fağır kişi olan ərinin başına nə oyun açmaq üçün çağırmışdı, Allah bilir, - düşünən Səbirənin saatlar keçdikcə hövsələsi daıalırdı. 

          Gecə başlamışdı, Abid qanıqara bölmədən qayıtdı. Səbirə iki balaca oğlu (Nasir və Nahid) və azyaşlı qızı Səbinə ilə onu hövlnak qapıda qarşıladılar: -Bəs, Müsü hanı? –Səbirə soruşdu. Müslümə qohumlar arasında Müsü deyərdilər.

          -Buraxmadılar, -Abid qəmgin, pərt baxışlarla cavab verdi.

          -Niyə? Nə adla saxladılar?

          -Buzova görə… Deyirlər, buzovu oğurlamısan, neçə aydır bizdən gizlətmisən, xəbər verməmisən…

          -Bütün qəsəbə, hamı bilir ki, biz onu oğurlamamışıq. Yiyəsiz olub, yazığımız gəlib, istəmişik tələf olmasın, saxlamışıq..

          -Ay bacı, Məlik “yazıq” nədir, qanır ki..

          -Bəs indi nə etmək istəyirlər?

           -Heç nə…-əsəbindən gülümsədi. -Deyirlər ya buzovun qiymətinin on qatı qədər pul verməlisiz, ya da, buzov oğrusu kimi həbsxanaya göndrəcəyik.  

         -Vallah, o Məlikin başının gülləsi əskikdi, -Səbirə bilmədi daha nə desin, -insanlıq etməyimizə görə cəza çəkməliyik, ya da ona rüşvət verməliyik, eləmi? –Sonra üzünün ifadəsi dəyişdi, -canı çıxsın Müsünün. Vaxtında neçə dəfə dedim ki, get polisə xəbər elə. Etmədi. Dedi hamıya deyərəm, onlara deməyəcəyəm, mən onlardan qorxuram. Qorxdu, mənə qulaq asmadı. İndi qoy ölsün, canı çıxsın türmədə…

***

          Səbirə yaxşı xatırlayırdı, çiskinli payız günü idi. Ailənin dolanışığını ödəyən mənbələrindən biri olan Sarıqız inək təzə doğduğu üç aylıq balasını əmizdirməkdən ötrü qəsəbənin kənarındakı otlaq sahəsindən gün əyilməmiş həyətə tələsmişdi. Həyətin qapısından içəri girmək istəyəndə arxasınca gələn balaca, çəlimsiz ağ buzovu görüb təəccüblənmişdi: -Bu kimin heyvanıdır, Sarıqızın arxasınca qoşulub gəlib? Nasir, -oğlunu səslədi, -bu buzov bizim deyil, qoyma həyətə girsin, qalsın küçədə yiyəsi gəlib aparar. 

          Küçədəki buzov səkkiz yaşlı Səbinənin də diqqətini cəlb etdi. Buzov həyət qapısının yaxınlığında taqəti olmadığından yerə, asfaltın üstünə çökmüşdü. Onun qar kimi ağlığı qızcığazın xoşuna gəlmişdi: 

          -Ana, nə qəşəng buzovdur,ağlığına bax, olar mən ona əlimi vurum?

          -Axmaq balası, getmə yanına, birdən xəstəliyi olar, sənə də keçər.

          -Yox, istəyirəm, -Səbinə anasının etirazına baxmayıb həyətdən küçəyə çıxdı, buzova yaxınlaşıb tüklərini tumarladı, -gözlərinə bax, -qardaşını da yanına çağırdı. -gör nə gözəl mavi gözləri var.

          Qardaşı da heyrətlənmişdi: -Mən heç belə ağ, gözü mavi buzov görməmişdim.

          Səbirə qızının buzovun boynun qucaqlayıb tumarladığını görəndə ona qışqırdı:

          -Səbinə, sənə dedim, axı, elə etmə, birdən bitli olar, keçər sənə, tez həyətə gəlin, -səsini ucaltdı, -eşitmirsiz məni, görməmişlik etməyin, heyvandır də, fərqi düm ağ olmasındadır.

           Uşaqlar analarının təkidi ilə həyətə qayıtsalar da, ürəkləri bayırdakı mavi gözlü, ağ buzovun yanında qalmışdı.

          -Ana, yazığın heç halı yoxdur, acdır, bəlkə ona nəsə verək yesin, -Səbinə ağlamsındı.

-Yox, acından ölən deyil, bu dəqiqə qonşulara da deyərəm, hər yerə xəbərləşərlər, kimindirsə yiyəsi gəlib aparar. 

            Bir neçə saat da keçdi. Bütün qonşulara, məhəlləyə xəbər yayılsa da buzovu axtaran, arxasınca gələn olmadı. Sonra çiskinli hava narın yağışla əvəz olundu. Evin küçəyə baxan pəncərəsindən gözünü islanmış buzova dikən Səbinə onun halına yandı:

          -Ana, bax, görürsən yazıq necə islanıb soyuqdan tir-tir əsir, gəl onu həyətdəki damaltında, yağış dəyməyən yerə salaq islanmasın. Yiyəsi gələndə yenə aparsın da... Yazıqdı axı, birdən acından, soyuqdan ölər, hayıfdı...Bax, heç ayaqüstə dura bilmir, hələ uzanıb yerə qalıb.

          -Ölməz, qızım qorxma, ona heç nə olan deyil. Yiyəsi harda olsa gəlib çıxar, aparıb saxlar.

          -Birdən gəlməsə...

          -Gələr, mütləq gələr.

          Axşam çöldəki işindən evə gələn Müslüm darvazanın qabağındakı asfalta uzanıb yağışdan islanmış balaca ağ buzova elə əhəmiyyət verməsə də, uşaqlar onu rahat buraxmadılar:

          -Ay ata, nə olar, icazə ver, o buzovu həyətə gətirək, ot verək, qurulansın, yazıq islanıb yağışdan əsir...

          -Uşaqlar, o buzov bizim deyil, özgənindir, olmaz, bizi qınayarlar, deyərlər salmısan qapına oğurlamısan.

          -Ata, -Nasir də bacısına tərəf durdu, -oğurlasaydıq, hamıya xəbər verməzdik ki, sakitcə keçirərdik həyətə. Niyə oğurlayırıq ki?.. Oğurlamırıq, yazıqdı deyə saxlayaq, baxımsız qalıb ölməsin. Sonra, yiyəsi havaxt istəyər, gələr aparar da...

          Uşaqların inadı Səbirəni də yumşaltmışdı:

          -Ay Müsü, uşaqların, həm də Allah xatirinə gətirək, heyvan olanda nə olar, o da canlıdı, gecə küçədə qalsa tələf olacaq. Yiyəsi tapılanadək, hələlik qalsın həyətdə.

          Müslüm gülümsünüb razılaşdı:

          -Arvad da uşaqlarla bir oldusa, mən kiməm ki? Yaxşı həyətə salıb quru bir yerdə saxlayın yiyəsi gələnədək. 

          Uşaqlar sevincək küçəyə qaçıb yolun ortasındakı buzovun üstünə qaçdılar. Durğuzub həyətə sürmək istədilər. Buzov tərpənmədi.

          -Dur, dur gedək həyətdə quru yerdə uzan, -Səbinə kiçik əllərini buzovun boynuna döyəclədi. Buzovun tərpənməyə heyi yox idi. 

          -O, dura bilmir, ata, -Nasir atasını harayladı.

          -Bəs nətəhər olacaq? Müsü, sürüsən əziləcək, onda gərək qucağına alasan.

          -Yaxşı, hay-küy salmayın, -Müslüm uşaqlara təpindi, -siz gəlin həyətə, mən gətirərəm.

          O, əyninə köhnə paltar geyindi, sonra da buzovu qucağına götürüb həyətdəki yağış tutmayan dam altına gətirdi.

          -Çox zəifdi, iyirmi kilo ancaq olar. Ot verin yesin, biraz özünə gəlsin.

          Uşaqlar sevindilər və atalarının buzovu qucağına götürməyə gücü çatdığına görə ürəklərində onun güclülüyündən fəxr duydular.   

          Günlər keçdi, amma mavi gözlü ağ buzovun arxasınca gələn, onu axtaran olmadı. Özünə gəlib böyüməsi üçün onu arabir Sarıqızın altına da buraxdılar süd əmsin. Qış gələndə məcbur olub buzova da tövlədə yer düzəltdilər, şaxta, qar görməsin. Ardınca yaz gəldi, buzov əvvəlkindən iki dəfədən çox böyüdü, çəkisi artdı.Altı aydan artıq vaxt ötdü. Bu müddət ərzində Müslüm də, Səbirə də olduqları xeyir-şər məclislərində yiyəsiz buzov saxladıqlarını, yiyəsinin tapılmamasından hərkəsə danışdılar. Yəni, artıq qəsəbədə bu haqda bilməyən ağlıkəsən yox idi. 

          Səbirənin şəhərdə yaşayan, vəkil işləmiş, səhhətinə görə pensiyaya çıxmış əmioğlusu Ədalət buzov söhbətini eşidəndə ona demişdi Müsünü başa sal, buzovun yiyəsinin tapılmaması haqqında mütləq polis bölməsinə xəbər versin, yoxsa bir gün başınız ağrıyacaq. Ədalət qanun-qaydaların hər üzündən məlumatlı idi. Lakin, Səbirə əmioğlusunun xəbərdarlığını ərinə anlada bimədi. Müslüm daş atıb başını tutdu ki, nəyin deyim, onsuz hamı bilir də... Ayağımla gedim özümü Məlikin əlinə verim, başıma yüz oyun açsın. O, məndən nəsə qoparmamış əl çəkən deyil. Mən cinayət sayılası heç nə etməmişəm. İnsanlıq etmişəm, itən heyvan tələf olmasın deyə saxlamışam, qulluq edib böyütmüçəm. Sahibini axtarmışam, nə vaxt yiyəsi tapılsa, qaytarıb sahibinə verəcəyəm.

          Buzov yarım ildən çox böyüdü Ədalətin dediyi oldu. Müslüm sahə rəisi Məlik tərəfindən bölməyə çağırıldı.     

                                                                      ***

          -İndi mən vaxtında söz eşitməyən bu başıboş üçün neyniyim, -Səbirə hirsindən özünü ağlamaqdan güclə saxlayırdı, -hardandı bizdə o qədər pul, onu türmədən qurtaraq, bu aydan o biri aya güclə dolanırıq...

          Abid də donub qalmışdı:

          -Gecə vaxtı neyləyə bilərik, gözləyək sabahı, görək nə olar. Sabah yalvar-yaxar edib məbləği mümkün qədər aşağı düşürərik, sonra da  qohum-əqrəbanı gəzib borc pul yığarıq...

          Abid sağollaşıb evinə getdi.

          Səbirə bilmirdi nə etsin... Müslümü tutsalar vəziyyətləri necə olacaqdı? Bu üç azyaşlını təkbaşına necə dolandıracaqdı? Məgər insanlıq etmək cinayətdirmi? Gizlətməmişik, kəsib yeməmişik, ya aparıb satmamışıq. Rəhmimiz gəlib inəyimin, iki düyəmin otundan, yemindən kəsib yedirtmişəm. Günahmı etmişik? Baxmasaydıq, yaxınlıqdakı kanala düşüb ölsəydi qanuni olardımı? Buzovun çəkisinin dəyərindən on qat artıq pul tələb edirlər, hardan verək, niyə verək? Düşüm indi qapı-qapı qohum-əqrəbaya dilənçilik edim, sonra da illərlə borc qaytarım? Məlik də dəvə boyda maşın sürsün, villa tikdirsin belə pulların hesabına? Ölmürlər, qarğışla-nifrinlə verilən pulları yeyib kişi-kişi gəzirlər, alçaqlar. Elə bilirlər Allah yoxdur. Var Allah, ona görə də Məlik oğluna hüquqşünas diplomu alsa da, narkomanlığına görə heç yerdə işləyə bilmir. Gəlini özünə “oğlan” saxlayır. İki qızı ikisi də boşanıb, azad zinakarlıqla məşğuldurlar. Arvadı qəzaya düşəndən sonra başı havalanıb, ağlını itirib. Allah ona daha neynəsin ki, haramın bəhrəsini, “xeyrini” anlasın. Şeytan gözün necə yumubsa verir peysərə, başına gələnləri Allahdan bilmir...

          Birdən Səbirənin ağlına gəldi ki, gecə ikən Ədalətə zəng edib vəziyyəti danışsın. Vəkil işləyib, belə işlərdə nəyi necə etməyi hamıdan o yaxşı bilər. 

          Ədalət onun təşvişini soyutmağa çalışdı: 

          -Bacı, narahat olma, qanunsuzluq edirlər. Oğurluq faktı olmayan halda, onu necə oğurluqda təqsirləndirirlər? Mən səhər tezdən zəng edib bölmə ilə danışaram, heç darıxma.

          O, dediyi kimi, səhər bölmənin məsul işçisinə zəng edib, özünü təqdim edəndən sonra sual verdi:

          -Vətəndaşı hansı əsasla oğurluq adı ilə saxlamısız? 

          Sual xoşlarına gəlmədi:

          -Məgər biz kimisi saxlayanda bilmirik niyə saxlayırıq? Yaxınlaşın bölməyə, iradınızı araşdıraq, görək siz haqlısız, yoxsa biz.

          Növbətçi əməkdaşın yöndəmsiz, başdanötrü cavabları əksər qanunları əzbər bilən Ədaləti qane etmədi, əksinə qeyzləndirdi. Haqlılığını sübut etmək üçün iradlarını telefonunda 102 nömrəni yığıb “qaynar xəttə” çatdırdı. 

          Ədalətin “102 – qaynar xəttə” müraciəti Məliki və onun həmkarlarını acıqlandırmışdı. O, müraciətdən sonra Müslümü bölmədə saxlamağın faydasız olduğunu görüb başqa tədbir gördülər. İçində ağ vərəqlər olan bir xeyli vərəqi onun qarşısına qoydular. 

          -Bu vərəqlər səni buraxılmağını rəsmiləşdirən sənədlərdir. Bir neçəsi hazırdı, qalanını da gün ərzində hazırlayacayıq. Bundan ötrü səni bütün günü burada saxlamaq istəmirik. Hamısının aşağı hissəsinə qol çəkirsən. Sonra gedirik sənin həyətinə, buzovu təhvil verirsən bizə. Biz onu yiyəsinə tapıb verəcəyik. Vəssalam, sən olursan tam azad. 

          Dünən pul verilməsə buraxılmayacağsan deyildiyi halda, bu gün eşitdiklərinə Müslüm sevindi. Adi halda çətinliklə yazıb oxuduğuna görə, indi buraxılması üçün nə qədər desən kağıza gözüyumulu qol çəkməyə hazır idi. Buzovu aparmaqla ondan əl çəkəcəklərsə, qoy olsun, aparsınlar.

          O, sevincək qarşısındakı bütün vərəqlərin, yazılı və yazılı olmayan hamısının altından qol çəkdi. Sonra Məlikin maşınında evinə gəldi, mavi gözlü ağ buzovu maşının yük yerinə qoyub onu yola saldı. 

          Müslümün belə tez buraxılmasına Səbirə, uşaqlar da şadlandılar. Heç öyrəşdikləri heyvanın aparlmasına da pərt olmadılar: onsuz da əzəl gündən bilirdilər ki, buzov özgənindir, onların deyil.

         -Müsü, daha səni bir də çağırmazlar, eləmi? –Səbirə soruşdu.

          -Güman ki, çağırmazlar. Məsələ əgər buzova görə idisə, buzovu da verdim, daha məndən nə istəyəcəklər?

          -Gecə Ədalətə zəng edib xəbər vermişdim. Yəqin onun hünəridir ki, səni belə tez buraxdılar, Allah balasını saxlasın, yenə sağ olsun mənim əmioğlum!

          -Yaxşı da, az öyün əmioğlunla, dünəndən ac saxlayıblar məni, gör evdə yeməyə nə taparsan, ver yeyim, -Səbirəni süfrə açmağa tələsdirdi.

                                                                     ***

          Üstündən üç gün keçmədi Müslümün ardınca rayon polisinə aparmağa gəldilər. Deyəsən Məlik söhbəti “şişirdib” rayon səviyyəsinə çatdırmışdı. Müslüm öz ayağı ilə getsəydi Səbirəyə bu qədər təsir etməzdi. Amma onu uşaqların, qonşuların gözü qabağında patrul maşınına oturdulub aparılması Səbirəyə dərd oldu: “Bitmədimi buzov söhbəti? Axı, nə istəyirlər onun yoldaşından? Gərək onların istədikləri pulu verəydi, eləmi? Necə, hardan və niyə verməlidir? Demək, nə istəyirlər, o da olmalıdır? Yoxmu həqiqət, haqq, Allah? Sizin üçün yoxdur, biz halal yaşayanlar üçün var...”  

          Səbirə üç gün idi, özünə gəlmişdi, yenə bütün əsəbləri yerindən oynadı, əhvalı qarışdı. Bu nadürüstlər pul almasalar Müslümdən əl çəkənə oxşamırdılar. Axşam düşənədək gözlədi, Müslümdən bir xəbər gəlmədi, telefonu söndürülmüşdü. Nasiri yenə əmisi Abidin üstünə göndərdi ki, atasının səhərdən polisə aparılması, hələ də evə qaytmamasını xəbər versin.

          Səbirəni fikir apardı: neyləsin, Abiddən başqa yenə kimə desin? Bəlkə, bir daha əmioğlusuna – Ədalətə dərdini danışsın, ayrı ümidi gələsi kimsə yox idi. Zəng etdi;

          -Ədalət, bacın sənə qurban, təzədən gəlib Müsünü apardılar.

           -Kim, Məlik?

           -Yox, bu dəfə rayondan gəlmişdilər. Araşdırma adı ilə maşına mindirib apardılar.

           -Yaxşı, səbrli ol, indi gecdir, sabah öyrənərəm görüm nə məsələdir. Bir az xəstəyəm, uzun yola çıxmağa həkim icazə vermir, yoxsa özüm gedərdim saxladıqları yerə. Darıxma...

           Ədalət sabahı günü rayon şöbəsinə zəng edib Müslüm haqqında sorğu etdi. Məlum oldu ki, ona cinayət işi açılıb, işin aparılması da Elnar adlı müstəntiqə tapşırılıb. Müstəntiqlə də danışdı:

           -Günahı olmayan adama nə məqsədlə cinayət işi açırsız, təcrid otağında saxlayırsız? Buzovu da alıb aparmısız, başqa nə sübutunuz var?

          -Bu adam izahatında günahını etiraf edib, buzovu oğurlamaq məqsədi ilə həyətinə aparıb...

          -Onun savadı var ki, izahat da yazsın. İzahatı özünüz yazmısız, altına da qol çəkdirmisiz, saxtadır o izahat...

           Müstəntiq cavab verməyib telefonu qapadı. 

          Müslümün dalısıyca gələn Abidi onun xahişi ilə müstəntiqlə görüşdürdülər. Abid nə qədər yalvar-yaxar edib Müslümün qəsəbənin ən saf, düzgün, həm də ən kasıb adamı, ailəsini çətinliklə dolandıran birisi olmasını desə də, müstəntiq yumşalmadı:

          -Xərcsiz ötüşməyəcək, nəyə gücünüz çatır gətirin, buraxaq.

          Ədalətin işə qarışmasından narahat olan müstəntiq ikinci gün iki sutkanın tamamında Müslümü azad etdi. Müstəntiq tərəfindən Müslümə üç gün vaxt verilmişdi və bu dəfə daha buzovun qiymətinin on qatı yox, endirilib azı beş qatı həcmində pul istənilmişdi. Əks halda iş davam edəcək, məhkəməyə göndəriləcəkdi. Müstəntiq Ədaləti Müslümə yamanlayıb, həm də demişdi ki, “sənin qohumun əlindən nə gəlir etsin, elə etməsin ki, gecəylə evindən götürək”. Onun bu sözləri sadəlövh, eşitdiyinə inanan Müslümü qorxutmuşdu.

          Səbirə ərinin tutulmasını istəmirdi, ancaq müstəntiqə rüşvət verilməsinin də əleyhinə idi. Neçə adamdan üzünün suyunu töküb, borc alıb, sonra da illərlə borc qaytaracaqdılar, nə üçün? İnsanlıq edib, amma polisə xəbər vermədiyi üçün adamı məhkəməyəmi çəkərlər? 

          -Müsü, -Səbirə ərini qınayırdı, -sən halal çörək qazanan adamsan, gəl ki, avam və qorxaqsan. Ağ vərəqlərə qol çəkəndə ağlın harda idi? Niyə onların hər sözünə inanırsan? Şikayətçi olmaya-olmaya səni necə məhkəməyə verəcəklər? Eşidirsən, heç kimdən borc alıb aparıb müstəntiqə vermə. Qoy işi göndərsin məhkəməyə. Məhkəmədə deyərsən ki, savadsızlığımdan istifadə edib saxta izahata qol çəkdiriblər. Heç nə vermə, bildin? Kaş mən kişi olardım, sənin cəsarətin yoxdur, gör o müstəntiqə nələr deyərdim...

          -Eh, sən də deyəsən, əmioğlun Ədalətin havasını almısan, küləklənmisən. Qaydadan-qanundan danışırsan. Boynuma alıram ki, mən qorxuram. O Məliklə Elnardan hər alçaqlıq gözləmək olar. Heç nə verməsəm, günlərin birində duran yerdə məni şərləyə bilərlər. Nə çoxdu əclaflar, anasın satanlar birini üzümə durğuzarlar, cibimə nəsə qoyarlar, ya gətirib həyətimizə atarlar, sonra da deyərlər ki, həyətində qeyri-qanuni filan şey var. Nə desən edərlər. Onlardan kimə şikayət edəcəksən? Hakim də, prokuror da onları müdafiə edəcək, həqiqəti yox. Ona görə də az da olsa, borc edib aparıb verəcəyəm ki, haramları olsun, məndən qırılsınlar...

          Səbirə dodağının altında “qorxaq” deyib susdu. Hazırkı dövrdə borc verən də yox idi. Kimdən istəsinlər? Hər kəsin o qədər qayğıları, ehtiyacları vardı. Üç gündən sonra qonşuda rəhmətə getmiş mərhumun qırx mərasimi olacaqdı. “Bu yaxşı oldu, -fikirləşdi Müslüm, -bir-iki gün gec olsa da, qapı-qapı gəzməkdənsə yasa gələn bütün dost-tanış bir yerdə olacaq, elə orda ümidi gələn adamlardan borc istəyərəm.”

          Müslüm həbs edilməkdən qorxmurdu. Qorxaq olsaydı, birinci Qarabağ müharıbəsinə getməzdi, o da bir yolla, bəhanə ilə yayınardı, aylarla düşmənlə üzbəüz qalıb vuruşmazdı. Məmurlara rüşvət verməsən, indi heç buna əhəmiyyət verən vardımı? Oğluna saxta hərbi bilet alan qəsəbə icra nümayəndəsi qəbulunda olanda ona demişdi ki: “özünçün vuruşmusan da, kimə nə dəxli var?” Rayonların işğalına görə yurdun oğlu kimi on illərlə sinəsində məğlubluq ağrısı gəzdirirdi, könlü heç vaxt şad olmurdı. Torpaqlar işğaldan azad olanda sevindi, daha qəlbi sıxıntısız yaşayacağına ümidləndi, amma yenə gen-geniş nəfəs ala bilmədi, ürəyindəki ağrı məmur özbaşınalığına acı təslimlik duyğusu ilə əvəzləndi, sanki öz torpağında yaşamırdı, güvənsiz idi... O, cavanlığında sosializmdə yaşamışdı. Sonra deyildi ki, kapitalizmə qayıdırıq. Qayıdış irəliyə yox, qanunların əhəmiyyət verilmədiyi feodalizmə gətirib çıxarmışdı.  

          Yas günü Müslümün gözləntisi alınmadı. Yaxın günlərdə kimsə borc verəcəyini boynuna götürmədi. Hamı bilirdi ki, Müslüm əlavə gəliri olmayan adamdır, aldığı pulu bəlkə də illər ərzində qaytaracaq, bu səbəbdən ona heç kim borc vermək istəmirdi. Bir professor qohumu dedi ki, istəsən sənə kömək edərəm, “orda dostlar var, danışıb məbləği azalda bilərəm”. Müslüm istəmədi onun köməyini, “professordu, utanmır, dəllallıq etmək istəyir”, -düşündü. 

          Yasın sonunda Müslümün naəlac qaldığını görən yas sahibi dedi:

          -Qonşu, fikir eləmə, yasa yığılan pulu verərəm, aparıb verərsən. O pula mən baş daşı alacaqdım, eybi yox, baş daşı gözləyər. İşin düzəlsin, nə vaxt qaytararsan, daşı onda qoyaram.

          Müslüm qonşusunun xeyirxahlığından utandı, əzildi və minnətdarlıqla: -Allah razı olsun, -deyib susdu.  

          Deyilən vaxtdan üç gün keçmş Müslüm “bundan artıq mənə borc verən tapmadım, üzürlü say”, -deyib kağız bükülünü müstəntiqin qarşısına qoydu. Müstəntiq bükülüyə əlini uzatmadı, köməkçisini çağırıb tapşırdı: -Apar yoxla, saxta, ya da nömrəli olar bilmərik, həm də say, gör nə qədərdir?

          Köməkçi otaqlar və dəhlizdəki müşahidə kameralarında qeydə alınmaması üçün bükülünü ayaqyolunda yoxlayıb saydı. Müstəntiq pulun miqdarını öyrənib dedi:

          -Vətəndaş, danışılandan az gətirmisən, eyni zamanda üç gün gecikdirmisən. Biz əməliyyatdan qabaq sənin haqqında hər şeyi araşdırmışıq. Heç kəslə işin olmayan, halal çörəyini qazanan adamsan. Lakin, biz də özbaşına deyilik, hər gün işə dair hesabat veririk, məruzə edirik. Gecikdiyin üçün işi saxlaya bilməzdik, dövlətin işini ləngidə bilmərik, göndərildi məhkəməyə. Ancaq, sən narahat olma, qoymarıq həbs ediləsən, yüngül cəza ilə çalışacayıq ki, işi yola verək. 

                                                                           ***

          Ədaləti təəccüb götürmüşdü, şikayətçi olmayan halda bu nə məhkəmə oyunu idi? Sonra aydın oldu ki, oyunu quranlar qonşu rayondan bir şikayətçi – buzovun “sahibini” tapmışlar. Guya Məlik Müslümü bölməyə çağırandan bir gün əvvəl bölməyə müraciət daxil olub ki, “inəyimin balasını yarım il qabaq itirmişəm. Bizim kəndin otlaqları sizin qəsəbənin torpaqları ilə qonşu olduğuna görə itmiş buzovun sizin ərazinizdə tapılması ehtimalı var, xahiş edirəm kömək edəsiniz.” Bu müraciətdən sonra Məlik başda olmaqla əməliyyat-axtarış qrupu yaradılıb. Axtarış nəticəsində buzovun Müslüm adlı sakin tərəfindən oğurlanması aşkar edilib. O, şübhəli şəxs qismində bölməyə dəvət edilmiş, izahat alınmışdır. İzahatda vətəndaş törətdiyi cinayəti etiraf etmiş, peşmanlığın bildirmiş, buzovu sahibinə qaytarmaq üçün qəsəbə polis bölməsinə təhvil vermişdir. Törədilən əmələ hüquqi qiymət verilməsinə görə iş məhkəməyə təqdim edilmişdir. 

          Ədalət Məliklə Elnarın qonşu rayondan saxta şikayətçi tapıb işi belə düzüb-qoşmaq yaradıcılığına heyrət edirdi. Bəs şikayətçi niyə buzovu itirdiyi zaman yox, yarım ildən sonra müraciət etmişdi? Bunun da izahını fikirləşmişdilər: yenə guya, şikayətçinin bir inəyi, bir balası varmış və kənddə tək yaşayıb heyvanlarını hər səhər otlağa aparıb, axşam həyətinə gətirirmiş. Buzovun qiymətini artırmaq üçün çəkisi olduğundan iki qat artıq və albinos mənşəli olduğu qeyd edilmişdi. Payızın axırlarında şikayətçi bir axşam inəyin balasını tapmır. Güman edir ki, qonşu rayonun ərazisinə keçib, soraqlaşıb tapacaq, ona görə polisə məlumat vermir. Az keçmir, xəstələnir, xəstəxanada yatır, əməliyyat puluna görə məcbur olub inəyi satır, uzun müddət müalıcə alır, nəhayət yazın ortalarında özünə gəlir, kənddəki evinə qayıdır. Yenidən buzovu axtarmağa başlayır. Bu arada ağlına gəlir ki, kömək almaq üçün polisə müraciət etsin. Müraciət edəndən bir gün sonra buzov qonşu kənddəki Müslümün həyətində tapılır. Tam bir nağıl...

          Nağılı uyduranlar yerli adam olmadıqlarına görə ərazini yaxşı tanımadıqlarından zərərçəkmişin yaşadığı kəndlə bu qəsəbənin arasında otuz kilometrdən çox məsafənin olması da ağıllarına gəlməmişdi. Düşünməmişdilər ki, heyvan otlamaq üçün hər gün uzağı beş kilometr yol gedər, daha otuz kilometr yox.

          Pulu götürsələr də işin məhkəmədə davam edəcəyi xəbəri Səbirəni özündən çıxarmışdı: “Bunlar nə qədər qansız adamlardır, -hirsini ərinin üstünə tökmüşdü, -sənə dedim ki, onlara heç nə vermə. Ağılsızlığından apardın verdin, nəticəsi nə oldu? İş məhkəməyə getdi. Heç vaxt mən deyənə qulaq asmırsan, öz bildiyini edirsən. Vaxtında dedim ki, andırı həyətə salmağın haqqında bölməyə xəbər eylə, eləmədin. İndi çək cəzanı. Nə qədər mənə qulaq asmırsan başın çox əziyyətlər çəkəcək.

          Müslüm də öz növbəsində onu günahkar sayırdı:”elə sənin ağlının bəlasına düşmədimmi? Ana-bala mələşdiz ki, heyvan yazıqdır, çöldə qalsa öləcək, sal onu həyətə. Mən də sizin sözünüzə görə onu həyətə gətirdim, özümə qalsaydı mənə sərf edən deyildi. Bax, indi sənin sözünə qulaq asdığım üçün başıma bu işlər gəlir. Mən yox, əsl günahkar sənsən.

          Ailədə yaranmış qanqaraçılıq uşaqlara da təsir etmişdi. Bir-birilərinə qarşı kəskinləşmiş, sərt davranışlar edirdilər. Heçnədən bəlaya düşmələri, bu çətinlikdən nə zaman, necə qurtaracaqlar fikri Səbirəni üzürdü. Alınan borcu – mərhum qonşusunun baş daşının pulunu neçə ilə, necə qaytaracaqdılar? Fikir etməkdən, qəm çəkməkdən axır günlər sinəsində sancılar artmışdı. Belə sancmaları ilk dəfə Müslüm polisdə saxlanılan gecələrdə hiss etmişdi, özünün yiyəsiz, çarəsiz olduğunu duymuşdu.

          Məhkəmə dörd ay sonraya təyin olunmişdu. Buna rəğmən ailədə də əsəbi şərait dörd ay uzandı. Müslüm Səbirə onu qorxaqlıqda, cəsarətsizlikdə qınadığı üçün məhkəmədə nəyi var hər şeyi olduğu kimi, heç nəyi gizlətmədən danışacağına özünə söz vermişdi. 

          Məhkəmə günü elə də etdi: -Möhtərəm hakim, -o, ifadəsini belə başladı, -mən savadsız kəndçi babayam. Mal-qoyun saxlamaq, bostan əkmək, təsərrüfatla birtəhər uşaqlarımı, ailəmi dolandırıram. Bu qapıya gələn buzov ki, var onu oğurlamaq fikrim olmayıb, uşaqlarımın rəngi düm ağ olduğundan xoşlarına, həm də yazıqları gəldiyindən, küçədə yiyəsiz qalmaması üçün, yiyəsi tapılanadək həyətə gətirmişəm. İnəyimin südünü vermişəm, ot vermişəm, yarım il böyütmüşəm. Məgər pislik etmişəm? Gizlətməmişəm, satmamışam, kəsib ətin yeməmişəm, axırda da polisə təhvil vermişəm. İlk gündən də hamıya car çəkmişəm ki, həyətimdə belə bir ağ buzov var, kimindisə gəlib aparsın. Hə, bir səhvim ondadır ki, polisə xəbər verməmişəm, gərək deyəydim. Ona görə demədim ki, mal itməyi birinci dəfə deyil, belə hadisələr çox olur, bəzən aylardan sonra malın yiyəsi tapılır, polisin bu işə qarışmasına ehtiyac olmur. Həm də qorxmuşam, xəbər versəm salacaqlar məni çək-çevirə, hardan gəlib, necə gəlib, nə məqsədlə saxlamısan. İnanmayacaqlar ki, mən Allah xatirinə etmişəm, çünki onların əksəriyyəti Allaha inanmırlar, inansalar bəd əməllər etməzlər, Nə isə, insanlıq qalacaq bir tərəfdə, məni olmayan işdə təqsirkar çıxaracaqlar. Necə ki, oldu, qorxduğum başıma gəldi. Mən heç bir izahat yazmamışam, dedim axı, savadsızam, çətinliklə yazıb-oxuyuram. Yazıb qoyublar qarşıma, deyiblər qol çək, səni buraxaq. Qol çəkməsən buraxmayacayıq, mən də qol çəkmişəm. Mən Allahımdan qorxuram, heç vaxt yalan danışmıram. İndi də nə var, açıq danışacağam. Məndən əvvəlcə bölmədə yeddi min pul istədilər. Səhəri vərəqlərə qol çəkdirib buraxdılar. Sonra idarədə iki gün saxlanılanda onun yarısını istədilər. Vermərəmsə gələcəkdə şərləyib ilişməmələri üçün qonşunun yasından yığılan iki min pulu borc edib Elnara verdim...

          Bu yerdə hakim onun sözünü kəsib məhkəmədə iştirak edən müstəntiq Elnara sual etdi: -Müttəhim doğrumu deyir, ondan iki min almısız?

          Müslümün bu sayaq ifadə verəcəyini ağlına belə gətirməyən müstəntiq Elnarın boğazı qurudu, karıxmışdı: -Möhtərəm hakim, müttəhim əsassız, həqiqət olmayan ifadə verir...

          Müslümdən sonra Səbirə şahid qismində çıxış etdi:

          -Cənab hakim, ərim günahkar deyil, günahkar mənəm. Balaca qızımın, oğlumun küçədə soyuq yağışın altında əsən heyvana yazıqları gəldi. Mən də onların yalvarışına görə Müslümə dedim ki, buzovu sal həyətə, yağış dəyməyən yerə. Yəni baiskar mənəm. Bu hadisə mənim təqsirimdən baş verdi. Cəzalandıracaqsızsa, onu yox, məni cəzalandırın, müqəssir sayın. Əgər adam savadsızdırsa, qanunları bilmirsə, onu aldatmaq, pulunu almaqmı lazımdır? Xalqa xidmət beləmi olur?..

         Aydın oldu ki, “zərərçəkmiş” sağlamlıq vəziyyəti yol vermədiyi üçün məhkəmədə iştirak etmir. Məhkəməyə teleqram göndərib ki, mən buzovu geri almışam, müttəhimi bağışlayıram, ondan şikayətim yoxdur. Zərərçəkmişin kəndindən bir “şahid” gətirmişdilər. O da zərərçəkmişin buzovunun itdiyini, yarım il sonra da tapıldığını təsdiqlədi. Müslümü tanımadığını, bu işlə başqa məlumatı olmadığını deyib yerində oturdu.

          Prokuror vəkilin irəli sürdüyü vəsatətlərə əks çıxış edib müstəntiqin rəyini müdafiə etdi. İttihamın əsassızlığına dair deyilən dəlillər hakimi Müslümü təqsirsiz hesab etməyə qane etmədi. Müttəhimin verdiyi ifadənin səmimiyyətinə inanmadığını, dediklərinin ibtidai istintaq müddətində müstəntiqə verdiyi izahat ilə ziddiyyət təşkil etməsini, üst-üstə düşməməsini özünümüdafiə kimi qiymətləndirib, sonda bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hökm etməyi qərara aldı. 

          Ədalət məhkəmədəki ifadə zamanı müstəntiqə iki min rüşvət verdiyini deməsini eşidəndə Müslümə zəng vurub acıqlandı: -Ə, sən necə adamsan, sənə deməmişdim ki, onlara heç nə vermə. Öz hüququnu qorumağı bacarmayan əfəl...

          Dalısıyca Elnara ismarış göndərdi:” Məni gecə ilə evimdən götürdən oğlan, zəhmət çək iki mini Müslümə qaytar. Yox, əgər qaytarmasan, məhkəmədə səslənən, diskə yazılan ifadədə rüşvətlə bağlı təhqiqatın aparılması məsələsini lazımi orqanlar qarşısında qaldıracağam. Hələ buzovun nə əsasla zərərçəkmişin özünə deyil, polisə təhvil verilməsinin qanunsuzluğundan danışmıram...”

          Bu ismarışdan sonra müstəntiq Elnar məcbur olub iki mini qaytarıb Müslümdən iltizam aldı ki, “sənə qarşı heç bir şikayətim yoxdur.”

          Pulun qaytarılması evdə sevinclə qarşılandı, anındaca pul qonşuya qaytarıldı. Ailə çətin bir yükdən xilas oldu. Müslüm şikayət etmək istəməsə də, məhkəmənin qərarı Ədaləti razı salmadı. Vəkil dostlarının birinin vasitəsilə yubanmadan hökmdən apellyasiya şikayəti verdi.

          İş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə verildi. Məhkənin keçirilməsi daha dörd ay çəkdi. Vəkil Müslümə bəraət istəsə də, yenə hakim razılaşmadı. Əvvəlki məhkəmə sayaq onu qismən təqsirli sayıb cəzanı yüngül cəza ilə - iki aylıq islah işi ilə əvəz etdi. 

          Vəkil məkəmə zamanı birinci məhkəmənin gedişatına təkrar nəzər salınmasını da tələb etdi.. Lakin, məlum oldu ki, video yazılan həmin disk  yoxdur, yoxa çıxıb. Hər iki məhkəmədəki prokurorların və hakimlərin də Məliklə Elnarın“həmtayları” olmaları hamıya gün kimi aydın idi..

          Bir ilə yaxın dövr edən əsəb, sarsıntı Səbirədən izsiz ötmədi. Sinəsindəki ağrılar o qədər artdı, həkimə müayinəyə getməli oldu. Həkim buyurdu ki, təcili müalicə almalısan, yoxsa xəstəliyinin xərçəngə çevrilməsi qorxusu var.

          Səbirə baş verənləri düşünəndə anlaya bilmirdi: “niyə belə oldu? Pislikmi etdim? Allahın yaratdığına yazığım gəldi, insanlıq etdim, axırı nə oldu? Xəstəlik qazandım, necə deyərlər, qızınmadım istisinə, kor oldum tüstüsünə. Belə çıxır ki, Ədalət işə qarışmasaydı bu halallıqdan kənar, bizdən olmayan “şöklü Məliklər” Müslümü bildikləri kimi cəzalandıracaq, azdan-çoxdan pulunu da alacaqdılar. Kaş mən də onun kimi hüquqlarımı biləydim, qoymadılar vaxtında məni oxumağa. Qanunları bilsəm, yüz kişidən cəsarətli olaram”...

                                                                    ***

          Növbəti payız səhərlərinin birində günlərlə heç kimin yazığı gəlmədiyi yiyəsiz, baxımsız qalmış qara tüklü balaca camış balası yaxınlıqdakı su kanalına düşüb boğulub ölmüşdü.

          Tələf olan camış balası yox, insanlıq idi...

10.2024



 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)