Şahsənəm - Ezamiyyət
Proza
Şahsənəm - Ezamiyyət
“Bura nə qəribə yerdir belə?!” Sürücü donquldana donquldana yol idarəsinin həyətindəki dəstəyi sınmış kranı kəlbətinlə birtəhər burub açdı. Maşının yük yerində gəzdirdiyi vedrəni krandan su ilə doldurdu. Müdir içəridə yoxlamanı başa çatdırana kimi məşğuliyyət olsun deyə maşınını yumağa başladı. Əvvəl içini, sonra çölünü yuyub təmizlədi. Sonra kölgədə oturub siqaretini tüstülətdi. Yol idarəsinin sürücüləri onlar üçün ayrılmış otaqda oturub nərd vurur, pəncərədən Bakıdan yoxlamaya gəlmiş laboratoriya müdirinin sürücüsünün hərəkətlərini izləyirdilər. Bakılı sürücü isə öz işində idi. Maşınını yuyub kölgədə oturub siqaretini tüstülətməkdə idi. İkinci siqareti yeni yandırmışdı ki, müdiri kefi kök halda idarə binasından çıxdı.
- Hə, tatar balası, necəsən? Darıxmadın?
- Yox, niyə ki, maşını yuyub təmizlədim. Bakıya qayıdırıq? Ya otelə gedirik?
- Kəndə gedirik! Bura qədər gəlmişik, gedim atamı da görüm. Qabaqdakı dairədən sola dönəcəksən. Yol düz bizim kəndə gedir.
Rayon mərkəzindən çıxan yol əvvəl axar-baxarlı bir neçə kənddən keçdi. Çayın üzərindəki Nikolaydan qalma tək zolaqlı dar körpünü keçəndən sonra birdən yaşıllıq bitdi. Müdir “saxla” deyəndə bu düzün ortasında dayandıqlarına görə təəccüblənən sürücüyə müdir: “yolun soluna keç gör nə göstərəcəm” dedi.
- Alışqanın var? – müdir soruşdu.
- Var – deyib alışqanı müdirə uzatdı.
Müdir alışqanı yandırıb yolun kənarındakı bulağın suyuna tutanda təəccübü birə-beş artdı. Sudan alov qalxdı.
Müdir gözlərini qıyaraq gülümsündü.
- Gördüyün bu boz çöllərin adı Ceyrançöldür. Buralarda neft-qaz yataqları var. Bu bulaq kəşfiyyat quyusunun yerindən çıxır. Yanan su ilə bərabər çıxan qazdır. Nə vaxtsa Bakıda neft ehtiyatları bitəndə yəqin ki, buralarda buruqlar qazılacaq.
Kükürd iyi verən suda əllərini yuyub, yazın ortası olmasına rəğmən artıq bozarmış, daşlı-kəsəkli düzənlikdən üzü naməlum səmtə doğru irəliləməkdə davam etdilər. Növbəti kəndə çatanda müdir:
- Əsas yolla getsək yolumuz xeyli uzanır, bu kəndin içindən sahə yolu ilə kəsə getsək beş dəqiqəyə bizim kəndə çatarıq. Burdan sola dön. – dedi.
Asfalt yoldan kəndin çala-çökək yoluna dönən maşın özündən sonra toz-dumanı qaldıraraq irəlilədi. Elə bu dəm masının şüşələrini damcılar döyməyə başladı.
- Bərk sür tatar balası, bərk sür!
Kəndi çıxdılar, qəbristanlığı da ötdülər. Bir anda yağış elə gücləndi ki, şüşəsilən artıq çatdıra bilmirdi. Sahə yolu artıq islanmışdı. Getdikcə hərəkət çətinləşirdi. Və qəfil maşın palçığa batdı. Sürücü nə qədər qaza bassa da maşının təkərləri palçıqda fırlanır, yerindən tərpənə bilmirdi. Bu dəm yağış qəfil başladığı kimi qəfil də dayandı. Sürücü maşından düşüb ətrafa boylandı. Ətrafda inc-cins gözə dəymirdi. Yaxınlıqda ələ gələsi bir şey də yox idi ki, təkərlərin altına qoyub maşını palçıqdan çıxardaydı. Dərindən köksünü ötürüb bir siqaret yandırdı. Üzünü döndərib müdirə:
- Vay anasını... Biz bakılılar rayondan gələn tələbələrə siçan gəzən zirzəmilərimizi kirayə verib, pul qazandığımızı düşünürük. Siz kənddən çıxanlar o zirzəmilərdə gecə-gündüz oxuyub, yaxşı işlərdə işləyib bizlərin üstündə müdir olursunuz. Bakıda, hər bir imkanın içində doğulan mənə bax, yolsuz, palçığından keçilməz bu düzəngahda doğulan müdirimə bax!...
Müdir qıyıq gözlərini bir az da bərk qıyaraq gülməkdən uğunmuşdu...
Mövzuya uyğun linklər: