Şəlalə Camaldan üç şeir
Daha yorulmuşam dava - dalaşdan,
Mənim müharibəm sənli də deyil...
Elə hey özümlə çıxdım savaşa,
Getdi cavanlığım, dönən də deyil...
Baxıram aynaya, gözüm qırışıb,
Qara saçlarım da dən görüb artıq...
Mən bu zamanadək kimlə yarışıb?
Demişəm ağ deyil, qaradı qatıq?..
İndi gəncliyimdən xəbər, ətər yox,
Vaxtsız qocalıq da inan ki, zaydır.
Ömründə xoş vədə görməyən kəsin,
Nə fərqi gəncliyi, ya qocalığı?!
Mənim arzularım qaldı o çağda,
İndi arzulasam mənə gülərlər.
Onda deyərdilər "uşaqdı qanmır",
İndi "ağlı gedib" deyərlər mənə...
***
Dünən körpə qızcığaz,
Bu gün anayam özüm.
Qardaşıma bacıyam,
Atam da mənə baxıb
Mənə "ay anam" deyir...
Atamın da anası
Elə mənim özüməm.
Onun gözündə körpə,
Həm də ağbirçəyəm mən.
Mənlə bölüşür dərdin
Mənlə bölüşür sərin.
Allah dərd, sər verməsin.
Körpəlikdən buyana,
Elə böyümüşəm ki...
Vallah nə yalan deyim
Uşaqlıq görməmişəm.
Anam çəkib nazımı
Anam böyüdüb məni.
İndi mən də anamın
Yollarını gedirəm.
Onun saçında ağ dən
Saçına qurban olum.
Mənim saçım qaradır.
Mən bu yaşda yoruldum.
***
O vaxtlar saçlarım vardı,
küləklər sığal çəkərdi,
yağış yuyardı onları,
Günəş qurudardı həmən...
O vaxtlar saçlarım vardı,
küləklərdə rəqs edərdi,
o yan, bu yan oynayardı,
hərdən bir də dolaşardı.
Rəngi də çox gözəl idi.
bir az kömür, bir az qonur,
bir az şabalıdı idi...
Saçım qısa deyildi
uzun idi...
canlı idi...
Bir gün hörərdim onları
bir gün açıq buraxardım...
işım - işım işıldayar
parıl - parıl parlayardı...
Qadın saçını kəsməsin,
kəsibsə bil, dərdi böyük,
indi dərdim çiynimə yük
Yoxdu daha o saçlarım,
nə bəzək var, nə də hörük...