Elvin Rizvangil - Yazıçı və şizofreniya
Yazıçılıq nədir? Bir insan necə yazıçı ola bilər? Hər bir insan yazıçı ola bilərmi? Məsələn, sən energetika üzrə mühəndis, aktyor, rəssam, bəstəkar, rejissor, ssenarist olmaq istəyirsənsə, bu ixtisaslar üzrə təhsil ala bilərsən. Amma yazıçılığın, "Yaradıcılıq emalatxanalarını" çıxmaq şərti ilə, heç bir məktəbi yoxdur. Yazıçı olmaq qərarına hardan gəldim? Mən uşaq vaxtı rejissor olmaq istəyirdim və hər gün axşam saat 10:00-dan gecə 02:00-03:00-a qədər beynimdə bir film ssenarisi qurur, o filmi "çəkir"dim. Bəzən bu, hava işıqlanana qədər davam edirdi. Bu istək məndə 6 -cı sinifdə daha da artdı. Oxuduğum romanları beynimdə səhnələşdirir və hansı obraza hansı aktyoru çəkəcəyimi belə dəqiqləşdirirdim. Tale elə gətirdi ki, mənim rejissor olma arzum digər arzularım kimi həyata keçmədi və mən bir gün qərar verdim ki, beynimdə qurduğum həmin ssenariləri nəsr formasında qələmə alım. Yazıçılığın xüsusi istedad olduğuna heç vaxt inanmamışam.Yazıçılıq şizofreniya xəstəliyinin ən ağır formasıdır. Alt şüurun həmişə üst şüuru üstələməsidir. Bütün yazıçılar dərin depressiv olurlar və onlarda şəxsiyyət ikiləşməsi baş verir. Bu gün yaşayan, demək olar, ədəbiyyatda ciddi iz qoyan yazıçılarla şəxsi söhbətim zamanı mənə məlum oldu ki, onların uşaqlıqdan həyatlarında ciddi iz buraxan travmaları olmuş, arzuladıqları həyatı qələmə almış və olmaq istədikləri adamları əsərlərinin qəhramanı etmişlər. Yazıçıların əksəriyyətinin ünsiyyət problemi olubmuş. Məsələn, tanınmış yazıçı dostum Azər Qismət söhbət edirdi ki, o gec danışıb və 10 yaşına qədər nitqində qüsur olub. O bunu kompleks edib, ünsiyyətdən qaçaraq düşüncələrini yazıya alırmış. Gündəlik yazdığı bu yazılar onu püxtələşdirmişdir. Gənc yazıçı dostum Nemət Mətin isə deyir ki, Şərif Ağayar mənə deyirdi ki, hekayə yazma. "Öncə hekayənin yazılma texnikasını öyrən, sonra yaz" - deyirmiş. Nemət hər dəfə Kənan Hacıya hekayənin yazılma texnikası ilə bağlı sual versə də, o, sualı cavabsız qoyurmuş. Bir dəfə bezərək deyib ki, ay Nemət, bunun bir yolu yoxdur, sənə təsir edən hadisəyə bədiilik qataraq yaz. Amma çalış, bir cümlə də olsa, hər gün yaz. Bir gün mütləq alınacaq.
Yazıçılığın psixoloji pozuntu olduğuna Kənan Hacıdan müsahibə alanda tam əmin oldum. Deməli, Kənan Hacının 10 yaşı olanda evlərinin damına bir quş qonur. Daha doğrusu, elektrik məftilinə ilişir. Kənan onu xilas etmək istəsə də, anası icazə vermir və o bir hekayə yazır. Hekayənin 10 yaşlı qəhrəmanı elektrik naqilinə ilişən quşu xilas edir.
Travmaları və psixoloji problemləri olmayan insanlar nəsr yaza bilməzlər. Yazsalar belə, yazdıqları sünii alınacaqdır. Bir dəfə bir yazıçı dostuma dedim ki incimə, səndə nəsr alınmır, amma publisistikan möhtəşəmdir. Sonra məlum oldu ki, bu dostumun heç bir travması yoxdur və psixoloji durumu yerindədir. Sevgi hekayəsi yazır, qurudur. Bu dostum heç vaxt sevgilisinə hədiyyə almaq üçün bir gün karyerdə işləməyib. Həyatında hər şeyi qaydasında gedən adam yazıçı ola bilməz. Yazıçılığın ən gözəl tərifini Vaqif Nəsib söhbətimizin əsnasında vermişdi. Təxminən, belə bir cümlə idi: "Yazıçılıq bir insanın demək istədiklərini deyə bilməmək hissindən yaranır və həmin adam deyə bilmədiklərini yazıya köçürür". Bir dəfə dostumun toyunda tamada məni yazıçı olaraq təqdim edib mikrofonu mənə uzatdı. "Allah xoşbəxt etsin" deyib mikrofonu tamadaya uzadanda gülərək: "Elə bu?" deyəndə cavab verdim ki, əgər danışa bilsəydim, tamada olardım. Bu cavabım məclisdə zarafat kimi qəbul olunsa da, bir həqiqət idi.Əgər danışa bilsəydim, niyə yazıçı olum ki: tamada olub, gül kimi ölkəmizin ən gəlirli toy sənayesindən məndə öz payımı alardım.
Hekayə və roman yazmağın bir düsturu varmı?Əlbəttə, var. Ancaq bu düsturdan istifadə edib yazsanız belə, ortalığa quru bir mətn çıxacaq. Bunun düsturunu isə özüm kəşf etmişəm. Buna mənə gənclik illərimdə ictimai sektorda çalışmağım və bir neçə sosial layihələr həyata keçirməyim kömək olub. Layihələrdə belə bir quruluş var: problem, bu problemin həll yolları, yaratdığı risklər və nəticə. Bədii mətn də belə yazılmalıdır: Problem, problemin həlli və nəticə. Ancaq bunu bilmək Om qanununu fizikada tətbiq etməyə bənzəmir. Bunu etmək üçün siz şizofren olmalısınız: heç vaxt baş verməmiş bir hadisə uydurmalı və heç vaxt bu dünyada yaşamamış insanlar yaratmalı, onlara tale yazmalısınız.
Yazıçılıq tanrılıq idiaasıdır. Tanrılıq iddiasına düşən adam mütləq dəlidir!