Edebiyyat.az » Proza » Aqil Yaşaroğlu - Unudulmayan duyğular

Aqil Yaşaroğlu - Unudulmayan duyğular

Aqil Yaşaroğlu - Unudulmayan duyğular
Proza
admin
Müəllif:
00:24, 26 fevral 2025
811
0
Aqil Yaşaroğlu - Unudulmayan duyğular



 Hər kəsin həyatında elə məqamlar, hadisələr, nəticələr olur ki, yaddaşından silinmir, düşüncəsinə həkk olunur, xatirəsi yaddan çıxmır, hətta insanın həyata baxışını yönləndirir. Acı da ola bilər, şirin də. Mənim taleyim tamam fərqlidir. Bəlkə də tamam pis və ya tamam yaxşı olanlara var. Kimsədə daha pis olmasını heç arzulamazdım; milliyətindən, dinindən, cinsindən, dilindən asılı olmayaraq. 

 Mən qarabağlı sayılsam da, o doğma yerlərdə göz dolusu yaşaya bilmədim. 1992-ci ildə yüzlərlə qarabağlı kimi biz də dədə-baba yurdumuzu tərk etməyə məcbur olduq. Dünya malından olan hər şeyimizi itirdik. Qazandığımız təkcə “məcburi köçkün” statusu oldu. 

Həmin illərdə rayonun kəndlərindən birində orta məktəb binasında müvəqqəti məskunlaşmışdıq.

 Rahat ev-eşiyimizdən, hər gün bəxtiyarcasına getdiyim sevimli məktəbimdən ayrı düşmək, doğrudan da, çox acılı və ağrılı idi. Qəribə, kədərli duyğularla yaşayırdım. Düşüncəmdə dolaşan suallar da çox qəribə və çox ağrılı idi: “Görəsən, burada çoxmu qalacağıq?”, “Doğma evimizə, kəndimizə, məktəbimizə nə vaxt qayıdacağam?” Bu suallar məni yorur, kədərləndirir, üzür, məhv edirdi. O vaxt cəmi on yaşım vardı. Sonra kəndimizə qayıdacağımız günün xoş xəyallarını qurmaqla məşğul oldum. Daha sonra yeni yerə uyğunlaşmaq, dolanışıq, dərslər...

 Ailəmiz kasıb idi. Ata-anam ali savadlı olsa da, məskunlaşdığımız yerdə hələ iş tapa bilməmişdilər. Hər ikisi müvəqqəti yaşadığımız bu kəndin tarlalarında ağır fiziki əməklə məşğul olur, əldə etdikləri azacıq qazancla ailəmizi güclə dolandırırdılar. Onlar bizdən daha çox əziyyət çəkirdilər. Bəzən günlərlə əlləri yara içində olurdu. Amma böyüklərimiz öz taleyi ilə barışmış kimi idilər. 

 Məskunlaşdığımız məktəb binasında bizim kimi digər köçkün ailələri də yaşayırdı. Biz köçkün uşaqları mehrimizi-məhəbbətimizi öz həmyaşıdlarımıza salmışdıq.  Birlikdə müxtəlif oyunlar: “Gizlən-qaç”, “Ortada qaldı”, “Dəsmalı ver”, ”Ənzəli” oyunları keçirdirdik. Bəzən də qarabağlı xatirələrimizi bölüşürdük. Evdə analarımızın yemək üçün verdiyi şirniyyatı qardaş malı kimi paylaşır, hərdən də dəcəllik edərək küsüb-barışırdıq. Yaşadığımız məktəb binası çox köhnə idi. Amma biz buranı sevməyə başlayırdıq. 

 Artıq on beş yaşıma qədəm qoymuşdum.  Az-çox həyatı dərk edir, gələcək haqqında planlar qururdum. Yaşadığımız binada çoxlu dostlarım var idi. Səhər açılandan axşam  düşənədək  biz  dostlar bir yerdə olar, bir yerdə oynayar, məktəbin pilləkənlərində oturub söhbət edər, zarafatlaşardıq. Nəriman və Nailə adlı bacı-qardaşla, başqa bir ailədən isə Nuranə adlı bir qızla daha səmimi dost olmuşduq. 

 Nəriman başqa oğlanlara bənzəmirdi; ağıllı, tərbiyəli, utancaq, üzüyola və çox mehriban idi. Onunla söhbətimiz hər zaman tuturdu. Başqa qızlarla oynasam da, bir də baxırdım ki, özümdən asılı olmayaraq, Nərimanın yanındayam. Özümü onun yanında çox rahat  hiss edirdim. Ürəyimdə ona qarşı bir səmimiyyət, hörmət, doğmalıq var idi. Bunun səbəbini anlamırdım. Hər zaman onun da mənə qarşı mehriban münasibətini hiss edirdim. Birlikdə vaxt keçirməyimiz hər ikimiz üçün xoş olurdu. Nuranə ən yaxın rəfiqəm idi. Necə deyərlər :“ Günah ortağım” idi. İndi bu kəlməni yazarkən belə simamda bir təbəssüm yaranır. Duyğulanıram.... Niyə “günah ortağı?”– rəfiqəmə bu cür müraciət etməyimin səbəbi nə idi? Əlbəttə, o idi – Nəriman!

 Heç fərqinə varmadan Nərimana vurulmuşdum. Nuranə olmasaydı, bəlkə də, mən bu hisslərimi öz-özümə heç vaxt etiraf etməyəcəkdim. Nə edim, cavan  idim, hələ naşı idim... Bütün zamanımı yanında keçirdiyim oğlan qəlbimi oğurlamışdı. Ondan danışanda ürəyim daha sürətlə döyünürdü. Sonra da gözüm hər an onu axtarırdı. 

 Bir gün Nuranə gəldi və  “ortada qaldı” oynadıqlarını, Nailənin məni çağırdığını bildirdi. Qeyri-ixtiyarı qapıya tərəf addımladım və o andaca:

 – Nəriman da oynayır? – deyə soruşdum.

  –Yox, o Bakıya gedib. – Nuranə dedi. – Bilirsən, səhhətində problemi olduğu üçün atası onu Bakıya, həkim müayinəsinə aparıb-gətirir.

 Bu sözləri eşidəndə elə bil ayaqlarım tutuldu, gözlərim doldu. Özümdən asılı olmayaraq; “Nə zaman getdi? Bəs mən niyə bilmirəm?” –deyə dodaqaltı mızıldanmağa başladım. Bizim dəhlizin başında boş bir sinif otağı var idi. Qaçaraq özümü o otağın qapısından içəri güclə atdım. Nuranə də arxamca içəri girdi. Həmin an necə hönkürüb ağladığımı heç vaxt unutmaram. Nuranə yanımda əyləşdi, mənə baxaraq təəccüblə və astadan: 

 –Sən onu sevirsən?! 

 Bu sual sanki məni qəflət yuxusundan ayıltdı. Sirrim ifşa olunmuşdu. Cəld ayağa qalxıb göz yaşlarımı silərək  və özümü sındırmamaq üçün: 

–Yox!– dedim. 

 Amma nə fayda! – artıq bu gerçəkdən qaça bilməzdim. Qapıya tərəf dönmüşdüm ki gedəm, Nuranə arxadan çığırdı: 

 –Onsuz da mən onu çoxdan bilirəm ki,  sən onu sevirsən!

 Onun bu qədər əminliklə belə deməsi məni cəsarətə gətirdi. Geri dönərək  gəldim, rəfiqəmin yanında əyləşdim, ona tərəf əyilərək,  – Heç kəsə demə, yaxşımı?– dedim. 

 Sonra ikimiz də gülməyə başladıq.

 Nuranə: 

 –Narahat olma, o da səni sevir, – dedi.

Diksindim. Az qala qışqıracaqdım. 

  –Nə bilirsən?! 

 Nuranə çiyinlərini çəkdi:

Nuruş bircə öləcəyi günü bilmir! 

Sevimli rəfiqəmin sözlərindən içimdə bir ümid yaranmışdı. Sanki ətrafımda rəngarəng kəpənəklər uçuşurdu. Bu çox gözəl hisslər idi! Nərimanın Bakıdan nə vaxt dönəcəyini bilmirdim. Rəfiqəmdən:

–Nuranə, Nailədən soruş gör qardaşı Bakıdan nə vaxt qayıdacaq?

 Nuranə: “Baş üstə”, – deyib gözdən itdi. Yarım saatdan sonra rəfiqəm məni xoş xəbərlə qarşıladı:

–Nəriman sabah qayıdır!

 Elə bil zaman durmuş, saniyələr sürünməyə başlamışdı. Vaxt keçmirdi. “Bircə sabah olsaydı”, – deyə düşünürdüm. Güzgüdə özümə baxır, saçlarımı darayır, dodağımın altında zümzümə edirdim.

 Gecə necə yatdığımı bilmədim. Səhər açılan kimi dərhal yerimdən qalxdım və səhər yeməyi yemədən həyətə düşdüm. Məktəbin həyətində balaca bir bağ var idi. Nəriman ora gələcəkmiş kimi mən ora getdim. O bağ ilə evimizin arasını, bəlkə də, yüz dəfə, min dəfə gedib-gəldim. Hər dəfə keçəndə Nərimangilin qaldığı otağa baxırdım, Nərimandan səs-soraq yox idi. 

Anam səslədi: "Gəl, qabları  yu", – dedi. Qabları yudum, sonra kitabxanadan aldığım bədii kitabı oxumağa başladım. Kitab oxumağı çox sevirdim. Gecəni çox az yatmışdım deyə bu dəfə kitab oxuyarkən yuxuya getdim. Yarıyuxulu qəfil fit səsinə oyandım. Bu o idi  – Nəriman! Adətən o,  fit çala-çala, barmaqlarını oynada-oynada gəzərdi. Yerimdən quş kimi sıçradım, pəncərəyə tərəf qaçdım, pərdəni aralayıb ehmalca eşiyə baxdım. Bəli, o idi! Bizim otağın divarına söykənib üzü meydançaya tərəf dayanmışdı. Yanakı dayandığı üçün pəncərəmizi gözucu görə bilərdi. Bilmirəm, qəsdən belə dayanmışdı, ya bu, təsadüf idi. Birdən o məni gördü! Görən kimi də gülümsəyərək göz vurdu. Bu onda vərdiş halını almışdı. Həyətdə hər dəfə qarşılaşanda mənə göz vurardı. Bu da mənim hədsiz xoşuma gələrdi, gülümsəyib yan keçərdim. Qaçaraq həyətə düşdüm. Nərimanın yanına getdim. Onunla salamlaşdıq və bağda gəzməyə başladıq. Xəstəliyi ciddi bir şey deyilmiş, sadəcə, bir müddət həkim nəzarətində olmalı idi.  

 Aylar keçdi. Artıq qış gəlmişdi. Bir gecə qar yağmağa başladı. Səhər açılanda ətrafın bəmbəyaz olduğunu gördüm. Nuranə də bizə gəldi, təkidlə qartopu oynamağa çağırdı. Nuranə bir az cüssəli qız olduğundan üstümə cumub qarla mənim ağzımı ovmağa cəhd etdi. Bu zaman Nəriman özünü yetirdi. O, cəld şəkildə qarı topa halına gətirərək Nuranəyə atdı. Atdı ki, o mənə güc gələ bilməsin. Məni qorumağa çalışırdı. Nəhayət, ayağa qalxa bildim, Nuranəni yıxdım. Bir azdan Nuranə təslim olmuşdu. Əlcəklərim islandığı üçün yararsız halda idi. Əllərim üşüyürdü. Mən:

–Evə gedirəm, əlcəklərimi qurutmalıyam. 

 Nərman:

–Yenə gələcəksən? – deyə soruşdu. 

–Sevdiyin qızın kim olduğunu deməsən, gəlməyəcəm. 

Bu gözlənilməz, özüm üçün də qeyri-adi olan fikirdən Nəriman duruxdu. Sonra o, dik gözlərimin içinə baxdı, daha sonra isə əlini yavaşca qoluma toxundurdu və: “ Sevdiyin qız?.. O qız sənsən! Mən səni sevirəm”, – dedi. 

 Həmin an içimə istilik gəldi, həyəcan doldu,.. hətta özümü itirdim. Evə doğru qaçmağa başladım. Evə girən kimi dərindən nəfəs aldım. Özümü çox xoşbəxt, çox bəxtəvər hiss edirdim. Həm də qorxurdum. Nədən qorxduğumu bilmədən evə qapılıb qaldım. 

Pəncərədən qartopu oynayan uşaqları izləyirdim. Ancaq Nəriman gözümə dəymirdi. Bir müddət sonra Nuranə bizə gəldi. Onu görən kimi sevinclə boynuna atıldım.

 – Nuruş, o dedi –e! Sevdiyi qızın kim olduğunu dedi.

 Nuranə həyəcanla:

– Sənsən, hə?! Uraaa!!!  –deyə qışqırdı. 

O, əllərini bir-birinə elə şövqlə çırpdı ki,  əlcəkdəki su evə səpildi. 

 –Ay qız, anam bizi öldürəcək, – deyib dəhlizin başındakı boş sinifə qaçdım. Nuranə də dalımca gəldi. Bir nəfəsə dil – boğaza qoymadan əhvalatı Nuranəyə danışmağa başladım. Bu sinifin divarları ilk sevgimin şahid idi. 

 –Bəs sən ona nə dedin? –Nuranə soruşdu.

 Maraqlı sual idi. Axı mən özümü itirərək evə qaçmışdım. Ona  heç nə deyə bilməmişdim. 

 – Sən də onu sevdiyini demədin? 

 –Yox e, Nuruş. Həyəcandan cavab verə bilmədim, birbaşa evə qaçdım.

 Nuranə gülməyə başladı, mən də onunla bərabər qəh-qəhə ilə güldüm.

 Hər şey çox gözəl idi. 

Artıq on birinci sinifdə oxuyurdum. Nərimanla aramızda olan sevgi bir az da möhkəmlənmişdi. Bir-birimizlə, adətən, baxışlarla danışır, baxışlarla anlaşırdıq. Sinif yoldaşlarımız Nərmanla aramızda olan hisslərdən xəbərdar idi. Tənəffüs zamanı həyətə çıxanda Nərimanı gözaltı göstərib; “Ay qız səninki gəlir”, – deyirdilər. "Səninki"!  Bu kəlmə mənə o qədər əziz idi ki... Onun mənim olması, mənə sevgi ilə baxması xoşbəxt edirdi məni. Tənəffüsdə Nərmanın sinif yoldaşları – qızlarla nə isə danışdığını görəndə qaş-qabaq tökərdim. “Başqa qızlarla danışma!” deyə bilmirdim, utanırdım. Amma qızlarla söhbətləşməsini də istəmirdim. Düşünürdüm: o yalnız mənimlə danışmalı, mənə baxmalıdır. Əslində, o, həmişə mənə baxardı, tənəffüsdə belə məni izləyərdi. Ola bilsin, o da məni qısqanırdı. Bunu tam deyə bilmərəm. Hər gün adət halını almışdı: fit çalaraq pəncərə önündə dayanar, mən isə pəncərəyə qaçardım. Son vaxtlar düşünürdüm ki, axı niyə mən də ona “Səni sevirəm” demirəm? 

   Bir gün  o yenə pəncərənin altında dayanmışdı. Bir kağız parçasına ürək, onun üzərinə isə sevgi oxu çəkdim. Yan hissədə iri hərflərlə “Səni sevirəm” sözlərini yazdım. Pəncərəni ehmalca döyüb kağızı pəncərəyə yapışdırdım. O çevrilib pəncərəyə baxdı. İşarə ilə “Mən də səni sevirəm” deyə qarşılıq göstərdi.  

 Artıq aramızda gizlin heç nə qalmamışdı. Bu sevgidən ailələrimiz belə duyuq düşmüşdü. Bu isə heç yaxşı olmadı. Qardaşlarım və anam məni sıxışdırırdı. Nəriman olan yerdə çox görünməyə, oynamağa qoymurdular. Sözlərimizi çatdırmaq üçün bəzən bizə Nuruş kömək edirdi – sağ olsun.  Mənə ən ağır gələn isə onun atası ilə tez-tez Bakıya gedib-gəlməsi idi. Bu zaman onun gəlişini səbirsizliklə gözləyirdim. “Birdən Bakıda başqa qız görüb, sevər” deyə  qısqanırdım da. Buna baxmayaraq və mən bu ayrılığın qısa müddətli olduğunu bildiyim üçün birtəhər dözürdüm. 

 Bir gün Nərimanı gün boyunca heç görmədim. Çox təlaşlı idim. “Niyə yoxdur? Yoxsa yenə Bakıya gedib?” –deyə özümə sual verməyə başladım, axı o gedəndə mənə deməli idi.

 Nailədən qardaşı haqqında məlumat öyrənməyə çalışdım, lakin o heç nə demədi. Sanki qəsdən canımı sıxırdı. Nərimanın anası Bahar xala vedrə ilə məktəbin həyətindəki krantdan su daşıyırdı. Mən də anamla həmin kranta doğru gedirdim. Anam onun anasının xətrini çox istəyirdi.  Atama:“ Yaxşı qadındır, çox əziyyət çəkir...”, – deyirdi. İndi anam ilə Bahar xala hal-xoş elədilər. 

Bahar xala anama: 

–Nəriman iki gündür yaman naxoşlayıb, – dedi, – Əvvəllər xəstəliyi tutanda tez yaxşılaşardı. İndi uşaq iki gündür özünə gəlmir, – dedi. 

 Əlimdəki balaca ləyən içindəki çirkli boşqablarla birlikdə yerə düşdü. Qulaqlarımda Bahar xalanın dediyi son cümlə cingildəyirdi: ”Nəriman bərk naxoşlayıb”. Qabları yerdən yığmaq istədim, sanki aqayaqlarım tutulmuşdu. Boğazımda zəhər kimi nə isə ilişib qalmışdı. Anam acıqlandı:

–Şəkil çəkdirməyə gəlmisən?! Nə quruyub qalmısan! Qabları yu, götür get, – dedi.

  Əlimi qablara atarkən, qablar yenidən aşıb yerə dağıldı. Mənim bu halımı görən anam əsəbiləşdi. Deyəsən nəsə başa düşmüşdü. Qolumdan vuraraq üstümə açıqlandı:

 –Götür vedrəni, rədd ol evə! 

 Su ilə dolu vedrəni götürüb, ayağım dolaşa-dolaşa, suyun yarısını yerə tökə-tökə evə qayıtdım. Bu heç vaxt yaşamadığım bir duyğu idi: onu itirmək duyğusu. Həyətin künc hissəsində bir dar yol var idi. Orada daldanacaq tikilmişdi. Oraya getdim. Soyuq daşın üzərində oturub, hönkürtü ilə ağlamağa başladım. Ona bir şey olardısa, mən nə edərdim?! İçimdə bir boşluq, nigarançılıq, tənhalıq duyğusu hökm sürürdü. Nə qədər ağladığımı, nə qədər zaman keçirdiyimi bilmədim. Artıq gözümün yaşı qurumuşdu. Yenə ağlamaq istəyirdim, amma ağlaya bilmirdim.

  Atamın içərisində müxtəlif dualar yazılmış balaca bir kitabı var idi. O  kitabı tapdım, o dualardan Nəriman üçün oxumağa başladım. Yəqin ki, dualar kömək edər, tez sağalardı. 

İki gün sonra yenə həyətdən onun fit səsini eşitdim. Bu məni sevindirdi. Dualar təsir etmişdi. Yerimdən atılıb qalxmaq, ona sarı qaçmaq istəyirdim. Amma son anda durdum.  Qəlbimdə ona qarşı bir küskünlük yaranmışdı. “Niyə xəstələnib məni tək qoymuşdu, mənə heç bir xəbər göndərməmişdi?” deyə. Bir-iki saat evdən çölə çıxmadım. Həmin gün dərsə getməmişdim. Sinif yoldaşlarım gəlib məni evdən çağırdılar. İdman dərsi idi. Oğlanlar futbol oynayacaq.  “Gəl qoşul bizə, onları dəstəkləyək”. 

Könülsüz halda əynimi geyinib, həyətə düşdüm. Nəriman meydançada idi. Bizim qaldığımız otağın divarına – həmişə onun söykəndiyi yerə söykənib, sinif yoldaşlarımın yarışını izləyirdim. Nəriman bir bəhanə ilə mənə yaxınlaşdı. Əlində söyüd ağacından qırılmış nazik budaq var idi. Divara sürtə-sürtə yanımdan keçərkən üzümə baxaraq, həmişəki kimi sakitcə göz vurdu. Mən ona incik tərzdə çiyin atdım. Niyə belə etdiyimi özüm də bilmədim. Onsuz tək qaldığım üçün onan əməlli-başlı küsmüşdüm. O, məktəbin darvazasına tərəf getdi. Mən də qeyri-ixtiyari onun arxasınca düşdüm. Hiss edirdim ki, o xəstələndiyi üçün  sanki sıxılırdı. Mən bunu əvəllər də hiss etmişdim. Mənlə o mövzuda danışmaq istəmədiyini də hiss edirdim. Heç mən də buna görə xəstəliyi barədə ona heç vaxt sual vermirdim. 

Məktəbin bağına tərəf gəldik. Orda köhnə quyu var idi. Quyunun yanındakı gavalı ağacının altında ayaq saxladıq.

 –Yaxşısanmı? – deyə xəstəliyinə nəzərən soruşdum. 

 Nəriman:

–Hə, –dedi, – Bəs sən necəsən? 

 –Mən də yaxşıyam.

 Əslində heç yaxşı deyildim. Onu görməmək məni dəli etmişdi. Bu neçə günü çox qəmlənmişdim. İndi isə sevdiyim oğlan qarşımdaydı və mən onun yanında özümü sevincli hiss edirdim. Bir qədər sonra Nərman:

–Bəs Nuranə hanı? – soruşdu.

–Dərsdədir, – dedim. – İkimiz də çox darıxdıq sənin üçün.

 Nərman gülümsədi, utanaraq başını aşağı saldı. Bu an onun bacısı gəldi. Gəldi və atasının çağırdığını billdirdi. O, bir barmağı ilə mənim bir barmağımı gizlincə sıxıb, uzaqlaşdı.

  İlin sonuna yaxınlaşırdı, atam artıq Bakıda iş tapmışdı. Həftədə bir dəfə gəlib bizə baş çəkir, yenə Bakıya qayıdırdı. 

  İmtahan vaxtı yetişdi. Mən məktəbi yaxşı qiymətlərlə bitirdim. Amma çox  şeydən bixəbər idim. Heç ağlımdan da keçməzdi ki, mən qəfil Bakıya getməliyəm. Həftə içi idi. Anam rayon mərkəzinə – bazara getməli və özümə babat paltar almalı olduğumu bildirdi. Bazara getdik, özümə bir dəst ətək-köynək aldım. Avtobus dayanacağına gedərkən anam çox sakit görünürdü. Amma birdən mənə:

 – Sən sabah atanla Bakıya gedəcəksən, – dedi.

  – Niyə?! – təəccüblə soruşdum.

 – Necə niyə? – Anam da öz növbəsində təəccübləndi. – Sən axı ali təhsil almalısan. İmtahan verəcəksən. Əgər universitetə qəbul olsan, biz səni şəhər yerində tək buraxa bilmərik. 

 Mən ağlamağa başladım:

 – Yox, anacan, mən heç yerə getmirəm. Orada heç kimi tanımıram.  

 Anam  məni dilə tutdu:

 – Ay bala, bəs atanı düşünmürsən?  Bəs atanın xörəyini kim bişirib – düşürsün? Sən də ona qulluq edərsən. Atan iki həftə sonra qayıdacaq bizi aparmağa. Onda sən də gələrsən yenə. 

 Səhəri gün atamla şəhərə yola düşdük. Hər şey o qədər sürətli və tələm – tələsik baş vermişdi ki, Nərimanla doğru-düzgün vidalaşa da bilmədim. Maşınımız yola düşəndə Nəriman darvazanın böyründə çəpərə söykənmişdi. Əllərini yanına sallamışdı və çox qəmgin idi. Ömrüm boyu sakitcə mənə baxan o oğlanı   xəyalımdan çıxartmadım... Maşının arxasınca baxan o gözləri heç vaxt unuda bilmədim. Bakıya həmişəlik gələcəyimi bilsəydim, bəlkə də, bütün cəsarətimi toplayıb, pəncərədən ona sarı "Məni axtar, məni unutma", – deyə qışqırardım. 

 Günlər sürətlə ötürdü. Bütün günüm daha çox Nərimanı düşünməklə keçirdi. Ona dəlicəsinə bağlandığımı ayrı qalanda lap yaxşı anlamışdım. İki həftə sonra anamgil qəfil Bakıya gəldilər. Onların Bakıya gəlişi mənim üzülən son ümidim oldu. 

 – Bəs sonra mənlə gələcəkdiniz?

Anam soyuq səslə: 

–Adam anasını belə qarşılayar? – dedi. 

 Mən heç nə deyə bilmədim. Hönkürtü ilə ağlamağa başladım…O gün səssizcə, içimdə Nərimanı bir daha görməyəcəm deyə yanıqlı halda çox ağladım. Nərimanı atıb gəldiyim üçün özümü bağışlamırdım.

 Arxamca baxan o bir cüt göz ürəyimi yandırıb köz edirdi. Nuranə ilə də heç sağollaşmamışdım. Anama tez-tez; “Bəs biz getməyəcəyik bir də rayona?” – deyə sual verirdim. Anamdan hər dəfə eyni cavabı eşidirdim:

 –Ay qız, biz artıq rayonla birdəfəlik qutarmışıq!

  Anamın bu cavabı  qəlbimi daha da yandırır, yandırıb kül edirdi!

 Bu mənim başıma gələn o acılı, ilk və son sevgi əhvalatı  idi. 

 İllər keçib, mən yaşa dolmuşam. Amma aradan bu qədər vaxt keçməsinə baxmayaraq, Nərimanı heç unuda bilməmişəm. 

Qolları yanına düşmüş, gözləri kədərlə dolmuş o oğlanı...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)