Edebiyyat.az » Proza » SABAHATTİN ALİ - QAZLAR (hekayə)

SABAHATTİN ALİ - QAZLAR (hekayə)

SABAHATTİN ALİ - QAZLAR  (hekayə)
Proza
admin
Müəllif:
08:12, 16 dekabr 2022
1 640
0
SABAHATTİN ALİ - QAZLAR (hekayə)




Dudu əlində məktub cəld müəllimin evinə getdi:
– Zəhmət olmasa, bunu oxuyun, – dedi, – Seyiddən gəlib.
Kənddə subaylıqdan cana yığılan müəllim Dudunun çənəsinin altından doğru görünən döşünə yandan göz yetirdi. Qadının əsmər bədənində paltarının yüngülvari kölgə saldığı bir yol müəllimi bir-iki dəfə udqundurdu. Sonra əlini uzadaraq: – Ver görüm – dedi.
Dudunun əri üç il qabaq toy yerində bir nəfəri vurub öldürmüş, on il iş almışdı. Baxmayaraq ki, ölən adama səkkiz nəfər güllə atmışdı və tuş gələn güllənin kimin silahından çıxdığı bəlli deyildi, amma Seyidlə yoldaşı Durmuşdan başqa hamı qəzadakı müstəntiqə pul verib məni-mühakimə (mühakiməni dayandırma) qərarı ilə buraxılmışdılar. Vilayət ağır cəza məhkəməsi də bu iki nəfərə on ili yükləmişdi. Müəllim məktubu oxudu:
Əvvəla, salam verib arvadının əziz xətrini soruşduqdan sonra özünün bir o qədər də yaxşı olmadığından, kameradakı yerinin natəmizliyindən və bitdən şikayət edir. Dudu gələndə bir-iki qaz gətirsə, baş gözətçi ilə müdirə verib yerini dəyişdirəcəyini, kameranın baş tərəflərində biti az, təmiz bir yerə keçəcəyini deyirdi.
Dudu məktubu müəllimin əlindən dartıb aldı. Qoynuna yaxşıca yerləşdirdi. Bu məqamda müəllim Dudunun sinəsindəki kölgəli yolu bir az da aşağıya doğru süzmək imkanı tapdı. Dudu məktəbin kənarındakı gübrəlikdə diyirlənən oğlu Hüsnünün əlindən tutub fikirli-fikirli evinə qayıtdı; nə edəcəyini bilmirdi. 
Vur-tut bir qazı var idi. Onun da yumurtalarını dükançı İlyas əfəndiyə verirdi. Qaz hər gün yumurtlasa, bir müddət qabaq Hüsnüyə alt paltarı düzəltmək üçün aldığı bez parçanın pulunu bir ay ərzində ödəyəcəkdi. İndi qazı şəhərə çatdırsa, İlyas əfəndi evdə yorğan-döşək qoymaz, götürüb aparardı. 
Həm də sonra bir qaz... Halbuki Seyid ikisini istəyirdi...
Eltisinin evinə getdi; bu, Seyidin böyük qardaşının arvadı idi. Ərini on beş gün qabaq qətlə yetirilmiş adamın qohumları ovda vurmuşdular. Dudu Seyidə götürmək üçün bir qaz istəyəndə yeni dul qışqırdı:
– Get buradan, get! O Seyid deyilən alçağın üzündən ərimi əlimdən aldılar. Zindanlarda sürünsün, çıxa bilməsin inşallah... – və ağlamağa başladı.
Dudu qapıdan qayıtdı, qorxusundan başqa qohumlarına gedə bilmədi... Gecə gözünü bağlaya bilmədi. Evdə dörd yaşlı oğlundan savayı heç kimi yox idi. Bu gecə qorxurdu. Seyidin düşmənləri ərinə kömək etməsin deyə ona davamlı olaraq hədə-qorxu gəlirdilər. Seyidin qardaşını da Seyidə ara-sıra kömək etdiyi üçün vurmuşdular. Kənddə kimin yanına getsə, qovulacaqdı. 
Halbuki Seyid iki qaz istəyirdi. Həm də özü üçün yox.
Yavaşca yerindən durub kandara çıxdı. Hindən qazı tutub ayaqlarını bağladı. Qaz qışqırmağa başladı. Qonşu bağçadakı çəpərin arxasından digər qazlar cavab verdilər.
Dudu bir az fikirləşdi. Sonra çəpərin dağılmış tərəfinə sarı yeridi. O biri bağçaya keçdi. Bir-birini itələyərək küncə qısılmağa çalışan qazlardan birini tutdu. 
İt tanıdığı üçün səsini çıxarmırdı.
Dudu Hüsnünü arxasına bağladı. Qazları ayaqlarından tutaraq bir əlinə aldı. O biri əlinə də bir torba bulğur götürdü. 
Hüsnünün əlinə də balaca bir saxsı qabda bəkməz verdi. Arabir ayağı daşa dəyəndə bəkməz arxasına tökülürdü.
Gecənin sərin vaxtında şəhərə yola düşdü. Şəhərlə kəndin arası piyada doqquz saatdı.
Seyid haradasa üç ay idi ki, xəstə idi, həbsxana həkimi xəstəxanada yatmağı lazım olduğunu deyir, bir neçə gün yatır, daha ağır bir xəstə gələndə isə buraxılırdı. 
Ən axırda heç qəbul etmədilər.
Müalicəsi qəbul olmayacaq dərəcədə dərinləşmiş vərəm xəstələrini xəstəxanalar qəbul etmirdilər. Nizamnamələri belə idi.
Bu cür xəstələrin cəzalarının təxirə salınması və təxliyə edilmələri lazım idi. Amma Seyid xəstəliyinin nə olduğunu bilmirdi. 
Həbsxanaların bu cür fırıldaqlarını bilən açıq gözlü və püxtələşmiş məhbuslar da onunla maraqlanmırdılar. Çünki çox yoxsuldu.
Sənədləri və məlumatları müddəiümumiliyin (prokurorluq) yazı şöbəsində saxlanılır, maraqlanan olmadığı üçün növbəsini gözləyirdi. 
Kameranın ən pis tərəfində, ayaqyolunun yanında yatırdı, özü də yarıac.
Xəstə olduğu üçün işləyə, kiməsə xidmət edə, su-zad daşıya bilmirdi, bir tayınla (əsgər çörəyi) dolanırdı.
Bu bir tayını da üç gündə yeyir, qalan ikisini sataraq yavanlıq etmək istəyirdi. 
Və gün boyu heç qalxmadan uzanardı.
Bir az qabaqdakı pəncərədən bir ovuc qədər göy üzü görünürdü: masmavi...
Gözlərini oraya dikib heç danışmadan gözlərdi.
Kəndə məktub yazdırdıqdan sonra uzun müddət göndərə bilmədi. Cüt sürmək vaxtı gəlib işlər yarım qalar deyə tərəddüd keçirirdi.
Daha artıq gözləyə bilməyəcəyini başa düşdü, iki dəfə qatlanmış məktubu qurşağının arasından götürdü. Görüşmə günündə nizamiyyə qapısına gedən bir məhbusa:
– Bunu bizim gəlib-gedən kəndlilərdən birinə ver! – dedi.
Və bir az da səbirsizliklə gözləməyə başladı. 
Məktubu aparacaq kəndlinin o qədər məhkəmələri vardı ki, on günə qədər şəhərdə qaldı və Seyid elə gözlədi.
Gözləri ovuc içi boyda olan mavi səmaya dikilmiş halda uzandı. Yalnız axşamüstüləri uzandığı yerdə bir az quru tayınla bir az bəkməz yeyib ondan sonra yatmağa çalışırdı. 
Dudu gəlsə, necə durub qapıya gedəcəyini düşünür – sürünə-sürünə də olsa, yenə gedərəm! – deyirdi.
Evləndikdən bir ay sonra əsgərliyə getmiş, tərxis olunduqdan on gün sonra isə həbs edilmişdi. Sanki Duduya heç doymamışdı. Nədənsə, o da hələ gəlmirdi.
Deyəsən, artıq gözləyə bilməyəcəkdi.
Dudu həbsxanaya gəldi, qapının qabağında heç kim yoxdu. Soxulduqda jandarm itələyib "geriyə!" deyə qışqırdı. 
Qapının qabağında dayanan gözətçi qazları və torbanı görəndə onu çağırmaq üçün əlini qaldırdı. Amma elə bu anda bir neçə məhbus bir xərək çıxartdıqları üçün o tərəfə getdi.
Həbsxana katibi: – Namazgaha aparın, mən qeydiyyatının aparılması üçün xəbər verərəm! – deyə qışqıraraq otağına gedirdi.
Baş gözətçi əlindəki bir kağızı gözətçilərə və bəzi məhkumlara imzalatdırırdı. Bu, ölünün bir yorğanı, bir mis qabı və bir cüt köhnə ayaqqabısının qaldığına dair sənəd idi. Xərək qapıdan çıxarılanda gözətçi bir az bəridə dayanan Dududan soruşdu: 
– Kimi istəyirdin?
– Opruqlu Seyidi. 
Gözətçi sifətini büzüşdürdü. Əli ilə bir az bundan qabaq çıxan və bir gözətçi ilə iki yüngül cəzalı məhkum tərəfindən namazgaha aparılan xərəyi göstərəcəkdi ki, gözü yenə qazlara və torbaya sataşdı.
Əlini uzatdı:
– İçəridədir, ancaq bu gün görüş günü deyil. Sən onları ver, gələn həftə gələrsən. 
Torbanı, qazları və bəkməz qabını aldı, divarın qırağına qoydu; hələ qapının kandarında oturan Duduya:
– Gələn həftə gəl, dedik axı... Biz bunları özünə verərik. Yeri, yeri, gözləmə!..- deyə qışqırdı.
Dudu bir həftə şəhərdə qala bilər heç?
Hüsnünü qolundan tutub çəkərək getməyə başladı.
Uşaq hey boylanıb arxaya baxır:
– Bəs atam hanı?.. Bəs atam haradadır?.. deyə sızıldayırdı.
Dudu uşağı cəld dartdı:
– Niyə qışqırırsan? – dedi – Göstərmədilər də! –
Sonra bir az yumşaldı:
– Xırman vaxtı gələndə görərik!.. –
Kəndə qayıtdılar. 
Kəndə çatar-çatmaz jandarmlar Dudunu tutdular. Qaz oğurladığı üçün qəsəbədə mühakimə edildi, üç ay iş kəsdilər. Amma cəzasını qəza həbsxanasında çəkdiyi üçün xırman vaxtına qədər Seyidin ölümündən xəbəri olmadı.

Tərcümə edən: AZƏR ƏRZİ 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)