Edebiyyat.az » Proza » Lətif Şüküroğlu - “Bir məhəllənin adamları” silsiləsindən

Lətif Şüküroğlu - “Bir məhəllənin adamları” silsiləsindən

Lətif Şüküroğlu - “Bir məhəllənin adamları” silsiləsindən
Proza
admin
Müəllif:
21:22, 24 fevral 2025
689
0
Lətif Şüküroğlu - “Bir məhəllənin adamları” silsiləsindən



Namaz kişinin qolları

İkinci hekayə 


Namaz kişi neçə illər idi bu bağa gəlir, buradakı skamyalardan birində oturub ötənlər barədə şirin xəyallara dalardı. Bu skamya, bu bağla bağlı o qədər xatirəsi vardı ki. Hər gün ciyər dolusu nəfəs aldığı, baxmaqdan doymadığı, gözlərini güldürən bu bağ ona “qaramat” adlandırdığı, cansıxıcı günləri də unutdurmuşdu. 

Bir vaxtlar bu bağın yerində köhnə, yaşlıların dediyi kimi, “Niqalaydan qalma”, tavanı adamın üstünə gələn, döşəmələri tamam çürümüş ikimərtəbəli bina vardı. Namaz kişinin məmur işlədiyi idarə həmin sınıq-sökük binanın birinci mərtəbəsində üç kiçik otaqda yerləşirdi. Binanın içi çölündən də bərbad halda idi. Otaqların darısqallığı bir yana, bir-birinə qarışmış kəskin rütubət, çürüntü qoxusu adamın ürəyini sıxır, başını gicəldirdi. Hələ bu nədir? Suvağı tökülmüş, nə rəngdə olduğu çoxdan unudulmuş divarların dibindən özlərinə yer açan kəsəyənlərin kəsif qoxusu yadına düşəndə Namaz kişinin indi də az qalır ödü ağzına gəlsin. O acı xatirənin bir ştrixi də neçə yerdən qopmuş döşəmədə üzə çıxan torpaq çalalar idi. İşçilərin, gəlib-gedənlərin bəziləri neçə yol o çalalarda büdrəyib yıxılmış, ayaqları burxulmuşdu. Axırda bütün döşəməni söküb çıxarmış, yerini qum-torpaqla doldurmuşdular. Bir sözlə, hər gün uçacağı gözlənilən o binada Namaz kişi də nə az, nə çox 16 il, özü demiş “cəhənnəm əzabına dözmüşdü”. 

Sonra o binanın uçurub idarələri hərəsini bir yerə köçürdülər və yerində də bu bağı saldılar. Necə deyərlər, biz tərəflərdə həmişə ağacları qırıb yerində bina tikməyiblər ki. Belə vaxtlar da olub, bağ-bağat, park salmaq üçün bir deyil, bəzən bir neçə köhnə, yararsız binanı həvəslə qurban veriblər. Daha çox da ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərdə rayonlarda birtipli layihələrlə mərkəzlər salınanda bu praktika geniş yayılmışdı. Nəticəsi də həm gələcək şəhərlərin əsası qoyulur, həm də ölkənin müxtəlif ərazilərində yaşayış məntəqələrində yaşıl ərazilər yaradılırdı. O bağların, parkları hesabına qəsəbələr, kiçik şəhərlər gözəlləşir, göz oxşayırdı. 

Mətləbdən çox uzaqlaşmayaq. Həmin bağ salınanda bizim tərəflərdən də çox adamın öldüyü, itkin düşdüyü o qanlı müharibə hələ təzə bitmişdi. 1940-cu illərin axırları olardı. Namaz kişi sonralar həsrətini çox çəkdiyi o bağın salınmasında camaat elliklə iştirak etmişdi. Ancaq bağa səbrlə qulluq edib onu seçmə ağaclarla zənginləşdirən, körpə tinglərin böyüyüb qol-budaq atmasında ən çox əziyyət çəkən o olmuşdu. Ona görə hərdən yaşıdları zarafatla, “az bu ağacların yan-yörəsinə fırlan, görən deyər Namaz adamlara yovuşmadığından mehrini ağaclara salıb. Yoxsa, onlara aşiq olmusan?” O isə, doğrudan da, aşiq olmuşdu. Ağaclarla yanaşı, onların əkilməsində, böyüməsində çiyin-çiyinə çalışdığı Telliyə də. Onda Tellinin 17 yaşı yenicə tamam olmuşdu. Gözəlliyi göz oxşayan, yerişi-duruşu gözəl, gənc bir qızdı. Qıvraqlığına, işə-güc bacarığına da söz ola bilməzdi. Ağaclara elə həvəslə qulluq edirdi ki, tamaşasına iki göz gərəkdi. O da uzaqda deyildi və o gözlər çox vaxt ondan başqa heç kimi, heç nəyi görmürdü. Belə vaxtlarda yəqin həyatı qədər sevdiyi, bağlandığı ağaclar da Tellini qısqanır, ondan üz döndərirdilər. Bəxti onda gətirmişdi ki, küsən ağacların üzü Telliyə sarı dönürdü və bu məqamda baxışları toqquşurdu. Süleyman peyğəmbər quş dilini bilirdisə, Namaz da ağacların dilindən anlayırdı. Açıq-aydın eşidirdi ki, o yandakı akasiya qonşusuna nə pıçıldayır. Qarşıda papaq salan boyu ilə bağa xüsusi yaraşıq verən xan çinarın incik sözləri də qulağına çatırdı. Ancaq özünü o yerə qoymur, onun da iri gövdəsini tumarlayıb könlünü alırdı. Az qala ətrafda eşidiləcək tərzdə: 

 Ay etibarsızlar, indi dibinizi belləyim, gübrədən, sudan verim, görərik üzünüz kimə sarı dönəcək. Dünya belə qurulub, sizi qınamıram. Pişik də bilir kimdən tumar görəcək, ona yanaşır.

Bunu üzünü Telliyə çevirmiş ağaclara deyirdi. Bu sözləri eşidən Telli üzünü yana tutub qımışır, hərdən də düşünürdü ki, “belə getsə, bu Namazın ağlı yerindən oynayacaq”. Namazsa, öz havasında idi, guya ağaclarla danışırmış kimi, Telliyə çatası sözləri bir az da ucadan deyirdi. Əvvəllər Namazın atmacalarına, oğrun-oğrun onu süzməsinə məhəl qoymurdu. Ancaq sonralar bu atmacalara da, oğrun baxışlara da alışdı. Ağaclardan başlayan ünsiyyətləri çiçək-çiçək açdı, budaq-budaq böyüdü və bir də gördülər ki, tək olanda bir-biri üçün darıxırlar. Qərəz, yenə keçək nağıl dilinə. Bu bağın salındığı 4-5 ayda yad baxışlar doğmalaşdı və az sonra da elə isinişdi ki, gün, saat nədir, dəqiqəni ayrı qalanda özlərinə yer tapmadılar. Beləcə, daha bir neçə il keçdi. Həm iş, həm də görüş yerləri olan bu bağda vaxtın necə keçdiyindən, səhərin axşam olduğundan xəbər tutmadılar. Bağla birgə böyüyən sevgiləri bağı da gözəlləşdirdi, ağacların boyu təbii halından sanki bir az da ucaldı. Beləcə, bütövləşib ağac adam, adam ağac oldular. 

İndi Namaz kişinin boş qalan yerinə yanğı ilə baxdığı o skamyada da ilk dəfə qoşa oturmuşdular. Elə o oturan, bu oturan. Xəbər Telligilin evlərinə necə çatmışdısa, cavan-comrul qohumları az qaldılar Namazı əkdiyi ağaclarla birgə daş-qalaq eləsinlər. Ancaq yaxşı ki, hirsləri 2-3 günə soyudu, ağsaqqal-ağbirçək öyüd-nəsihətinə yatdılar. Başqa necə olmalı idi, bir qız bir oğlanın deyildimi? O gündən üzüksüz-nişansız Tellini Namazın deyiklisi, adlısı bildilər.

Bu bağla bağlı qədər xatirələri var ki, bitib-tükənən deyil. Hələ rəhmətlik dostları, tanışları ilə birgə keçirdikləri günlər. İndi haradadı onlar. Bu bağ elə bil görüş yerləri idi. Dostlar bir-birini axtaranda buraya gələrdilər. Bağın salındığı ilk ildə tikilmiş çayxanada oturub pürrəngi çaydan asta-asta içər, dərdləşərdilər. Əsas mövzu, söz-söhbətlərinin əvvəli, axırı dost-tanışın çoxunun geri dönmədiyi müharibə, o qanlı-qadalı illərlə bağlı olurdu. Müxtəlif cəbhələrdə ağır döyüşlərin şahidlərinin, arxada, min bir əziyyət çəkənlərin xatirələri bitib tükənmək bilmirdi. Söz-sözü, söhbət-söhbəti çəkərdi. Bir də ayılardılar ki, toran vurub, mal-heyvanın örüşdən dönən vaxtıdır. Yaşın bu vədəsində oğul-uşağı da nigaran qoymaq istəmir, evə tələsirdilər.

Az qala yadımdan çıxmışdı. Yad torpaqlarda ölən, itkin düşən yaşıdlardan söz düşəndə bir-iki kəlmə kəsib susardılar. Danışmağa istənilən qədər sözləri olsa da, saatlarla lal-dinməz oturar, sanki talesiz dostlara yas saxlayar, beləcə yad edərdilər. Həmin anlarda ürəklərindən nələr keçdiyi hamısına yaxşı məlum idi. O vaxt ölüm-itim adi hal alsa da, ard-arda gələn qara xəbərlərə hamı alışa bilmirdi. Daha çox da yetim qalan uşaqlar, böyük külfəti təkbaşına dolandırmağa məcbur olan qadınlar, dost itkisi yaşayanlar üçün ağır idi. Ancaq sonralar vaxtsız ölüm-itimlərə, ac-yalavac böyüyən yetimlərə, dul qalsalar da, başlarını dik tutan qadınlara, dost itkisinə də öyrəşdilər. Müharibə bitmişdi. Həyat yavaş-yavaş öz axarına düşür, əvvəlki məcrasına qayıdırdı. Əslində, o illər müharibədəkindən az ağır deyildi. Ancaq nə qədər olsa da, qan-qada yox idi, daha uzaq, yad torpaqlardan qara kağızlar gəlmirdi. Əvəzində tədricən də olsa üzlərə sevinc, gözlərə işıq qayıdırdı. Az sonra unutmaqda olduqları zarafatlar da əvvəlki dadı-duzu qalmasa da, geri dönmüşdü. Bir sözlə, həyat dəyişməyə başlamışdı.

... Namaz kişi yenə yuxusunu qarışdırmışdı. Son vaxtlar tez-tez yuxusuna gələn Telli arvad bu dəfə o bağa getmək nədir, heç o tərəfə baxmadı da. Dərd çəkdiyi üzündən aydın görünən qarısı onu elə qəzəblə süzürdü ki. 

 Nə olub, a Telli, a başına dönüm, niyə belə baxırsan, yoxsa bir günah işlətmişəm, bir kəlmə də olsa, dillən görüm”.

Telli arvad heç nə demədən əlini bağın yerləşdiyi əraziyə tuşladı. Namaz kişi başını o tərəfə çevirəndə gözlərinə inanmadı. O boyda bağın yerində üç-dörd ağac qalmışdı. Fasiləsiz işləyən iri buldozerlər nə isə qazıb tökür, maşınlar sağa-sola şütüyür, adamlar da eyni xaotik hərəkətlə ora-bura qaçışırdılar. Gördüklərindən ürəyi ağzına gələn Namaz kişi var gücü ilə bu, tikintimi, söküntümü, dağıntımı olduğu bilinməyən yerə, birgə saldıqları keçmiş bağa sarı qaçdı. Qan-tər içində həmin yerə çatar-çatmaz özünü növbəti ağacı aşırmağa çalışan texnikanın qabağına verib gücü çatdığı qədər qışqırdı:

 A bala, nə edirsən, bu ağacları niyə məhv edirsiniz, bu nə vəhşilikdir? Bu ağaclar mənim qollarımdır, ürəyimdir, həyatımdır, necə qıyırsınız bunlara. Dayanın, bir əl saxlayın görüm.

Cavan oğlan qocanın sözlərinə məhəl qoymadan nəhəng texnikanı onun üstünə sürdü. Güc-bəla özünü kənara atan Namaz kişi əvvəl önünü kəsdiyi xan çinarın da əvvəlki ağaclar kimi yanı üstə aşdığını, sonra öz qollarının da qırılıb xan çinarın üstünə düşdüyünü gördü. Nə sirr idisə, qolları kəsilsə də ağrı hiss etmədi, sadəcə, onların yerindən axan qanın lap yaxına gəlmiş Tellinin üst-başına töküldüyünü görəndə az qaldı ürəyi köksünü yarıb çıxsın. Tellinin gözlərindən artıq yaş əvəzinə qan axırdı və yenə onun üzünə elə dərdli-dərdli baxırdı ki. O anda qırılan ağaclar da, bərk-bərk xan çinara sarılmış qolları da Namaz kişinin umrunda deyildi, təki sevimli Tellisinin qanlı göz yaşları dayansın. Telli isə, “ay Namaz, ay Allah, bu nə dərddir”, deyə-deyə qeyb oldu.

Yuxudan hövlank qalxan Namaz kişi qan-tərin içindəydi. Boğazı elə tıxanmışdı ki, uşaqları çağırıb “bir qutum su gətirin” deyə də bilmədi. Bu vəziyyətdə bir xeyli qalandan sonra güc-bəla qalxıb əlləri titrəyə-titrəyə bir-iki qurtum su içdi, ancaq hələ də özünü taqətsiz hiss etdiyindən yenidən yatağa uzandı. Atasının səhər yeməyinə gec qaldığını görən oğlu otağa girəndə onun ağır nəfəs aldığını, özündə olmadığını görüb soruşdu:

 Yenə rəhmətlik anamı görmüsən, yoxsa, kim yuxuna girib ki, bu hala düşmüsən? 

Namaz kişidən səs çıxmadı. Onsuz da belə vəziyyətlərə alışmış oğlu məsələnin nə yerdə olduğunu anlamışdı. Ona görə də yaxınlaşıb kişinin başını sinəsinə sıxdı, sonra da qollarından qaldırıb, “gedək bir tikə çörək ye, gəlinin bəyəndiyin qaysava bişirib”, dedi.

Namaz kişi bir oğluna, bir də oğlunun qaldırdığı qollarına qərbə bir şəkildə baxıb, könülsüz də olsa, onun köməyi ilə yerindən durdu, əynini geyinib lap asta addımlarla otaqdan çıxdı. Bütün günü gördüyü yuxunun təsirindən çıxa bilməyən kişinin halı heç yaxşı deyildi. Ancaq oğlunun, gəlinin israrına baxmayaraq, “Həmidlə görüşməliyəm”, deyib tutdurdu və hamını narahat qoyub dostunu görməyə getdi. 

Yuxusunu danışmağa gəldiyi Həmid kişi də təzəcə nahar eləmişdi. Namazın qocalara görə erkən sayılan viziti dostunu narahat etmədi. Artıq belə şeylərə alışmışdı. Fikirləşdi ki, yəqin yenə yuxu görüb və ondan yozmasını istəyəcək.

 Nədir, yenə səhərin gözü acımamış üstümü kəsdirmisən?

 A kişi, nə səhər, bir  azdan günorta olacaq. Qoca yaşında səhərnən günortanın yerini də dəyişik salmısan. Bir də bu dəfə gördüklərim məni yaman təntitdi, ona görə bir az erağac gəldim ki, sənin fikrini də bilim. Bəlkə bir tədbir görməliyik?

 Hələ bir danış görüm nə məsələdir, tədbirlikdi, ya nədir, ona sora baxarıq. 

Həmid kişi dostuna axıracan səbrlə qulaq asdı. Bir az fikrə gedib, onun bu qəribə yuxuya verəcəyi izaha narahatlıqla gözləyən Namazı necə sakitləşdirəcəyini düşündü. Dostunun belə yuxularına öyrəşsə də, bu dəfəki, doğrudan da, əvvəlkilərə bənzəmirdi. Özü də maraq kəsilmişdi.

– Sənin yuxuların çox vaxt çin olur, qorx ki, o bağı kəsib doğrayalar. Onsuz da söz-söhbət gəzir ki, rayonda bəzi mədəni obyektlərin tikintisi üçün yer seçəcəklər. Görünür artıq seçiblər, sənə də agah olub. Qorxduğun başına gəlməsə yaxşıdır, dedi.

Bu sözlər dostunun da, özünün də narahatlığını nəinki azaltmadı, əksinə bir az da artırdı. Ancaq düz sözə nə deyəsən. Namaz kişi də, əslində, dostundan bu cavabı gözləyirdi. Heç nə demədən, təlaşı bir az da artmış halda gəldiyi kimi qayğılı vəziyyətdə evinə qayıtdı.

On gün keçmədi ki, Namaz kişinin yuxusu, doğrudan da, çin oldu. Bir neçə gün müxtəlif adamların əllərində yer ölçən alətlərlə bağda sağa-sola dolaşdığını, sonra da bağın hasara alındığını gördülər. Əksəriyyəti tanış olmayan bu adamların nə niyyətdə olduqları artıq şübhə doğurmasa da, qocalar onlardan nisbətən yaşlı olan birisinə yaxınlaşıb soruşmuşdular ki, “ay oğul, burada nə iş görüləcək”? Qımırından vəzifəli şəxs olduğu sezilən o adamsa, “ağsaqqal, burada gözəl bir mədəniyyət evi tikəcəyik. Yanında da siz veteranların istirahəti üçün bir-iki otaq olacaq. Gəlib gününüzü maraqlı keçirərsiniz, istirahət edərsiniz. Bu da olar hökumətin sizə töhfəsi”. 

Matı-qutu quruyan qocalar heç ağ-qara dinmədən uzaqlaşmış, sağ qalan bir-iki tay-tuşları ilə nə edəcəkləri barədə məsləhətləşmək qərarına gəlmişdilər. Onlar da bu işə çox məəttəl qalmış, bağı qorumaq üçün yubanmadan hərəkətə keçməyi lazım bilmişdilər. İlk görəcəkləri iş rayon rəhbərliyinin qəbuluna getmək və camaatın bu layihəyə etirazını çatdırmaq olmuşdu. Bəd ayaqda daha yuxarılara teleqram vuracaq, bağın qırılmasının qarşısını alacaqdılar. Beləcə, daha iki həftə keçdi. Və həmin məhşər günü gəlib çatdı. Yəqin dini mətnlərdə belə halda işlədilən cümlələri xatırladınız. Və dünyanın sonu gəldi. Ancaq bu balaca qəsəbədə yaşayanlar da bilməmiş deyildilər ki, hələ dünyanın sonuna çox qalıb, bəlkə heç ortası da deyildi. Baş bilənlərə, bu işdən fayda güdənlərə görə, dünyanın gözəl vaxtlarından biri də gəlib çatmışdı. Kimin nə dediyini, nə düşündüyünü yarğılamadan hekayəmizə qayıdaq. 

Artıq rayonda bir çoxunun “Namaz kişinin bağı” dediyi ərazidə ağac soyqırımı başlamışdı. Sübh tezdən qocalar özlərinə yer tapa bilmirdilər. Yenidən rayon rəhbərlərinin yanına gedərək bu soyqırımın, vəhşiliyin durdurulmasını bir də tələb etmək istəmişdilər. Ancaq özlərini daha ağıllı sayan övladları imkan verməmişdi. Bəzilərinin ifadələri daha sərt olmuşdu. “Görün başımıza oyun aça bilərsiniz. Gedib hansı cavabı aldınız ki, yenidən bu fikrə düşmüşünüz? Sizə nə var bağı qırırlar, ya qırmırlar. Şəxsi həyətinizdir, ya bağınızdır, qarışırsınız? Adama deməzlər sən kimsən, nə borcundur, hökumət bilər harada nə edir”. 

Təkcə Həmid kişinin nəvəsi Sadıq ahılların tərəfini tutmuş, demişdi ki, bəs Yaponiyada, lap elə Avropada bir ağac qırmağa görə adamları məsuliyyətə cəlb edirlər. Avropada yol, tikinti layihələri hazırlananda ərazidəki ağacları nəzərə alırlar. Elə edirlər ki, heç bir ağac zərər görmür. Ən uyğun variantlar tapılana qədər layihəni dəfələrlə dəyişirlər. Bizdə isə böyük bir bağı, çoxillik nadir ağacları, hətta hektarlarla meşəni qırıb-tökürlər heç kimin nə başı, nə də ürəyi ağrıyır. Elə bil hamının vicdanı susub. Özü də çox vaxt bu dəhşətli “qırğın”ları dövlət adından həyata keçirirlər. Bunu görən bəzi işbazlar da bir gecədə 30-40 ağacı qırıb-tökür, yerini də elə şumladır ki, sanki burada ağac nədir, heç kol da olmayıb.

Həmid kişi qəzəbindən, nəvəsinin bu təsəlliverici sözlərinə də məhəl qoymadı. Bayaqdan bəri ona ağıl qoyan oğlu isə nəvəsinin üstünə çımxırdı: 

– Sən də səsini kəs. Ağzını yava qoyub danışma. Savadlı, ağıllı çıxıb, bir şey olsa sabah mən cavab verməli olacam, sən yox.

Namaz kişi də, Həmid kişi də Yaponiyada, Avropada bağların qırılıb-qırılmadığından xəbərsiz idilər. Daha doğrusu, Həmid kişi Avropadakı bağları müharibə vaxtı ötəri də olsa görmüş, bir-ikisində gəzib-dolaşmışdı da. Ancaq bunların necə salındığını, necə qorunduğunu o da bilmirdi. Ağac qırmağa görə kimə nə cəza verildiyindən də xəbərləri yox idi. Ona görə də bu barədə qəti bir söz deyə bilməzdi. Ancaq onu dəqiq bilirdi ki, dədə-babadan heç bu yerlərdə də qurumayınca ağaca əl vurulmayıb, balta çalınmayıb. Ağac qır yox, ağac ək deyib dədə-babalar. Bir də Avropa bir yana, uzaq Yaponiya ilə onların nə işi. Hələ gəl ki, Namaz kişi üçün bu qırılanlar adi ağac deyil axı, hər birinin öz hekayəsi, öz tarixçəsi var. Onların hər biri ilə neçə xatirəsi bağlıdır. İndi sanki ağaclarla bərabər bu xatirələrin də hamısını yarpaq-yarpaq qırmış, budaq-budaq sındırmışdılar. Daha keçmişlə bağlı əllə tutulası, yanında dayanab sevincini, kədərini bölünəsi heç nə qalmamışdı. Keçmişi də yarpaq-yarpaq yolmuş, budaq-budaq doğramışdılar. Kökündən qoparılan hər ağacla onların ömürlərinin neçə-neçə ayı, ili yan üstə düşmüş, qol-budağı sınmışdı. Bununla sanki ümidləri kəsilmiş, yaşamaq istəkləri qırılmışdı. 

... Artıq nə bağ qalmışdı, nə də onun ən səfalı yerlərindən birinə qoyulmuş o tanış, doğma skamya. Bağın yerində Mədəniyyət sarayı, yanında da veteranların istirahəti üçün iki otaq tikilmişdi. Sonra bu iki otağa bir az əl gəzdirib çayxanaya çevirmiş və işlətmək üçün ömrü boyu ağac əkməyən birinə vermişdilər. Elə bil bu boyda rayon mərkəzində Mədəniyyət sarayı, ya çayxana tikmək üçün yer tapılmamışdı. Gərək bu bağı qırıb-çatıb yerində daş-divar ucaldaydılar. Düzdür, əsaslı bəhanə də tapılmışdı. Artıq bir neçə küçə böyüyən, iki-üç mərtəbəli yaşayış, yaraşıqlı inzibati binalar tikilmiş keçmiş qəsəbə, doğrudan da, xeyli dəyişmişdi. İndi onun statusu da artmış şəhər adı almışdı. Ancaq dərd orasında idi ki, o küçələrin, binaların da ilk qurbanları qocaman ağaclar, qəsəbənin evlərini illərlə qoynunda gizlədən yaşıllıqlar olmuşdu. Qırılan ağacların yerinə sonradan küçə boyu əkilən əndrabadi tinglərin (qocalar bu adı çoxu xarici ölkələrdən gətirilən tinglərə qoymuşdular) böyüməsi üçünsə, yəqin neçə illər lazım olacaqdı. Bizim tərəflərin torpağına, havasına, suyuna alışıb-alışmayacaqları da məlum deyildi. Və ən başlıcası da görəsən, həmin ağaclara baxanlar arasında heç olmasa bir nəfər Namaz kişi kimisi tapılacaqdımı? Kaş tapılaydı.

Ancaq yazıq Namaz kişi haradan biləydi ki, cəmi bir neçə il sonra qonşu saydıqları ermənilər onun yaşadığı rayonu da işğal edəcək və nəinki, bu ərazilərdəki ağacları tamam qırıb qurtaracaq, sevdiyi bağın yerində tikilən Mədəniyyət evini də şəhər qarışıq yerlə yeksan edəcəklər. Daha 6 rayonun ərazisi də onun doğma yurdu kimi büsbütün dağıdılacaq, daşı daş üstündə qalmayacaqdı. Vandalların məqsədli şəkildə xarabazara çevirdiyi torpaqlarımızda ağac soyqırımı daha dəhşətli miqyaslar alacaq, bağ-bağat bir yana, bütöv yaşıl massivlər, hətta meşələr qırılıb talanacaqdı. Yaxşı ki, Namaz kişi o günləri görmədən, torpaqlarımıza erməni təcüvüzünün başlandığı ilk ildəcə bu dünyadan köçdü. Həmin ərazilər işğaldan qurtarıldıqdan sonra o yerlərə səfər edən yeganə oğlu çox ağır təəssüratla dönmüşdü. Şəhərdəki bütün hündür ağaclar doğranıb yandırıldığından torpaq sürüşməsi baş vermiş nəticədə rayon mərkəzi xeyli kiçilmişdi. Bu ürək ağrıdan mənzərəni görəndə oğlu ilk dəfə atasının ölümünə üzülməmişdi.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)