Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - BİR QAZİNİN YARIMÇIQ GÜNDƏLİYİ (uzun hekayə)

AZAD QARADƏRƏLİ - BİR QAZİNİN YARIMÇIQ GÜNDƏLİYİ (uzun hekayə)

AZAD QARADƏRƏLİ - BİR QAZİNİN YARIMÇIQ GÜNDƏLİYİ (uzun hekayə)
Proza
admin
Müəllif:
21:59, 05 dekabr 2024
429
0
AZAD QARADƏRƏLİ - BİR QAZİNİN YARIMÇIQ GÜNDƏLİYİ (uzun hekayə)




                            ÜÇÜNCÜ HİSSƏ



                                     Hər bir ata istəyir ki, onun edə bilmədiklərini oğlu həyata keçirsin.

                                                                                                                                                 İ.Gote. 



    27 APREL. HOSPİTAL.

    Qəfəri daha bir əməliyyat üçün Türkiyəyə aparacaqlar. Onu yola salmaq üçün qucaqlaşanda qolum dəyir dostumun papağı başından yerə düşür. Bu, yadıma atamın papaq söhbətini salır. Gülümsünürəm... 

    ...Vətən şirin şeydir. Çox e, çox şirin... Nə təhərdi o mahnı? “Atadan, anadan, yar şirin olur...” Yalandı. Uydurmadı. Onu yazanı tutub aparasan o xarabalıqlara, erməni vəhşilərinin dağıtdığı o yerlərimizə... O yerlərimizə ki, dil açıb dillənir, “gəl məni qurtar” deyib nalə təpir... Bax onda adamın gözünə nə ata, nə ana, nə də o “atadan, anadan şirin” yar görünür...

    Mənim də atam vardı, anam vardı, yarım vardı... Bir gün qan sıçradı beynimə, durub atama, anama bir kəlmə demədən getdim hərbi komissarlığa. Özgə vaxt balkonlarının altını kəsdirdiyim, yağışda, qarda çölə çıxanda bircə dəfə üzünü görüm deyə gizlin-gizlin məhlələrində vaxt öldürdüyüm o yargilə də üz çevirmədən getdim...

    Başımda papağımı saxlaya bilməzdim getməsəydim. 

    Papaq demişkən, yadıma bir əcaib söhbət düşdü. Atam müəllimdir. Mənim də oxuduğum qaçqın məktəbimizdə dərs deyirdi. Sinif yoldaşlarımdan biri mənim papağımı başımdan götürüb ikinci mərtəbədən aşağı atmışdı. Gedib nə qədər axtarsam da, tapa bilmədim. Hirsimdən oturub ağladım. Bu zaman atam sinfə girdi. Mənim niyə ağladığımı soruşanda uşaqlar əhvalatı ona danışdılar və gülüşdülər.  Kişinin onsuz da qara olan sifəti İsmayıllı kömürü kimi qaraldı və az qaldı ki, mənə qoşulub ağlasın. Onu heç belə çarəsiz görməmişdim. Atam mənim gözümdə qəhrəman, qorxmaz kişi idi. Qaçqınlığa, məcburi köçkünlüyə baxmayaraq ailəmizi min cür çətinliyin içində toparlaya bilmiş, yox yerdən ev-eşik qurmuş, bu qaçqın məktəbin təşkilində zəhmət çəkmiş, biz balalarını həm o məktəbin hesabına yedirib-içirmiş, həm də orada oxutmuşdu. Atam həm də bir çoxları kimi tamahkir deyildi. Pulu olmayan uşaqlara pulsuz hazırlıq keçirdi. Mən belə ata ilə həmişə fəxr etmişdim. Bəs indi niyə birdən-birə belə əlacsız hala düşdü kişi? Bir papağa görəmi? Odur e, Həşimin marketinin yanındakı dükanda papaq doludur, gedib birini də alaram...

            -Papaq ki var, namusdu, qeyrətdi... Qədimlədə papaq üstdə adam öldürüblər... Amma indi... Bizim kişilikdən, qeyrətdən, namusdan danışmağa haqqımız yoxdur. Papaqdan danışmağa isə heç yoxdur... Biz papağımızı Qarabağda qoyub gəlmişik. Yaxşı eliyib atmısan onun papağını, ay bala... O papaq ki, var bizə haramdır... 

    

    HƏMİN GÜNÜN AXŞAMI. 

    Birinci Qarabağ Müharibəsinin qazisi olmuş bir həmkəndlimiz bu gün zəng vurmuşdu. O həm də el şairidir. Uca səslə qışqıra-qışqıra şeirlər deyərdi toylarda. Başıma gələnlərə görə təəssüfləndiyini bildirdi. Sonra dedi ki, amma nə olur-olsun, sən və sənin silah qardaşların qəhrəmansınız. Şəhid balalarımıza min rəhmət, sənin kimi qazilərin canı sağ olsun. Bax, ay oğul, sevinirəm ki, sizlər bizim xətalarımızı təkrarlamadınız... Düzdür, biz də sizin kimi qəhrəmancasına döyüşürdük, amma bizdə sizin dövr və sizdəki müasir silahlar çatışmırdı. Sən yaxşı kişinin oğlusan. Bizim səhvlərimizdən siz doğuldunuz. Səməndər quşu öz külündən doğan kimi! Yaşa, qəhrəman!..

    Nə yalan deyim? Çox qürurlandım. Hətta o dərəcədə ki, gözlərim yaşardı. Kişiyə təşəkkür edib ayağa qalxdım və idmana başladım. “Sənə qəhrəman deyirlər! Sən isə özünü miskin adam kimi aparırsan?! Olmaz belə. Bu torpağın üstündə qürurla gəzməyə haqqı olanlardansan sən. Adına-sanına layiq ol ki, səndən sonra gələnlər də buna layiq olsunlar...”


    ...GECƏ SAAT 12.00.

    Yata bilmirəm. O qazinin zəngi məni xeyli rahatlatsa da, özümdən asılı olmayaraq beynimi tərpədib, əsəblərim gərilib. Və gündəliyimdə aşağıdakı qeydlər yaranır.

    “Hospitalda oturub fikirləşməyə adamın vaxtı çox olur axı. Hərdən düşünürəm ki, bizim atalarımız Birinci Qarabağ savaşında niyə uduzdular? Bax elə bayaq zəng edən qazi harada xəta etmişdi, özü demişkən?

    Əlbəttə, bu sualın bir sıra cavabları var. Ölkəmiz təzəcə müstəqillik əldə etmişdi, ordumuz yox idi, olan da başıpozuq könüllü dəstələrdən ibarət idi, vahid rəhbərlik yox idi və sair və ilaxır.

    Amma bəzən səhvlər də ibrətamiz olur. İndi adını unutduğum bir müəllifin yazısından oxumuşdum bunları: süd çürüyəndə süddən bahalı yoğurta, yaxud ondan da bahalı kəsmiyə çevrilir. Üzüm turşuyanda üzümdən qat-qat bahalı şəraba dönür. Fleminq pensilini adi bir səhv* nəticəsində kəşf etmişdi. (Atamın orta məktəbdə bizə ingiliscə öyrətdiyi bir şotland pritça vardı. Şotlandiyanın Lokfayld əyalətində  yaşlı kəndli yağışlı havada bir oğlanın islanaraq yıxılıb qaldığını görür. Tez onu qaldırıb evinə gətirir. Əyin-başını dəyişdirir, yatağa uzadıb isti çay və şorba içizdirir. Bir neçə günə uşaq özünə gələndə varlı bir ailədən olduğunu bildirir. Ev sahibinin oğlu ilə xəstə uşaq dostlaşırlar.

    Oğlanın atası əhvalatı eşidib ora gəlir və kəndliyə bu yaxşılığı üçün böyük məbləğdə pul təklif edir. Laki kəndli pulu geri qaytararaq “hamı belə edərdi” deyir.

    Onda varlı adam deyir ki, görürəm ağıllı oğlun var. Onu ver mənə, aparım Londonda oğlumla bərabər oxudum, savadlı adam edim. 

    Kəndli razılaşır. 

    Kəndlinin oğlu bir sıra məşhur universitetlərdə təhsil alır. Sonda Oksfordda tədqiqatlar apararaq məşhur kəşfi olan pensilini elm aləminə təqdim edir. 

    Minlərlə insanı ölümdən qurtaran bu kəşf  oğlanı oxudan varlı adamın oğlunu da ağır xəstəlikdən xilas edir...

    O kəndlinin oğlu Nobel mükafatçısı Aleksandr Fleminq idi...)

             Hindistanı kəşf edəcəyini zənn edən Kolumb bir səhv qərarla daha böyük bir kəşf etdi – Amerikanın qapılarını dünyaynın üzünə açdı...

    Və atamdan eşitdiyim daha ibrətamiz bir hekayət: Şah İsmayıl Xətai İmam Hüseynin yanında uyuyan xristian Hürrün qəbrini açmaqla böyük bir xəta etmiş və özünə Xətai təxəllüsü götürərək Şah İsmayıldan daha şöhrətli şair Şah İsmayıl Xətai olmuşdu...

    Təəssüf ki, çox sevdiyim o məşhur misralar indi yadımda yaxşı qalmayıb. Təxminən belə olmalı idi:

    Xətai şah seyrə çıxdı açdı Hürrün məzarın,

    O gündən xətakaram, Xətaiyəm doğrusu...*


    Göründüyü kimi, insan səhvlərinin yetirməsidir. Biz də atalarımızın illər əvvəl buraxdıqları səhvlərdən dərs çıxardaraq 44 günlük Vətən Müharibəbizdə düşmənə ağır zərbələr endirdik və işğal altında olan iyirmi faiz torpaqlarımızı azad etdik. 


-----------------------------------------------------------------------

*Şotlandiyalı alim və həkim Aleksandr Fleminq laboratoriyada kimyəvi təcrübə apararkən təcrübə qabını yumağı unudur və bir neçə saat sonar geri dönərkən yuyulmamış qabın dibində kif göbələyi görür və onu müşahidə edərkən baxır ki, qabdakı bakteriayaların hamısı ölüb. O, necə bir kəşf etdiyini anlayaraq o kif göbələyinin suyunu elə ingiliscə “kif suyu” mənasını verən pensilium adlandırır ki, bu pereparat bəşəriyyətin ömrünü, təxminən 33 il uzatmış olur. Sonralar sənaye üsulu ilə istehsal olunan bu antibiotikin kəşfinə görə Fleminqə Nobel mükafatı verilir. (Müəllifin qeydi.)

*Həmin misralar belədir:

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,

Bari-ilahi, əfv qıl ki, tövbəkarəm doğrusu... 




    1 MAY. HOSPİTAL.

    Eh, haradan, haraya gəldik. Şükür sənə, xudaya! Bir zamanlar atamgil 1May bayramını keçirdərmişlər. Aşıqlar 28 aprelə, 1 maya mahnılar qoşarmış. Yadımdadır, atam dərsdə bunları bizə acı xatirə kimi danışardı:


    “28 aprel, 1 May günündə, 

    Aşıq Əhməd öz şeirini düzməyə gəlsin...


    Baxın, uşaqlar, yaltaq aşıqlar, yalançı şairlər işğal gününü bizə bayram kimi təqdim edir...”

    Və başlayırdı müstəqillik tariximizdən, Rəsulzadədən danışmağa...

    İndi 1 Maydır, amma bu barədə heç kim heç nə danışmır. Çünki bizə dəxli olmayan tarixdir. Şükür yaradana, indi bizim öz bayramımız – 28 Mayımız var...

    (Əlbəttə, 1 May dünya əməkçilərinin bayramıdır və mən bunu təkcə Sovet höküməti ilə əlaqələndirmək istəmirəm. Sadəcə, dünyanın bir parçası olsaq da, bizə hörmət etməyən dünyanın 1 Mayını biz də istəmirik. 30 il torpaqlarımız işğalda qaldı, dünya səsini çıxartmadı. Bəs biz niyə dünyanın 1Mayına qoşulmalıyıq. Məncə, biz özümüz olmalıyıq və bir az da özümüzü düşünməliyik. 44 günlük müharibə sübut etdi ki, bizim Türkiyə, türk dünyası və bir də qardaş Pakistandan başqa təəssübkeşimiz yoxdur. Ona görə də, özümüz olmalıyıq, vəssalam.)


    5 MAY, HOSPİTALIN HƏYƏTİ.

    Qəstillərlə həyətə çıxmışam. Əmim, anam və qardaşım gəlib. Nədənsə atam gəlməyib. Nə qədər soruşsam da, bir düz-əməlli söz eşitmədim kişi haqqında. Anam dilini sürüyür. “Bilmirsən, hazırlıqları var? Dərsə gedir... Gələn dəfə gələr... Bıy, yox e, gələn dəfə sən özün gələcəksən...”

    Əmim də harasa ayrı səmtə baxır, gözünü məndən qaçırdır.

    “Yaxşı, bəs axı niyə kişi mənə zəng eləmir?”

    Yenə qeyri-müəyyən cavab...

    Artıq şübhələrim özünü doğruldur, deyəsən. Mütləq atama nə isə olub? Allah eləməsin, kişinin başına bir iş gələr? Mən öz dərdimi çəkə bilmirəm... Ümid edirəm ki, allah bizim ailəni yeni imtahanla sınağa çəkməz...


    27 MAY. HOSPİTAL. 

    Atamın telefonunu yığıram. Uzun siqnal səsindən sonra anamın səsi eşidilir. Arvad mənim vəziyyətimi soruşmamış hansısa hadisədən danışır. Hiss edirəm ki, yola verir məni. Qışqırıram.

    “Ana, atam hanı?! Niyə o özü mənimlə danışmır?!”

    “Atanın dərsi var, yanında uşaqlar var...”

    “Ana, bu gün mayın 27-dir axı, nə dərs?! Atamı çağır!”

    “A bala, hazırlıq uşaqlarını deyirəm də...”

    Görüntülü yığıram. Atam gülümsünərək mənə əl edir. Telefonumun səsi xırıldayıb dayanır. Heç nə eşidilmir. Kişini gördüyümə görə bir az toxtasam da, kürkümə birə düşür, nənəm demişkən. 

    Yox, bizim evdə nələrsə baş verib. Düzdür, atamı gördüm, amma... Dayan, dayan. Kişi niyə oturmuş vəziyyətdə idi? Niyə danışmadı? Niyə?! Niyə?!

    Bu suallar məni az qala dəli edəcək...


    HƏMİN GÜNÜN AXŞAMI.

    Belə bir fikir var ki, insan millətini və mənsub olduğu ailəni seçmək iqtidarında deyil. Sən, sadəcə, o millətdən və o ailədən doğulursan. Deyim ki, mənsub olduğum Azərbaycan türkülüyüm və həmin ailədə doğulmağımla həmişə fəxr etmişəm. 

    Babam, atam, əmilərim, bibilərim... Hamısı, demək olar ki, ali təhsilli insanlardır. Bizim ailədə oxumayana pis baxarlar. Oxumaq, təhsilli olmaq, bilik qazanmaq bizim ailədə yaşam tərzidir. Bu baxımdan özümü xoşbəxt sayıram...

    Və təbii ki, məni bu dünyaya gətirən anam. Həyatımın mənası, sevincim, döyünən qəlbimin güc aldığı varlıq anamdır. O biz övladlarını ayrı bir ilhamla, ayrı bir sevgi ilə böyüdüb. Atam nə qədər qaraqabaq və sərt idisə, anam o qədər məsum və hərarətli idi. Şəxsən, mənim hərbiçi libasımın içərisində bir şair təbiətli adam hələ də varsa, bunun səbəbi anamdır...

    Düşünürəm ki, anam o fəryadla hospitala gələndə ürəyimə ritm, dizimə təpər, gözümə əlavə nur gətirdi. Atamın, babamın sözləri hospitalda məni inam bəxş etdisə, anamın qəmli fəryadı ayağa qalxmağıma səbəb oldu.

    Bu sətirləri yaza-yaza anama gileylənirəm: atama niyə demirsən mənə zəng etsin?

    Onun səsi üçün darıxmışam axı...


     28 MAY.

    Bu gün haqqında ayrıca yazmaq istərdim. Bir az əvvəl dediyim kimi insan milliyyətini və ailəsini özü seçə bilmir. Mən türk millətinə mənsub olmağımla fəxr edirəm. Məhəmməd Əmin Rəsulzadəni tanıyana qədər özümə çox sual vermişdim: Amerikanın Ruzvelti, Almaniyanın Adenauru, Fnsanın Şarl de Qolu olub, bəs bizim  xalqın bu tipli rəhbəri kim olub? Əlbəttə, Rəsulzadə haqqında oxuyanda çox sevindim. Atamda Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə” adlı kitabı vardı və mən onu sevə-sevə oxuyub başa çıxdım, sonra bir neçə gün özümü çox xoşbəxt hiss etdim. Çünki başa düşdüm ki, axtardığım adam bu imiş. Onun çoxlu sayda məqalələri, xüsusən “Əsrimizin Səyavuşu” əsəri az qala məni hərbçi olmaq fikrindən döndərib tarixçi edəcəkdi. Atam deyəndə ki, tarixçi ilə hərbçi eyni kökdən olandırlar... sadəcə, tarixçi keçmişi öyrənir, hərbçi isə gələcəyi yaradır, bir daha əmin oldum ki, düz yoldayam – mən gələcəyə daha çox bağlıyam...

    Amma gələcək də keçmiş üzərində bərqərardır. Keçmişimizə, bu günü bizə bəxş edən cümhuriyyətçilərə, xüsusən Rəsulzadəyə hərbçi salamı ilə gündəliyin bu sətirlərini bitirirəm.

    Cümhuriyyət aşiqlərinin ruhu şad olsun!

    (Bu hospitalda yatanda, anladım ki, mən, əslində həyata ikinci dəfə gəlmiş kimiyəm. O mina tək bir ayağımı deyil, bütün bədənimi məhv edər, məni öldürə bilərdi. Demək, filankəsin anası namaz üstəymiş ifadəsi mənə də aiddir. Düzdür, anam namaz qılmır, amma o həmişə dua edər, övladlarına, ailəsinə allahdan yardım istəyərdi... Əməliyyatdan sağ çıxandan sonra bir neçə əhd eləmişəm. Birincisini artıq yazmışam: Ağoğlan məbədində qurban kəsəcəyəm... 

            İkincisi də bir ziyarətgahla bağlıdır: Zəngilandakı Vejnəli qızıl mədəninin yaxınlığında qədim bir pir var – Xanazur piri*. Adından da göründüyü kimi, o pirin tarixi lap qədim zamanlara gedib çıxır. Buralarda sərhədçi kimi çalışanda neçə dəfə pirə baş çəkmiş, xeyli yüngülləşmişdim – inanıram ki, bu sətirləri oxuyan kəslər məni xurafatçılıqda təqsirləndirməyəcəklər. Çünki o pirdəki qəbirdə yatanın baş daşısında ad, soyad ərəb əlifbası ilə yazılsa da, əminəm ki, bu, xalqın önəmli adamlarından biri olmuş hansısa sərkərdənin məzarıdır. Belə şəxsin məzarı başında bir zabit kimi qarovulda dayanır tək durmaq bu torpaqların azad olunmasında iştirak etmiş bir döyüşçü olaraq məndə fəxarət duyğusu yaradırdısa, o biri tərəfdən rahatlıq bəxş edirdi.

    Üçüncü arzum isə böyük Rəsulzadəyə aiddir. Ayağa qalxım, müstəqil həyata dönüm, işləyim, pul qazanım, əvvəlcə Novxanıya gedib ailəmlə birgə o kişinin heykəli önünə tər çiçəklər düzəcəyəm... Sonra isə Ankaraya getmək, Məhəmmədəmin bəyin məzarını ziyarət etmək kimi bir arzum daha var...)


    30 MAY. HOSPİTAL.

    Yanıma iş yoldaşlarım gəlib. İçlərində döyüş dostlarım, bizim rayondan olanlar da var. Deyir, gülür, zarafatlaşırıq. Rayonumuzdan olanı qırağa çəkirəm. 

    “Mən artıq sağalmışam. Gözləyirəm ki, protez yazsınlar. Bir neçə günə evə getməliyəm. Evə yazacaqlar deyə sənnən bir söz soruşacam: atamla bağlı nəsə eşitməmisən ki? Kişi neçə vaxtdır mənə zəng eləmir? Çox nigaranam onnan...”

    Bizimlə qonşu kənddən olsa da, atamla hərdən görüşürdü onun atası. Bir-birilərinin xeyir-şərindən qalmazdılar. Oğlan sualı eşidən kimi birtəhər olur. Əlini çiynimə qoyub gülmüsəməyə çalışır:

    “Atana nə olasıdı, yaşlı adamdır... Min cür işi-gücü var... Sən özünə bax...”


-----------------------------------------------------------------------------------------------------

*Xanazur Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında qədim pir-abidədir. Bu abidənin tarixi adından da göründüyü kimi çox qədim zamanlara dayanır. Hesab edirəm ki, abidə ölkəmizin ərazisində yaşamış xristian albanların qıbçaq-oğuz birləşmələri ilə qaynayıb-qarışdığı dönəmlərə aiddir. Bu ərazilərin “Dədə Qorqud” dastanları ilə sıx bağlı olduğunu nəzərə alsaq ( dastanda “Qarşı yatan Qaradağ” kimi anılan Güney Azərbaycanın Qaradağ dağları bura ilə üz-üzədir, dastanda adı ayrıca keçən Qaradərə yaşayış məntəqəsi bu abidənin 7-8 kilometrliyindədir, Bəsit çayı – Basatın çayı, Razdərə - Aruzdərə, Qapıcıq – Qapıcıq dağı, Qarqulu – Qorqulu və s. kimi toponimlər bu yerlərdə yetərincədir), Xanazur sözünün dastandakı Xan Salur (Salur Qazan xan) sözü ilə eyni olduğu qənaətinə gələ bilərik. Deməli, bu abidə təkcə adi pir deyil, həm də bizi “Kitabi-Dədə Qorqud” dastanları ilə bağlayan bir mühüm tarixi mənbədir. İşğal zamanı abidə haylar tərəfindən dağıdılsa da, 44 günlük azadlıq savaşımızdan sonra xeyirxah insanlar tərəfindən bərpa edilmişdir.(Müəllifin qeydi.)




    Nədənsə oğlanın sözü məni bir az rahatladır. Doğrudan e, mən də son zamanlar lap vasvası olub getmişəm. Atamdı də, nə sevgisini bildirər, nə nifrətini... Qaraqabaq, azdanışan, yüz sözün birinə cavab verən... İngilis dili müəllimlərinin çoxunda var bu xüsusiyyət. İngilis soyuqqanlılığı... Hə, mən lap çox şişirtdim bu atamın mənə zəng etməməsini... Tək mənəm dərdi? Min cür dərdi-səri var. Ağsaqqal adamdı, toyu var, yası var... Bizim kənd də rayonun üçüncü yaşayış məntəqəsidi, biri ölür, biri doğulur, biri toy eləyir, birinin uşağı ali məktəbə girir – kişi gərək bunların hamısına çatdırsın özünü... 

    Yaxşı, bəs bu oğlan mənim sualımı eşidəndə niyə birtəhər oldu?..

    Bilmirəm. Başımı itirmişəm tamam. Yəqin bu faciədən sonra əməliyyatlar zamanı aldığım narkozların təsirindəndir...

    Döyüş dostlarımdan biri Hadrutla Cəbrayılın arasında yerləşən kənddə çıxartdığımız şəbədədən danışır, uğunub gedirik. 

    Onları yola salandan sonra həmin kənddə olanları yenidən gözüm önündə canlandırmağa çalışıram...

    ... Təəssüf ki, kəndin adını unutmuşam, orada dayanası olduq. Çox irəli getdiyimizə görə, arxa qüvvələrin də gəlib bizə yetişməsini gözləməli idik. Bizdən də öndə olan piyada hissələri ilə birləşib kəndin bütün cəhətlərində mövqe tutduq. Təxminən, iki saatacan vaxtımız vardı. Ağır döyüşdən sonra dincəlmək üçün yaxşı fürsət idi. 

    Kimsə gəlib dedi ki, təndir tapıb bir həyətdə və uşaqlar qərara gəldilər ki, təndiri yandırsınlar. Əsgərlərin biri tövlədən çəpiş, hinduşka da tapıb gətirdi və tez bir zamanda əla təndir kababı bişirdilər. Bir xaşa kartofu da təndirə tökdülər. Kartof kababının ətri ətrafa yayıldı. Piyadalarla birgə qırxa yaxın heyət üçün əla qonaqlıq oldu. Çörəklərimizi çıxardıb təndirin badına düzdük ki, isinsin. (Təndirin ən yuxarı oval hissəsinə nənəm bad deyərdi.)

    Həmid qulağıma pıçıldadı ki, komandir, qarşıdakı evin zirzəmisindən böyük çəlləkdə çaxır tapmışıq. İcazə ver, Hadrutun alınması uğrunda qələbəmizi qeyd edək. Əlbəttə, bildirdim ki, qeyd edək, amma bir şərtlə: artıq hərəkət olmasın.

    Bir az sonra biri vedrənin arxasında çalır, başqa birisi isə boğazının zil yerinə salıb oxuyurdu. Piyadalardan kimsə evlərin birindən gitara tapıb gətirdi. Əməlli-başlı konsert oldu. Həmid isə meyxana deyir, hamı ona səs verirdi:


    Hadurutdan Cəbrayıla yol gedir,

    Təndirimdə kababımız bol gedir,

    Neftçidən Ararata beş nol gedir,

    Sən ki, yol çəkirdin, 

                                        noldu Paşinyan?!

    Qaçdı, g...ün qılın

            yoldu Paşinyan!!!

    Nooldu, Paşinyan, nooldu, Paşinyan?!


    Sonra uşaqlar qol götürüb oynamağa başladılar. Dünənki qan-qada tamam unudulmuş, yaralarından qan damanlar belə ortaya çıxıb oxuyur, oynayırdılar. 

    Ürəyimdə dedim ki, ay allah, bu gənclərin hamısının arxasıncan dikilən gözlər var. Sən erməniyə ağıl ver, torpaqlarımızdan çıxıb getsin, nə onlardan, nə bizdən ölüm-itim olmasın.

    Mənim ürəyimdən belə fikirlər keçdiyi yerdə bir alazan raketi uluya-ulaya gəlib bir xeyli aralıda partladı, PDM-lərdən biri alışdı. Yaxşı ki, içərisində heç kim yox idi. 

    Əmr etdim ki, yaxşı, həvəsdi, bəsdi! Hər kəs öz mövqeyinə!

    “Konsert” başa çatdı. Qarşıda isə bizi daha böyük “konsert” – Cəbrayılın alınması uğrunda ağır döyüş gözləyirdi.

    

    HƏMİN GÜNÜN GECƏSİ VƏ SƏHƏRİ

    Hamı yatıb. Təkcə mən yata bilmirəm. Saat ikiyə qalır. Gözümü yumsam da, yuxum yoxdur. Hardansa qəribə bir olay gəlib gözümün önündən keçir. Əslində, “gözümün önündən keçir” demək doğru deyil, ona görə ki, gözüm qapalıdır axı. Deməli, yaddaşımda canlanır...

    ...Mən yatmışammı, narkozun təsirindən huşumu itirmişəmmi, yaxud komadayammı, kəsdirə bilmirəm. Kimsə başımın üstündə dayanıb çox qəmli-qəmli sızıldayır. Nə dediyini başa düşmürəm. Amma səs doğma səsdir. Bu sızıltı iliyiməcən işləyir. “Allahım... Allahım... Nə olar... Allahım... Mənimmmmm............” ardını başa düşmürəm. Sonra başımın üstündə duran adamın addım səslərini eşidirəm. Addım səsləri gah çarpayımın başında, gah ayağında eşidilir. O duaya bənzəyən iniltili sözlərini söyləyə-söyləyə çarpayımın ətrafında fırlanır sanki. 

    Səhər reaminasiya şöbəsində gözlərimi açanda başımın üstündə atamı görürəm. İstəyirəm soruşam ki, dünən burada bir nəfər vardı, dua oxuyurdu, o kim idi? Amma indi hiss edirəm ki, nitqim yoxdur. Niyə? Axı mən minaya düşəndən sonra ayılanda özüm telefonumla zəng edib başıma gələnləri hərbi hissəyə xəbər vermişdim? Bəs indi niyı danışa bilmirəm.

    “Danışacaqsınız... Olur belə şeylər... İki ağır əməliyyat keçirmisiniz... Yəqin narkozdandır...” – tibb bacısının səsidir. 

    “Hə, oğlum, mütləq danışacaqsan! İnşallah danışacaqsan... Ayağa qalxacaqsan mütləq... İndi isə yat, yat ki, güc toplaya biləsən...” 

    O sədir. Gecəki səs. İnildəyə-inildəyə dua oxuyan səs... Atam imiş. Dedim axı, çox doğma səs idi... Amma... Bəs... Axı... Niyə bir yerdə durmur, elə hey çarpayımın gah başında, gah ayağında olurdu o səsin sahibi? Niyə? Burda nə sirr var?

    Özündən soruşa bilmərəm... Yox e, soruşa bilmirəm... Nitqim yoxdu axı...

    ...Bu sualın cavabını düz bir ay sonra biləcəm. Atam haqqında suallara cavab axtarmaq üçün mənə baxan tibb bacısından da soruşmuşdum atamı... Onun gözləri dolmuş, bir az doluxsunan təhər olmuş və demişdi:

    -Gözəl atanız var... Siz ikinci dəfə əməliyyat olunanda gecə səhərəcən yatmadı. Elə hey sizin çarpayınızın başına fırlanırdı. Əvvəl elə bildim ki, yerində dayana blmir, amma bir az diqqət edəndə anladım ki, yox, o sizin başınıza dolanır, dolandıqca da deyirdi:

    “Allahım, mən yaşadığımı yaşamışam, mənim övladım gəncdir... Ey gözəl allahım, bilirsiniz ki, mən Sovet vaxtı ateizm-filan keçsəm də, heç vaxt sizin varlığınıza şəkk-şübhə eləməmişəm... Allahım, bu oğlumun qada-bəlasın mənə ver, oğlum bu ağır yataqdan qalxsın, danışsın, yerisin, gülsün, danışsın, həyatını yaşasın. Eyyyyy gözəl allahım, onun bir ayağı yoxdur, olmasın, amma qalan dərdlərini mənə yüklə, ay sənin cəlalına şükürlər olsun...”

    İnanırsınız, tibb otağına gedib hönkür-hönkür ağladım...

    Xoşbəxt adamsınız, o cür gözəl atanız var...”

    ...Bu gündəliyi yazmağımın bir səbəbi də, bax bu əhvalat idi...


    1 İYUN. HOSPİTAL.

    Hə, mənim yatdığım hospital el arasında Papanin deyilən yerdə yerləşən Mərkəzi Hərbi Klinik Hospital deyil. Bu, Sərhəd Qoşunlarının hospitalıdır.

           Hələ də hərbiçiyəm, hələ də tərxis olunma sənədini almamışam. Demək, zabitəm. Yaxud istefada olan mayor... Sadəcə dəqiq ünvan yazmıram. Biz hərbçilərdə məxfilik deyilən bir şey var ki, ömrümüzün sonunacan o sirr qorunur. 

    Demək, mənim bütün əməliyyatlarımı Türkiyədən gəlmiş bir albay həkimlə bizim Bakı hərbi hospitalının tanınmış cərrahı birgə aparıblar. İkinci əməliyyat ona görə lazim olub ki, mənim nitqim yox imiş. Hansısa toxumam zədələndiyindən danışa bilmirmişəm. Həmin türk həkim Amerikada praktika keçmiş toxuma üzrə mütəxəssis imiş. Əməliyyat zamanı deyirmiş ki, belə oğulları olan Vətən bəxtəvərdir. O, düşmən gülləsinə can verməyibsə, heç onun namərdcəsinə basdırdığı mina qəlpəsinə də can verməz. Həm sağalacaq, həm də danışacaq...

    Əməliyyatdan üç gün sonra mən gözlərimi açmış və albayı soruşmuşam. Bizim hospitalın baş həkimi dərhal ona zəng etmiş, votsap üzərindən danışmışıq.

    “Nasılsınız, kahraman?”

    “Yaxşıyam. Sağ olun... Mən... Mən sizə təşəkkür etmək istəyirəm...”

    “Yahşı, yahşı! Çoh sevindim! Bən bilirdim ki, sənin durumun düzelecek. Babana da selam söyle. O da çok qorkuyordu... Ama daha qorku yok...”

    Gözlərim doldu. Həkimim belə atamın necə narahat olduğunu anlayıb. Bəs bu kişi məni niyə burada atıb gedib?! Mən axı həmişə onnan ilham almışam. Niyə, ata, niyə?! Niyə mənim gözümü yolda qoymusan?!”


    2 İYUN. HOSPİTAL.

    Nənəm yadıma düşüb. Qəribə söhbətləri vardı. Biz oğul nəvələrini çox istəyərdi. Sevəndə “oğul balam Vətən çəpəridi” deyərdi. Mən çəpər sözünün mənasını bildiyimdən (Sabunçudakı evimizin qabağındakı kiçik həyətimizi atam taxtalarla, məftillərlə hasara almışdı və özü o hasara çəpər deyirdi) gülərək soruşardım:

    -Ay nənə, adam da çəpər olar?

    -Olar, a bala, olar. “Oğlum oğul olsun, kol dibi evim olsun” deyiblər. Yaxşı oğul kolun dibini də ev-eşiyə çevirər... Allah o günnəri eləməsin, oğul doğulanda əsgər kimi doğulur, a bala...

    Heç yadımdan çıxmaz. Bir dəfə üzü üstə yatmışdım. Nənəm gəlib arxası üstdə çevirdi. Acıqlandı mənə:

    -Bir də ürəyinin üstündə yatma! Ürəyin sıxılar, köksün daralar... Yaxşı iyidin gərək ürəyi möhkəm olsun!

    Sonralar hərbi məktəbdə oxuyanda da, hərbçi kimi çalışanda da, ən əsas da 44 güblük Vətən müharibəsi zamanı anladım nənəmin dediklərini... Hərbçinin, hər şeydən öncə, gərək sağlam ürəyi olsun. Axı bəzən saatlarla dərə-təpədə yol gedir, düşmənin arxasına sızırdıq. Buna dözmək üçün sağlam ürək lazımdır. Hərbçi ürəyi...

    Sevdiyim bir mahnı var e, belə misraları var: “Yaşa məhəbbətim, yaşa ürəyim...”

    Nənəmin ruhu şad olsun...


    SAAT 15.00 ƏRƏFƏSİ

    “Radələri” sözündən acığım gəlir. Ona görə ərəfəsi yazdım.

    Qəsdilləri qoltuğuma taxıb, çətinliklə olsa da, həyətə düşmüşəm. Bir az gəzmək istəyirəm. Gör neçə vaxtdır bayır görmürəm?! Zəif Bakı küləyi əsir və sanki mənim bədənimə toxunub ətimi çimçəşdirir. Özümü qəribə hiss edirəm: sanki yeni doğulmuş körpəyəm.

    Bir az aralıda yaşlı bir kişi bellə nə isə çala qazır. Onun qazdığı çalaya baxanda gözüm qaralır. Sanki qocanın bir terrorçu olduğunu, bu dəqiqə o çalaya mina basdıracağını düşünüb diksinir, qışqırmaqdan özümü güclə saxlayıram.

    Bu dəm qoca bir mənə, bir də qoltuğumdakı qəsdillərə baxıb, “gəl, yaxına gəl, bu şitili sən qoy çalaya; çinar şitilidir, yolun bir də bura düşməsin, amma düşərsə, gəlib boyunu sevərsən, bu ağacı mən əkmişəm deyərsən.”

    Bircə anda əhvalım dəyişir. Bayaqdan gözümə türrorçu kimi görünən qoca indi müdrik bir ağsaqqala çevrilir. Yaxınlaşıb şitili alıram, qəstilə söykənərək çalaya qoyuram. Sonra qəstilin ucu ilə torpağı eşib çalaya tökməyə çalışıram. Bu vaxt qoca bellə çalaya torpaq doldurur, sonra yanındakı su qabından su da töküb deyir:

    -Şükür kərəminə, xudaya! Torpağımızı düşmannan azad eliyən bir qəhrəmannan bu gün ağac əkdim... Məni bu şəhərdə öldümə, ey yerin-göyün sahibi, bu qazinin azad elədiyi o dədə torpağımda bu şitil kimi torpağa basdırılmağı qismət elə!  Amin!

    Gözlərim dolur. Heyf ki, tək ayağım və bu şoqərib qəsdillər imkan vermir, yoxsa bu qocanı qucaqlayıb bağrıma basardım...

    Hosbitalın həyətindəki ağaclara qulluq edən o qaçqın qocadan ayrılanda hiss edirəm ki, yorulmuşam...

    Qarşıdakı skamyaların birində əyləşib dərindən nəfəs alıram...

    ...Dərin çala... O çalaya qoyduğum şitil birdəncə dönüb bayaqkı adam olur və qollarından, çiynindən, qaş-gözündən, qulağından, burnundan, hətta gözlərindən tumurcuqlar çıxır, sonra tumurcuq yarpaqlayır, az sonra çiçək də açmağa başlayır. Ağac-adam yarpaqladıqca, çiçəklədikcə gülümsünür. Baxıram ki, onun yanındakı digər ağaclar da ünnəşib gülüşürlər. Əvvəl elə bilirəm ki, mənə gülürlər, amma sonra anlayıram ki, ağaclar bu adam-ağaca gülür, adamın ağaca çevrilməsinə sevinirlər. Əl atıb adam-ağacın əlindən tuturam ki, çəkib düşdüyü çaladan çıxardam. O məni çəkib yanında qazılmış çalaya salır və ətrafımı torpaqlayır. İstəyirəm deyəm ki, mənim bir ayağım yoxdur axı, tək ayaqla burada necə bitəcəm? Ağac-adam gülümsünür:”Hələ bax, gör ayağın o sahat bitdi, kök atdı, dərinə işlədi. Qorxma, çubuq qələm atılan yerdən cucuqlayar, kök atar. Sənin ayağın da elə torpağa çatan kimi kök atdı, bitdi torpaqda.”

    Baxıram ki, həqiqətən kəsik ayağım yerinə gəlmiş, torpaqda bitib övc eləmişdir. Qışqırmaq, bağırmaq istəyirəm: “Eheeeeyyyy! Mənim ayağım bitişib, məni kamsavat eləməyin! Mənim ayağım yerinə qayıdıb!..”

    (Bu “komsavat” sözü də bizim nəslin leksikonundan deyil. Biz Avropa dillərindən və Türkiyə türkcəsindən sözlər işlətsək də ruscadan keçən sözləri işlətməyi sevmirik, daha doğrusu heç o sözləri bilmirik axı. Bu da atamın tez-tez işlətdiyi kəlmədir. “Filankəs oğlunu rüşvətlə komsavat elətdirdi ordudan”, “Müharibənin qızğın vaxtlarında şəhid xəbərləri gələn kimi filankəs əsgərlikdəki gədəsini komsavat elətdirib Avropaya qaçırtdı” və sair.)

    Özüm öz səsimə mürgüdən oyanıram. Bir az aralıda anası ilə söhbətləşən üzü sarıqlı əsgər təəccüblə mənə baxır: “Cənab mayor, nəsə kömək lazımdır?”

    Başımı bulayıb, qəstilləri qoltuğuma alır, bu əcaib yuxunu başımdan atmaq üçün ayağa qalxır, palataya tələsirəm...


    HƏMİN GÜNÜN AXŞAMI. HOSPİTAL.

    Müharibə güclünün gücsüzü məhv etmə sənətidir. 

    Amma həm də müharibə ağılla və ağıllı silahlarla qalib gəlmə sənətidir.

    Hərb tarixindən məlumdur ki, sayla yox, səylə qalib gəlinir.

    300 spartalının  zəfəri buna yaxşı sübutdur.

    Elə Spartakın ağılla düşməni məğlub etməsi.

    Hələ Troya atı!

    Bizim Hadrutda 20 nəfərlə qat-qat üstün olan düşməni darmadağın etməyimiz də buna yaxşı nümunə ola bilər.

    Bizim kənddən olan Vətən Müharibəsi Qəhrəmanı kapitan Surxay Noçiyevin döyüşçülərinin Şuşa şəhərindəki möhtəşəm gedişləri, kanatlarla dağlardan aşaraq düşməni ansızca mühasirəyə alıb məhv etməsi hərb tarixində uzun zaman öyrəniləcək taktiki gedişlərdəndir.

    Ali Hərbi məktəbdə bir müəllimimiz vardı. Dərslərdə ortaya  döyüş situasiyası qoyur və oradan çıxmağın yollarını bizə axtardırdı. Onun təbirincə, hərbçi döyüş zamanı asanlıqla ölməməli, ən azı düşmənin 20-30 adamını öldürəndən sonra can verməlidir. Amma yox, o düşünürdü ki, sən bir daha doğulmayacaqsan və buna görə də mümkün qədər ölməməlisən. Bəs belə vəziyyətdə nə etməli?

    Müəllimimiz düşünürdü ki, bu situasiyanın formatı yenidənyaranmadır. Bəli, bəli, düz eşitdiniz: yenidənyaranma!

    İnsan bir dəfə ata-ana tərəfindən bu dünyaya gətirilir, daha doğrusu yaradılır. Sonralar onun inkişafı üçün bir sıra cəhdlər olur: orta məktəbdə oxuyur, ali məktəb illəri, iş şəraiti və sair. Bu dönəmlərdəki insanın həyatına edilən müdaxilələr onun yarandığı gündən gəldiyi məqama əlavələrdir...

    Lakin bir də var insanın həyatında xüsusi bir dönəm – insan həmin anda yenidən doğulur, yenidən yaradılır... Əlbəttə, bu hamıya nəsib olan şey deyil. Adam var ki, heç bir dəfə doğulduğu məqamı sonacan doğru-dürüst başa vura bilmir, daha onun ikinci dəfə, yaxud yenidəndoğulmasına nə hacət?

    Demək, seçmə adamlara aiddir bu hal.

    Zənnimcə, mənim minaya düşməyim həyatımın sonu ola bilərdi, lakin əksinə ikinci dəfə doğulmağıma vəsilə oldu, daha doğrusu, yenidən doğuldum...

    Mən qarşınızdakı bu gündəlikfason qeydlərimdə həyatımın ikinci mərhələsindən bəhs etməyə çalışmışam...

    Axı o mərhələ hələ ki, davam edir və düşünürəm ki, hələ uzun sürəcək...

    Hə, əziz dostlar! 

    Həyatımın yeni dönəmində görüşənədək!


            ***


     SON TARİXDƏN ƏVVƏLKİ TARİX. HOSPİTAL. Bu gün mənimçün sınaq günü oldu. Çox uzun adı olan protezlərlə bağlı reblitasiya mərkəzinə getdim. Həmin mərkəzin saytında belə tanışlıq yazısı vardı ki, cümlələr çox rəsmi olsa da, diqqətimi çəkdi:

         “Vətən müharibəsində qazanılan böyük qələbənin səbəbkarları olan qəhrəmanlarımıza dövlət tərəfindən daim diqqət və qayğı, hərtərəfli dəstək göstərilir. Bu istiqamətdə onların məşğulluğunun təmin edilməsi, şəhid ailələrinə ev, birdəfəlik yardımlar və avtomobillərin verilməsi bu qəbildəndir. Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrinin daim qayğısına qalır. Döyüşlərdə yaralanıb xaricdə müalicəyə ehtiyacı olan hərbçilərimiz Türkiyəyə göndərilib, onların müalicəsi üçün digər ölkələrdən mütəxəssislər dəvət olunub, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib. Hazırda da bu proses davam etməkdədir. 

Vətən müharibəsindən keçən  dövrdə qazilərin protezlərlə təminatını Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi həyata keçirir.”

    Həkim müşayəti ilə mərkəzdə olarkən ayağıma uyğun protezlə təmin olundum. Orada protezlə davranış qaydalarını izah etdilər.

    Deyim ki, az müddətdə protezlə yerimək vərdişinə yiyələndim. Əlbəttə, ilk vaxtlar çox çətin idi. Qorxudan ayaqlarım əsirdi. Amma bu hal tez keçdi və indi sərbəst gəzə və hətta maşın idarə edə bilirəm.

    Protezlə bağlı ikinci dəfə mərkəzə getməyim və bir jurnalistin mənimlə söhbəti yadıma düşdü. O jurnalistin yazısından parçaları burada da verəcəm. 

    Maraqlıdır ki, hərbçi kimi çalışdığım illərdə jurnalistlərlə təmasdan həmişə qaçmışam. İstər dinc dövrdə, istərsə də 44 günlük müharibə zamanı onlarla kontakta girməməyə çalışmışam. Səbəbini heç özüm də bilmirəm.

    Amma hospitalda olduğum zaman və sonrakı dövrlərdə birdən-birə jurnalistlərə marağım artdı. Sanki onların yolunu gözləyirdim. Çox istəyirdim ki, haqqımda yazsınlar. Bu, artıq intensiv dərman qəbulu ilə əlaqəli idimi, yaxud insani baxımdan zəiflik əlaməti idi, bilmirəm. Onu bilirəm ki, jurnalistələrlə söhbət xoşuma gəlir. Hətta onların haqqımda yazdıqları beş sətirlik yazını belə kəsib saxlayıram...

    İndi yuxarıda dediyim məqalədən parçaları bura köçürdürəm.

    “Bu mərkəz protezlərin hazırlanması ilə yanaşı, qazilərin təkrar müayinəsi və protezlərin dəyişdirilməsi xidmətini də göstərir. Giriş qapısının yaxınlığındakı otaqda həkimlərin əlillərə protez taxmağa hazırlaşdığını müşahidə etdik. Öyrəndik ki, müayinə otağında olan iki pasiyent Vətən müharibəsi iştirakçısıdır. Həm prosesi izləmək, həm də ilk olaraq onlarla həmsöhbət olmaq üçün otağa daxil olduq. Yüksək texnologiyalı protezlə təmin olunan mayor protezin yoxlanışı üçün mərkəzə gəlmişdi. 17 ildir hərbi sahədə çalışan zabit sağ ayağının dizdən aşağı hissəsini itirsə də, protezlə təminatı sayəsində sevdiyi sahədən belə ayrı düşməyib.

            Hərbi xidmət dövrünü əsasən ön xətdə çəkən mayor deyir ki, Füzuli rayonunda leytenant, baş leytenant rütbələrində xidmət edib. Taqım və bölük komandiri, taborun qərargah rəisi vəzifələrində çalışıb. 44 günlük Vətən müharibəsində Horadiz, Hadrut uğrunda gedən döyüşlərdə düşmənin atdığı minaatan nəticəsində qəlpə yaraları alıb, amma döyüşü davam etdirib. Daha sonra xidmətini 2021-ci ilin fevral ayından Dövlət Sərhəd Xidmətində davam etdirməyə başlayıb. Zəngilanın Vejnəli, Ağbənd kəndlərində xidmət keçən mayor 2022-ci ilin aprel ayında Vejnəli kəndində döyüş tapşırığını yerinə yetirərkən minaya düşüb. Dövlət Sərhəd Xidmətinin Hospitalında müalicə aldıqdan sonra əlillik qrupu təyin olunan hərbçi bu mərkəzə müraciət edib.

           Qazinin dediklərindən: “On gün müayinələrdən sonra protezlə təmin olundum. Hazırda normal hərəkət edirəm, heç bir problem yoxdur. Uyğunlaşmaq üçün məzuniyyətdəyəm, yenidən xidmətimə qayıdacam. Protez  fəaliyyətimə mane olmur. Həkimlər daim nəzarətdə saxlayır, lazım olduqda müayinədən keçirirlər.”

           Onun dik duruşu, məğrurluğu, az müddətdə protezə uyğunlaşması, xidmətinə tez qayıtmaq istəyi açıq-aydın sezilirdi. Fiziki fəaliyyəti yüksək səviyyədə bərpa olunan cəsur hərbçi hətta avtomobili də rahatlıqla idarə edir. Bu, qazimizin şəxsi əzmi və iradəsinin, fiziki gücünün göstəricisi olmaqla bərabər, həm də Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin qazilərimizə göstərdiyi yüksək xidmətin nümunəsidir. O, düşünür ki, adaptasiya mərhələsi insanın özündən asılıdır və istədiyi halda daha tez ayağa qalxa bilir.”


    SON TARİX. SABUNÇU QƏSƏBƏSİ, MUSABƏYOV KÜÇƏSİNDƏKİ ATA EVİ.

    İnsan qəribə məxluqdur. Gözü doymur bu dünyadan. O boyda İskəndər öləndə vəsiyyət etmişdi ki, əlimin birini tabutdan çöldə qoyun. Mənası da budur ki, az qala bütün dünyanı fəth elədim, amma torpaqdan gözüm doymadı. Bütün hərbçilərdə var bu keyfiyyət. İnanırsınız, işğaldakı torpaqlarımızı tam surətdə azad etdikdən sonra yerimizdə dayana bilmirdik. İrəli, yalnız irəli şütümək istəyirdik...

    (Yox, xahiş edirəm, mənim bu fikirlərimi  hayların işğalçılıq hərisliyi ilə qarışdırmayın. Cəmi ikicə yüz il əvvələ getsək, görəcəyik ki, nə İrəvanda, nə Zəngəzurda, ümumən bütün indiki Ermənistan respublikasının ərazislərində erməni deyilən millət və onlara aid torpaqlar olmayıb. Əvvala, erməni kəlməsini təssüf ki, onlara biz demişik. Onlar özlərinə hay deyiblər və yenə də deyirlər. Özlərini hay, respublikalarını da Hayestan adlandırırlar. Hətta bizim də adımızı onlar düz deyirlər: tork!

    Ay qardaş, hər hansı erməni ilə dialoqa girsən, ilk sualı belə olacaq sənə: “Hayes, türküs?” (Yəni ermənisən, türksən?”)

    Müharibə isterikası vardı bir çoxumuzda. Hətta sappasağlam adamlar tanıyırdım ki, müharibədən sonra psixi pozğunluq keçirdi. Bəzilərinin ailəsi dağıldı, bəziləri iş yerini itirdi. Özünü yandıranlar, başqa intihar növü ilə canına qəsd edənlər oldu. Bilmirəm, mənim həyatım hara varacaqdı...

    Əgər minaya düşməsəydim, yəqin ki, həyatımda hər hansısa dəyişiklik baş verəcəkdi...

    Baxmayaraq ki, biz qalib ordunun əsgərləri idik, 44 günlük müharibənin şoku hamımızda dərin iz buraxmışdı...

    Minadan sonra...

    Bu barədə heç danışmaq istəmirəm...

    “Necə oldu minaya tək sən düşdün?” – bu sualı tez-tez verirlər mənə. Cavab yuxarıdakı yazdıqlarımdadır. Bir yerdə dayana bilməmək, daim irəliyə getmək, hiperaktivlik... Müharibədən sonra hamımızda, bütün hərbçilərdə belə bir hiss vardı. Biz hələ yaxşıyıq, yenə hərbçi kimi işimizi davam etdiririk və içimizdəki narahatlığı bu yolla sakitləşdiririk. Müharibədən sonra ordudan tərxis olunub adi həyata qayıdanların işi daha çətindir. Onlar evdə, ailədə, işdə adamlarla yola getmir, ucadan danışır, yeri gəldi-gəlmədi diqqət tələb edirlər. Əlbəttə, haqlıdırlar. Amma deməliyəm ki, biz ölümdən dönsək də, qazi kimi dövlət və xalq qayğısı az-çox var və biz buna qane olmalıyıq. Axı ölkəmiz müharibədən çıxıb, nə qədər dağıdılmış rayon, kəndlər var, insanların evləri yerlə-yeksan edilib. Bunların hamısına vəsait tələb olunur. Özü də saytları izləyirəm, sosial şəbəkədən baxıram, bizə Türkiyədən başqa real kömək edən bir dövlət yoxdur. Hətta Avropa və Amerika açıqca ermənilərin tərəfini tutur...

    Protezimin qırağında nədənsə çat əmələ gəlib və bu onun ayağıma rahat oturmasına mane olur. Bunun dəyişilməsi isə müddətə bağlıdır. Oturub gözləsəm, gərək işə getməyəm. (Hə, burasını yazmağı unutmuşam. İndi mən rəsmən istefada olsam da, Sərhəd Xidmətinin N saylı xüsusi məktəbində yuxarı sinif şagirdlərinin komandiriyəm. Onlara öz hərbi biliklərimi öyrədirəm.)

            Eşitdim ki, rayonumuzun deputatı bir tədbirdə olacaq. Ora getdim və uyğun şərait yaranan kimi ona yaxınlaşaraq vəziyyəti izah etməyə çalışdım. Sonra xahiş etdim ki, protezimin çatlamış hissəinin dəyişdirilməsində mənə yardımçı olsun. Gözləmədiyim halda deputat bildirdi ki, bu onun sahəsinə uyğun iş deyil, bununla ancaq hərbçilər məşqul olur və sair və ilaxır...

    Qardaşlar! İnanıram ki, mənim kimi səbrli bir adamın hansı hisslər keçirdiyini və necə dəliyə döndüyümü təsəvvür edirsiniz?! Nələr dediyimi, necə vəziyyətdə olduğumu qəti xatırlaya bilmirəm. Tək bildiyim odur ki, bu adamın yaxşı cavabını verdim...

    Dəimr yumruğun bir gün belə məmur və məmurkimilərin də başına enəcəyinə inanıram və ona görə də oğurluq edərkən deyil, Vətən qarşısında borcumu verərkən minaya düşdüyümü deməyim orada bir çoxlarının ürəyincə oldu. Və halal olsun rayon icra hakimiyyətinin başçısının xanım müavininə! Mənə yaxınlaşaraq bildirdi ki, mən sizinlə haracan desəniz, getməyə hazıram və inanıram ki, probleminiz həll olonacaq...

    Dediyi kimi etdi və problem də həll olundu... 

    Həəə... Belə...


    ...Evimizə gələndə ilk gözümün axtardığı atam oldu. Hamı məni qucaqlayır, ağlayan kim, gülən kim, şükür edən kim... Bəs atam? O hanı?

    -Atam hanı?! – deyib bağırıram.

    Adamlar aralanır, əlil arabasında əyləşmiş atam əlini qaldırır və mən özümü onun üstünə atıram...

    Atamın “əəəəə, oğğğğğ... oğlum...” kimi səslər çıxartmasından anlayıram vəziyyətini...

    Onun təkərli arabasını qucaqlayıb hönkür-hönkür ağlayıram. Atam əli ilə başımı sığallayıb göyü göstərir və gözləri dolur...

    Belə. Daha yazmağa bir şey qalmadı. 

    Evimizə, ailəmə, insult keçirərək ayaqlarını və üstəlik, nitqini itirən atama qovuşuram...

    Bu da son cümlə. İnsanın kimliyi doğuşdan alnına yazılmır, o gələcək həyatını genindən gələn kodla, ailəsindən, məktəbindən aldığı tərbiyə ilə özü cızır. 

    Lap filosofluq elədim sonda...

    Hər bir fərdin içində bir filosof yatır.

    Sadəcə, onu oyadan bir güc lazımdır. 

    Mənim içimdəki filosofu müharibə oyada bilməmişdi, amma mina oyatdı...

    Həmişə oyaq və ayıq olun.


                (davamı olacaq)

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)