Federiko Qarsia Lorkadan şeirlər (1898–1936)
MEMENTO
Öləndə –
siz məni çay qırağında
gitaramla qoşa basdırarsınız.
Öləndə...
o köhnə portağallıqda
bir gül ləçəyində siz məni yalnız.
Öləndə –
yelqovan olasıyam mən
küləkli gecələr bir dam belində.
Sükut...
mən öləndə!
GİTARA
Başlanır
gitaranın
yanıq-yanıq naləsi.
Çiliklənir, tökülür
səhərin piyaləsi.
Nalə çəkir gitara!
Ondan
sükut ummayın,
nahaqdan üz vurmayın –
çətin, çətin qurtara!
Nalə çəkir gitara!
Ağlayır arx boyunca
sellər ağlaşan kimi,
qarlı çöllər boyunca
yellər ağlaşan kimi...
Allahı sevərsiniz –
yalvarmayın o sussun!
Qürub o cür ağlayır
dan şəfəqindən ötrü,
O sayaq ağlayır ox –
hədəfdən ki yan ötdü!
Gün altda qovrulan qum
eləcə zulum-zulum,
eləcə için-için
ağlayır bir çiçəyin
sərin kölgəsi üçün!
İlan çalmış quşcuğaz
o cür
dünyadan köçür –
köçür sinəsi dağlı...
Ah, gitara, gitara –
beş amansız xəncərin
biçarə qurbanlığı!
Çevirəni Mahir N. Qarayev