Edebiyyat.az » Proza » Nemət Mətin - Papaq (hekayə)

Nemət Mətin - Papaq (hekayə)

Nemət Mətin - Papaq (hekayə)
Proza
admin
Müəllif:
15:16, 16 yanvar 2022
1 476
0
Nemət Mətin - Papaq (hekayə)

                                                             

 



 Hündür, boz binaları biri-birinə bitişik tikiblər deyə Günəşi nə batanda, nə də çıxanda görə bilmirəm. Elə o səbəbdən ağaclar da insanlar kimi əvvəlki təravətini itirib. Onsuz da sovet dövründə yol boyu əkilmiş tək-tük ağac son illərini yaşayır. Heç olmasa ömrünün axırına yaxın digər canlılara təmənnasız oksigen verən ağaclar gün görərdi. Heç kimə lazım olmayan fikirlərimlə başımı qata-qata dayanacağa tərəf getdim. Dayanacaqda səhərin gözü açılmamış insanlar manatlıq taksi gözləyirdilər. Avtobusa minmək mümkün deyildi. Həm basabas idi, həm də marşrut xətti başqa kənddən keçdiyi üçün yol uzanırdı. Mən də digər insanlara qoşulub romantik filmlərdə olduğu kimi taksi sürücülərinə əl edirdim. Bu dəm ortaboylu, saqqalı kişinin uyğun yerdə dayanmadığını gördüm. Bir gözünə qara əski bağlamışdı deyə sol tərəfdən gələn avtobusu görmürdü. Əl atıb onu geri çəkməsəydim o dünyalıq olacaqdı. Arxaya dartılanda mənə dəydi və ikimiz də yerə sərildik. Ayağa qalxıb üzümə gülümsədi. Uzun-uzadı təşəkkürünü bildirib mənə qara sellofanda nəsə uzatdı. Birinci nə baş verdiyini anlamadım. Sonra onu xilas etdiyinə görə kiçik hədiyyə etdiyini deyərək gözdən itdi. Sellofanı dayanacaqda açmadım. Hamı gözünü zilləmişdi deyə utandım. Tez selofanı cibimə basıb oradan uzaqlaşdım. Yolda bir sakit guşə tapanda özümü ora verdim. Qara sellofanın içinə əlimi saldım. Papaq çıxdı. İstər-istəməz üzümdə təbəssüm yarandı. Nə alicənab insanmış. Qışın soyuğunda papağım olmadığını görüb. Papağı yenidən selofana qoyub yaxınlıqdakı poçt idarəsinə tələsdim.

 

                                                                                 ***

 

  Divanda uzanıb anama poçtla göndərdiyim məktubu fikirləşirdim. Anam texnologiyanın inkişafını qəbul etmir. Telefonu yoxdur. Yalnız televizor qutusuna saatlarla baxmaq həvəsindədir. Vəssalam. Bir məktubdan ötrü məni poçt idarəsinin yolunda əsir-yesir edib. Amma kağızdan fikirləri oxumaq daha maraqlıdır. Nostalgiya.

 Səhər papaq hədiyyə edən “dəniz qulduru”nun qəribə gülümsəməyi yaddaşımda canlandı. Ayağa qalxdım və paltomun cibindəki papağı çıxardım. Başıma taxdım. Aynanın qarşısına keçdim. AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA

 Gözlərimi açanda döşəmədə uzandığımı hiss etdim. Dikəlib ağrıyan sol əlimə baxmaq istəyəndə onu görmədim. Yenə özümdən getdim. Yuxuda yox olduğumu görürəm. Qışqırmağa çalışıram. Səsim çıxmır. Heç kim məni görmür. Ayılanda tavandan asılmış çil-çıraq mənə olduğundan böyük göründü. Yenə dikəldim. Bu dəfə görünməz olduğum beynimə batmışdı. Bu necə ola bilər? Papağı başıma keçirəndən sonra oldu. Əlimi başıma toxundurdum. Yerindədir. Şükür allahın böyüklüyünə. Ayağa qalxdım. Aynaya bir də yaxınlaşdım. Mən yoxam. Əlimi başıma toxunduranda hiss elədim, amma aynada görünmürdüm. Papağı çıxaranda göründüm. Ağlımdan min cür fikir keçdi. Papaq sehirlidir? O “dəniz qulduru” kim idi? – özümə suallar yağdırıram. Papağı yenidən taxdım. Bu dəfə ürəyim getmədi. Yox oldum. Yenidən çıxardım və yenidən taxdım. Sonra papağı çıxarıb kənara atdım. Titrəyirəm...

 Evdə var-gəl etməkdən dəli olacağam. Kimə desəm inanmaz. Göstərsəm dəli olar. Özümü birtəhər toparlamaq üçün soyuducudakı üzümdən çəkilmə çaxırdan bir stəkan içdim. Spirtli içki adamı ürəkləndirir. Adətən mühüm dövlət qərarları verən ölkə başçıları tez-tez içməli olub. Stalin, Çörçil, Atatürk... Yaxşı, bundan mənə nə? Gic-gic məlumatlarla beynimi doldurmuşam. 

 Əynimi qalın geyinib sehirli papağı da başıma keçirdim. Gedim gəzim...

 Anamı iki ilə yaxındır görmürəm. Birinci onun yanına yollandım. Arvad toyuqlara dən verirdi. Tək-tənha ucu-bucağı görünməyən həyətdə necə yaşayır, İlahi? Bilirəm, mən arzuolunmaz oğulam. Anamla məktublarda danışıram. Üzünü görməyə vaxt tapa bilmirəm. Fahişələrlə görüşməyə vaxt tapırdım. Onu görməyə gələndə ərinirdim. Kim idi bu uzunluqda yolu atlana-atlana gedən? Axır ki, onu gördüm. Canım anam... Məni təmənnasız sevən tək varlıq. Atam hansı xarabadadır, allah bilir...

 Arvada uzaqdan bir xeyli tamaşa edəndən sonra atamın harada olduğunu öyrənməyə getdim. Onsuzda gözə görünmürdüm. Onunla göz-gözə gəlmək istəmirəm. İllər öncə bizə xəbər vermədən evdən gedib və bir daha geri qayıtmayıb.

 Çox axtardım. Bir dəfə papağımı çıxarıb qohumlar gilə getdim. Soraqlaşdım. Görmüşəm deyən olmadı. Nə izi vardı, nə də tozu. Nəhayət bir həftədən sonra uşaqlıq dostunu tapdım. Həmişəki kimi tut arağından bala-bala vurub dana otarırdı. Votsapda danışdığını dedi. Nömrəsini aldım. Ünvanını soruşdum. Amma ona bir şey deməməsi üçün and içdirdim. Bizim kənddə sözün çəkisi hələ qalırdı...

 Kəndin kafesində kəmərimin altını bərkidib yola düzəldim. Başqa şəhərə köçüb. Əclaf. Bir dəfə olsun belə məktub yazmayıb. Heç olmasa ömür-gün yoldaşına yazardın. Məni soruşmağın cəhənnəm. Anam pis arvad olmayıb ona. İlan kimi qulağına fısıldamayıb. Bir sözünü iki eləməyib. Sakit, fağır, gülərüz anam...

 Səhəri gün ev ünvanını tapdım. Qapıda üç kişi dayanmışdı. Uzaqdan ona gizli nömrəylə zəng vurdum. Telefonunun səsi gələndə hansı biri olduğunu dəqiqləşdirdim. Təmiz dəyişib. Bəlkə də uzaqda dayandığım üçün tanımadım. Gözlərindən tanıyardım. Papağı başıma keçirib onlara yaxınlaşdım. Söhbət edirdilər. Atam həmişəki kimi nədənsə narazı idi. Deyəsən maşınını əzmişdi. Aha, deməli maşını alıb. O danışdıqca əsəbləşirdim. Nəyin çatmırdı, ay oğraş?! Oğlun, yoldaşın, evin. Hara getdiyini, kimlə görüşdüyünü də bilmirdik...

 Evinin qapısından bir qadın atamı səslədi. Kişilərlə sağollaşıb darvazadan içəri keçdi. Mən də arxasınca getdim. Evin əsas qapısını açıb içəri daxil olmaq istəyəndə onu qabaqladım. Səssiz olmağa çalışırdım. Şübhələndirmək olmaz. Üzümü dəhlizə tərəf çevirəndə dəli oldum. Keçən həftə görüşdüyüm qadın onun yoldaşı imiş. İkimiz də eyni qadınla yatırmışıq. Bu ləçər ikimizi də aldadıb. Təsəvvürümə gətirdim ki, birdən məndən uşağa qalar. Bir uşağın babası həm də atası olar. Beynim yandı. Başım fırlandı. İkisini də boğmaq istədim. Qapını yavaşca açıb qaçdım. Tini burulanda papağı çıxardım. 

 Bəzi şeylər elə gizli qalsa yaxşıdır. Həqiqət yandırıcı olur. Özümlə danışa-danışa miskin durumumu analiz edirdim. İçimdə baş qaldıran təlatümü söndürəcək heç nə baş vermədi. Əksinə ocağa duz atdılar, sanki. Mən yeraltı dünyanın adamıyam. Görünməsəm yaxşıdır. Yerin üst qatı məni qəbul etmir. Soxulcan kimi dəlik açıb dərinlərə baş vurmaq istəyirəm. Axı, təkcə yerin üstü deyil, altı da həyat eşqiylə qaynayır. Bəlkə orada şansım gətirdi. Ağacların və bir çox canlıların qidalandığı yeraltı dünyada şah kimi yaşayaram. İşıq olmayan yerdə gözlər kor olur. Heç nə görmərəm, eşitmərəm. Məni onsuz da daha görə bilmirlər. 

  Ağaca söykənib xəyala dalmışam. Uzunayaq hörümçəyin pusquda durub şikar gözlədiyini gördüm. Fikirdən ayıldım. Hörümçəyə barmaq uzadan kimi fır-fır fırlanmağa başladı. O da özünü belə qoruyur. Əlimi yanıma saldım. Hörümçək sakitləşənə kimi gözlədim. Sonra papağımı taxıb evimə getməyi planlaşdırdım...

 

                                                                                 ***

 

 Uşaqlıqdan bəri sevdiyim xanımı bu gün qaçıracağam. Onsuzda məni heç kim görmür. Uzun illər öncə danışmışıq onunla. Məndən heç kim şübhələnməz. Həyatımda işıqlı heç nə olmursa, işığı özüm tapmalıyam. 

 Papağı başıma keçirərək yola düzəldim. Qız gilə çatanda əsməcə tutdu məni. Tir-tir titrədim. Əllərimi ovuşdurdum. Nəhayət, handan-hana nazlı-qəmzəli qız alaqapıda göründü. Səhər tezdən çöl-bayırda heç kim yoxdur, ikimizdən savayı. Ona asta-asta yaxınlaşdım. Ağzına əvvəlcədən hazırladığım əskini sıxdım. Huşu getdi. Papağımı çıxarıb başına taxdım. Gözdən itdi. Çiynimə qoyub taksilər dayanan yerə qədər getdim. Taksi sürücüsü şübhələnməsin deyə başını qata-qata qızı maşına otuzdurdum. Düşəndə də həmçinin. Evə çatanda dərin ah çəkim. Papağı başından götürəndə hər zaman xəyal elədiyim mənzərə qarşımda canlandı. Mışıl-mışıl yatmış mələk çarpayımda uzanmışdı.

 Hələ sonralar çox hadisələr oldu. Sevdiyim xanımı inandırmağım. Anamla gəlninin tanışlığı. Ona papağın sirrini açmağım. Evlənməyimiz. Uşaqlar. Daha nələr, nələr. Həyatımın büsbütün dəyişməsinə yardımçı olan “dəniz qulduru” üçün vaxt aşırı dua edirəm...

 

 

                                                                                      

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)