Edebiyyat.az » Proza » NƏCƏF ƏSGƏRZADƏ - HƏYATA TUTULA BİLMƏMƏK KƏMLİYİ (Azad Qaradərəlinin “Əllidən bir kəm” romanını oxuyarkən)

NƏCƏF ƏSGƏRZADƏ - HƏYATA TUTULA BİLMƏMƏK KƏMLİYİ (Azad Qaradərəlinin “Əllidən bir kəm” romanını oxuyarkən)

NƏCƏF ƏSGƏRZADƏ - HƏYATA TUTULA BİLMƏMƏK KƏMLİYİ (Azad Qaradərəlinin “Əllidən bir kəm” romanını oxuyarkən)
Proza
Necef Esgerzade
Müəllif:
22:13, 03 iyun 2019
2 197
0
 
Ömrün yarımçıqlığı. Həyatın davametmə müddətsizliyi. Yaşamağın çətinliyinin törətdiyi həyata tutula bilməmək kəmliyi.

İmir. Savadlı insan. İntellektual müəllim.
İmir. Şəhvət düşkünü. Vicdan natamamlığı.
İmir. Həqiqətləri yazmağa çalışmış gənc. Mübarizə aparmağa cəhd göstərmiş cəsarətli növcavan.
İmir. Cəmiyyət tərəfindən sındırılmış insan.
Onu ilk dəfə nənəsi, sonra anası sındırır fahişəlik etməklə. Sonra onu məktəbdə yoldaşları, müəllimləri sındırır. Amma İmir təslim olmaq istəmir. Daha çox çalışır. Mübarizə aparır. Fəqət taleyin ona biçdiyi bədbəxtlik saçan həyat torundan qurtula bilmir.
Məsud Əlioğlunun intiharı haqqında yazdığı sensasiyalı məqalə onun işini daha da dolaşığa salır. Üzərinə gələn böyük və güclü kütlə qarşısında mübarizə ruhunu itirən İmir geriyə addım atmağa məcbur olur. Bütün qapıların onun üzünə bağlanacağını bildiyi üçün qarşısında açılan iki yoldan birini seçir. Uduzur. Məğlub olur. Qələbəyə inam hissini elə ilk qədəmlərini atdığı andan itirir yavaş-yavaş. İllərdi onu qarabaqara izləyən sındırılmış obrazı boyuna götürüb həyatını bundan sonra başqa cür yaşamağa qərar verir.
İmir. Onun biliyi, intellektual səviyyəsi çox olsa da xarakterinin yetəri qədər öz yerini bərkitməməsi ucbatından həyatda yerini tapmamış itirir. Xaraktersizlik onun əsl üzünü formalaşdırır. Xaraktersizlik onun etdiklərinə məna vermək anlamında bizə kömək edir. Xaraktersizlik ona pul, var-dövlət, mal-mülk qazandırır. Xaraktersizlik ona universitetdə müxtəlif qızlarla sevişmək şəraiti verir. Şərəf, ləyaqət, vicdan, düzgünlük hamısı yox olur xaratersizlik libasının içində. İstedad yavaş-yavaş tükənir xaraktersizlik tornadosunda.
İmir. Maşınla adını bilmədiyimiz bir rayondan üzü Bakı tərəfə gəlir. Həyəcanlıdır. Təlaşlı gözləri ilə yola baxır, həm də bir gözü arxada qalıb. Kimsə onu izləyir sanki. Sürəti artırır. Amma maşının İmirin istədiyi sürətlə getməməsi arxadan gələn naməlum maşının ona yaxınlaşmasını tezləşdirir. İmir söyür. İlk öncə onu izləyən maşını. Sonra isə söyür özünü. Söyür onu bu günə salanları. Söyür keçmişini. Söyür anasını. Söyür nənəsini. Söyür müəllimlərini. Söyür gəlib düşdüyü mühitin qəddar münasibətini. Söydükcə daha çox hirslənir. Söydükcə daha çox əsəbləşir. Gözü yolda olsa da, xəyali bir şəkildə keçmiş gəlib onun gözlərinin qarşısından keçir.
Gözlərinin qarşısından uşaqlığı keçir.
Gözlərinin qarşısından anası və nənəsi keçir.
Gözlərinin qarşısından məktəb yoldaşları keçir.
Gözlərinin qarşısından məktəb müəllimləri keçir.
Gözlərinin qarşısından universitet illəri keçir.
Gözlərinin qarşısından sevdiyi, hörmət etdiyi müəllimləri (İsmayıl Şıxlı, Məsud Əlioğlu) keçir.
Gözlərinin qarşısından tələbəlik dostları ( Rail, Tofiq Qəhrəmanov) keçir.
Gözlərinin qarşısından sevişdiyi qızlar keçir.
Gözlərinin qarşısından etdiyi səhvlər, törətdiyi vicdansızlıqlar keçir.
Gözlərinin qarşısından keçir, keçir, arxadan gələn maşın gəlib keçir. Rahatlıq keçir bir anlıq İmirin ürəyindən.
 
İmir kimdir?

İmir. O özünü Çingizxanla müqayisə edir. Pərəştiş etdiyi dahi şəxsiyyəti özünün kumirinə çevirən İmir ( təsadüfi deyil ki, əsər boyu yazıçı İmirin adına Çingiz ləqəbini də əlavə edir) dünya əhalisinin əsasən 11 kişidən törəndiyini, eləcə o insanlardan da ən birincisinin Çingizxan olmasını yazdığı məqaləsiylə sübuta yetirməyə çalışır( Hətta Çingizxanın çəkdiyi şəkli də onun dəftərində baxmaqla görmək olar) O özünü gələcək nəslin Çingizxanı sayır.
İmir. O özünü Adolf Hitler ilə müqayisə edir. Onun siyasi həyatından yox, şəxsi həyatından danışır. Onun qadınlarla etdiyi yaxınlıqlara aydınlıq gətirir. Onun qadınlara göstərdiyi münasibəti araşdırır. Onun qadınlara hansı hissləri yaşatdığını öyrənməyə cəhd edir. Onun ögey bacısı Angela Raubal (Celi) ilə aralarında baş verən münasibətlərə toxunur. (Celini gözündən kənarda tutmayan, bir otaqda bağlı saxlayan Hitleri Celi öz ölümü ilə cəzalandırmışdı). Onun Eva Braun ilə evlilik həyatına toxunur. Hitlerin Eva Braunun başına gətirdiyi hadisələri dəftərində qeyd edir.
 
İki pasionar şəxsiyyət arasında aralıq mövqedə yer tutan Stalinin əlaltısı olan şəxsin İmir həyatına sövq - təbii təsiri.

İmir. O Beriyadan yazır. Beriya ilə İmir arasında oxşarlıqlar var. Beriya bəyəndiyi qızları ələ keçirib, onlarla əylənir, sonra isə onları istifadə olunmuş salfetka kimi qırağa tullayır. Beriya azyaşlı uşaqlara meyl salır. İstəyini əvvəlcə yumşaqca, alınmayanda zorla həyata keçirir.
Beriyanın 62-ə yaxın qızla, qadınla münasibətini qeyd edən İmir həmçinin onun müsavat partiyasının üzvü kimi bolşeviklərlərin sirrini müsavatçılara çatdırmasını qeyd edir. Nağı bəy Şeyxzamanlının Türkiyəyə qaçmasına yardım edən Beriya Sovet höküməti yaranan kimi Stalinin ən yaxın adamına çevrilir. Plastirin kimi istənilən formaya düşən Beriya ilə İmir arasında sirli, bilinməyən əlaqələr zaman oxu ilə bir-birinə bağlanır sanki. İmir Beriyaya günlüyündə onun şəkliyini çizməyi ilə sevgisini izhar edir.

İndi söyləyin mənə, İmir daha çox kimə oxşayır.

1. Çingizxanamı?
2. Adolf Hitlerəmi?
3. Beriyamı?
 
Dəvə əməliyyatı.

Kimsə qışqırır sanki: "Dəvə əməliyyatı".
Gəlib ötür İmirin maşınını. İmir gözü ilə gördüyü şeylərə inansa da, qulağı ilə eşitdiyi səslərə inanmır. İnana bilmir.
Bu dəm yazıçı qollarını çirmələyib əsərə müdaxilə edir. İmir sükanı əldən zaman-zaman buraxsa da, yazıçı əsərinin idarə etməsini əldən buraxana oxşamır.
 
Yaşlı bir kişi ilə danışan yazıçı.
 
İmir yoldadır. Amma biz artıq İmiri yaddan çıxarırıq. Yazıçının nəql etdiyi məlumatları bir-bir qəbul etməyə və onu həzm etməyə başlayırıq.
Yazıçı yaşlı kişidən soruşur dəvələr haqqında. Onların yaşam tərzini öyrənir kişidən. Onların nə ilə qidalanmasını öyrənir kişidən. Onların qəribə, oxucuya məlum olmayan xüsusiyyətlərini öyrənir kişidən. Onların balalarını necə adlandırılmasını öyrənir kişidən.
Kişi deyir dəvələrin mayalanma vaxtı çatanda onların gözünə heç nə görünmür. Qızmış dəvədən nə qədər uzaq gəzsən özünə o qədər xeyir vermiş olarsan. Qızmış dəvə öz dişisini tapmayınca sakitləşə bilmir.
 
Maraqlıdır bu dəvə söhbəti oxuyucunun nəyinə lazımdır?

İmir yoldadır. Gözü isə arxadan onu qarabaqara izləyən maşında. İmir sürəti artırdıqca arxadan gələn maşın da onunla bərabər sürəti artırır.
İmir sanki erkək dəvədir. Arxadan gələn maşın isə dişi dəvə. İmir ondan qaçdıqca arxadakı maşın sanki daha da qızışır. Özündən çıxır.

Bəs bu qaçdı-qovdunun axırı necə olur?
 
Qoca kişinin qızmış dəvəsi bir nəfəri ayağının altına alıb öldürür. Kişini polislər çağırırlar ki, dəvəsini gəlib bir təhər ram etsin.

Bəs İmiri qabağına qatan bu maşını kim ram edəcək?

Həqiqəti bilmək, yoxsa həqiqəti yazmaq?
 
İmir. Onun qabağını həqiqəti yazmağına görə bağlamaq ilə təhdid edirdilər.

Həqiqət bilmək.

İmir həqiqəti bilir. İmir həqiqəti yazmağa cəhd edir. Həqiqəti yazmaq, həqiqəti bilməkdən çətindir.
İsmayıl Şıxlının İmirə verdiyi məsləhət həqiqəti gizlətməkdən daha çox, həqiqət ətrafında manevr etməyə hesablanmışdı. Amma ki, İmir bu deyilənləri qulaq ardına vurub başqa məsləhətlərə qulaq verməyi üstün tutunca onun inandığı həqiqət bulanmağa, rəngini dəyişməyə başladı. Necə ki, oxucu əsərin əvvəlində və zaman-zaman da əsərin ortalarında İmirin düzgün, saf insan olduğunu görür. Təəssüflər olsun ilk başdan onun üzərinə edilmiş yüngülvari həmlələrə dözüm gətirə bilməyən İmir Çingiz buqələmun kimi rəngdən-rəngə düşür.
Ruhu satılmış İmirin geriyə sadəcə bədənini qalır. Ruhu azad olmayan İmirin bədəni azadlığa can atır. Ürəyi(vicdanı) azad olmayan İmirin mədəsi (nəfsi) azad olmağa çalışır.
 
Qolları kəsilmiş heykəl. Afrodita

İmir. O kəsirdi. Öz qollarını deyil. Dərs dediyi auditoriyada iştirak edən tələbələri. Tələbələri təkcə kəssə yaxşı idi. O kəsməkdən də o yana keçirdi. Oğlanlar pul verməklə canını xilas edirdirsə, qızların bəxti heç gətirmirdi.
Burada İmir Çingizin yaraşığı, intellektual səviyyəsi də böyük rol oynayırdı. Hətta qızların bəzisi İmirin bu hərəkətində günahının olmamasını, günahın təkcə özlərində olduqlarını deyənlər də az deyildi.

Afrodita - sevgi mələyi. Afrodita - gözəllər kraliçası. Afrodita - şeytan cildinə girmiş qadın.

İmir. Onun əlləri qana bulaşıb. Onun qolları günaha batıb. Quşun qanadı qırılanda uça bilmir. İmirin yoldan çıxardığı, məcbur etdiyi qızların da qolları eynən quşun qanadı kimi qırılıb yanlarına düşür. Onların bu görkəmi Afroditanın heykəlini xatırladır sanki.
 
Allah öldü. Onu biz öldürdük.
 
Allah sanki ölüb. Və dünya başsız qalıb. Allah sanki ölüb. Və insanlar tək qalıb.
Allah sanki ölüb. Və cəmiyyət inancsız qalıb.
Allah sanki ölüb. Və məxluq sahibsiz qalıb.
Allahı Nitsşe deyil, göyə açılmış üç güllə öldürdü.
Allahı Nitsşe deyil, "Polit oddel" ləqəbli Axmed Axmedov öldürdü.
Allahı Nitsşe deyil, Zümürxanlının öz allahına sahib çıxmaması öldürdü.
Allahı Nitsşe deyil, həqiqəti itirən insanlar öldürdü.
Allahı Nitsşe deyil, öz ideologiyasını paltar dəyişən kimi dəyişənlər öldürdü.
Allahı Nitsşe deyil, vicdanını itirmiş şəxslər öldürdü( "Vicdan - Tanrının səsidir" Viktor Hüqo)
Allahı Nitşse deyil, biz öldürdük. Biz, sadəcə biz.
 
Ard- arda gələn zərbələr.
 
Məsud Əlioğlu intihar etdi. İmir bu xəbəri eşidən də dəliyə dönür. Həyat gözlərinin qarşısında qaranlıqlaşır. Vicdanlı insanlardan biri də həyatdan köçdü. Geriyə kim qaldı?
Tofiq Qəhrəmanov intihar etdi. İmir bu xəbəri eşidəndə ağlı başından çıxır. Özünə gələ bilmir. Dostunun həyatı sona çatdı. Geriyə kim qaldı?
Özü ölməli idi. İmir ölməli idi. Onların yerinə. Amma ki, necə deyirlər "pis insana heç nə olmur, nə olursa yaxşı insanın başına gəlir". Niyə?
 
Əllidən bir kəm.

Hüseyn Cavid. O, “Peyğəmbər” əsərini yazdı                                                                                                                        
Hüseyn Cavid. O, “İblis” əsərini yazdı.
Hüseyn Cavid. O, “Şeyx Sənan” əsərini yazdı.
Hüseyn Cavid. O, “Topal Teymur” əsərini yazdı.
Hüseyn Cavid. O, “Əllidən bir kəm” əsərini yazdı.
Hüseyn Cavid. O, "Əllidən bir kəm” əsərini bitirə bilmədi.
Hüseyn Cavid. O, gənc dostunun donmaması üçün “Əllidən bir kəm” əsərini yandırdı.
Hüseyn Cavid. O, “Əllidən bir kəm” əsərini yazılı formada bu günə çatdıra bilmədi.
Hüseyn Cavid. O, əsəri oxuduqca dostlarından biri əsəri əzbərlədi.
Hüseyn Cavid. O, həyatda yoxdur. Məsud Əlioğlu əsəri bərpa etməyə çalışır.
Hüseyn Cavid. O, həyatda yoxdur. Məsud Əlioğlu da həyatda yoxdur. Əsər bərpa oluna bilmir.
Hüseyn Cavid yox, Azad Qaradərəli. O, “Əllidən bir kəm” əsərini yazdı.
 
Yarımçıq ÖMÜR
Yarımçıq əsər
Əsərin yarımçıq adı.
 

Bütöv şəxsiyyət
Əyilməz dahi
Yolundan dönməz AYDIN.

 
İblisin yerini təyin edən
PEYĞƏMBƏR
KOMMUNİST olmayan
PANTÜRKİST.
 
Əhməd Cavadın dostu
Mikayıl Müşfiqin müəllimi.


İmir Çingiz-Hüseyn Cavid

İmir Çingiz Hüseyn Cavid olmaq istəyirdi
İmir Çingiz Hüseyn Cavid ola bilmədi.
İmir Çingiz ona görə Hüseyn Cavid ola bilmədi ki, onda xarakter çatışmırdı.                                                                                                                                                               İmir Çingiz ölümdən qorxurdu. Ona görə Hüseyn Cavidin yolunu getməkdən imtina etdi.
 
 …Ölümü müjdələyən maşın. Hamıdan qaça bilərsən öz vicdanından başqa.

Arxadan gələn maşının İmirindən əl çəkməyə niyyəti yoxdur. Vaxtaşırı maşını itirdiyinə sevinən, sonradan maşının yenidən peyda olmasıyla əhvalı korlanan İmir kimdən qaçır?
Vicdan. İmiri qarabaqara izləyən onun vicdanıdır. İnsan hara qaçırsa qaçsın, vicdanından qaça bilmir.
3 saatlıq zaman aralığında vicdanın ortadan yox olması ərəfələrində oxucu İmirin hansı peşə sahibi olmasını, həyatını necə yaşadığını, hansı əməllərini törətdiyini yazıçının nəql etdiyi araşdırma faktları əsasında öyrənməyə nail olur. Və İmir haqqında özü-özünə bir qərar çıxarmağa cəhdlər edir. Diqqətli olsaq görərik ki, yazıçı İmirin istedadını gözardı etmir. Əksinə onun yazıçı qabiliyyətini, intellektual bilik səviyyəsini yüksək qiymətləndirir. Onun bu kökə düşməsini İmirin uşaqlığında, anası və nənəsinin xaraktersizliyində, ümumi nəsil genefondunda axtarır.
Vicdanından qaça bilməyən İmirin həyatı yarı yolda qırılır. Nə az, nə çox, qırx doqquz yaşlı İmir gözlərinə əbədi yumur. Qırx doqquz?
 
Əllidən bir kəm. Əllidən bir say aşağı. Əlliyə bir il qalmış.

İmirdən geriyə nə bir əsər qalır.
İmirdən geriyə nə bir şeir qalır.
İmirdən geriyə nə bir yaxşı sayılacaq əməl qalır.
İmirdən geriyə nə bir intellektual, vicdanlı bir nəsil qalır.


İmirdən geriyə qalanlar onun istedadını havaya sovunmasına heyfslənənlərdir.                                                                                                                                                   İmirdən geriyə qalanlar onun yaraşığını sevənlərdir.
İmirdən geriyə qalanlar onun məhv edənlərdir.

İmirlər həyatda çoxdur. Hər gün bir neçəsi gözümüzün içinə baxa-baxa yanımızdan keçir.
İmirlər həyatda çoxdur. Yenə də onları məhv edənlər iş başındadır.


Onlar məhv olmağı seçiblər. Mən, sən, o, biz, siz İmir olmamalıyıq. Biz ayaqlarımızı yerə möhkəm basıb, gələcək üçün, gələcək nəsil üçün, vicdanlı, intellektual insanlar üçün çalışmalıyıq. Keçmişin səhvlərini təkrarlamadan, keçmişin səhvindən nəticə çıxararaq daha irəliyə getməyə can atmalıyıq.
 
Son səhifə. Allah dirildi. Ümidin ölümsüzlüyü.

Dirilmə. Allah dirilir.
İnsanlar. Onlar sevinir.
Çəkilmiş çizgi. Bu çizgini keçmək olmaz.
Ümid. O yenidən çiçəklənir.
Azadlıq. O çərçivə içində qalır.
 
Nə etməliyik indi?
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)