Edebiyyat.az » Proza » Nəcəf Əsgərzadə - Dumana düşənlərin "Qismət"i

Nəcəf Əsgərzadə - Dumana düşənlərin "Qismət"i

Nəcəf Əsgərzadə - Dumana düşənlərin "Qismət"i
Proza
Necef Esgerzade
Müəllif:
17:37, 30 oktyabr 2019
1 622
0

Bu bir ədəbiyyatdır, yazılanları diqqətlə oxuyun

"Sürücü" yoldadır. Harasa gedir. Arxada kimsə oturub. Onlar söhbət edirlər. Hər şey normal görünür. "Sürücü" N. rayonuna çatır. Sərnişini düşürür. Pulunu alıb geriyə qayıdır. Susadığını hiss edir. Yolun kənarında hələki heç bir dükan gözə dəymir. Biraz keçir. Balaca bir mağaza gözünə sataşır. Maşını yoldan çıxarıb saxlayır. Dükana girir. Su və yemək üçün şirniyyat alır. Maşına yeri qayıdır. Aldığı suyu içir, şirniyyatı yeyə-yeyə kitabı vərəqləməyə başlayır. O, bu kitabı oxuyub, amma nədənsə hekayələrə yenidən nəzər salır və kitabı oturacağa qoymaq istəyəndə kimsə maşının şüşəsini tıqqıldadır. Diksinən "sürücü"nün əlindən kitab digər oturacağın altına düşür:
 

 - Bacıoğlu məni S. rayonuna apara bilərsən?
 - Yox, dayı. Mən tələsirəm. Saat 5-də şəhərdə olmalıyam.
 - Heç cürə alınmaz?
 - Yox, təəssüf ki. Bağışla.

"Sürücü" şüşəni qaldırır. Kitabı düşdüyü yerdən götürüb harda qaldığına baxır: “Aha. Bunu oxudum. Bundan sonra "Duman” hekayəsi gəlir. Bildim.”

Kitabı kənara qoyur. Telefonu maşının qabaq şüşəsinə quraşdıran qurğuya yerləşdirir. Diktafonu qoşur. Danışmağa başlayır.

"Salam əziz dinləyicilər. Bilirəm mənim səsim üçün darıxmısınız. Xeyli aradan sonra yenidən sizin qarşınızda olmaqdan qurur duyuram. Bugünki efirimizi mən tək aparmalı olacam. Çox istərdim ki, qonağım da yanımda olsun, amma nəzərə alınmayan problemlərdən dolayı veriliş boyu sizinlə sadəcə mən olacam. Fəqət üzülməyə dəyməz. Çünki bugün üçün maraqlı bir kitab seçmişəm. Onun haqqında efir müddətinin icazə verdiyi interval içində sizə bacardığım qədər informasiya ötürəcəm. İnanıram dalğanı dəyişmədən, mənə zövqlə qulaq asacaqsınız. Hazırsınızsa başlayım.

O, özünü diktor, radioda işləyən aparıcı kimi hiss edir.

Maşın astadan yola düşür. 

"Hə onu qeyd edim ki, mən hal-hazırda yoldayam. N. rayonundan üzü şəhərə tərəf gəlirəm. Ona görə bayaq qeyd etdim ki, hesaba alınmayan durumdan ötrü sizin qarşınıza tək çıxmalı oldum. Verilişin məkanı yoxdur. Məkan bizim qət etdiyimiz yollardan ibarətdir. 

Qaldı ki, danışacağım kitaba... Bu gün seçdiyim kitabın adı “Duman” adlanır. Duman kitabının müəllifi hamımızın yaxşı tanıdığı Azər Qismətdir. O, Azər Qismət ki, neçə il ANS telekanalında "İç Xəbər" verilişinin aparıcısı olmuş, "gülümsəyin cənablar, gülümsəyin" ifadəsi ilə tamaşaçıların könlündə ayrıca bir taxt qura bilmişdi. Jurnalist kimi tanıdığımız Azər Qismət özünü həm də yazıçı kimi sınayıb. Duman kitabı onun ortaya çıxardığı, öz sözünü yazıçı kimi demək istədiyi nümunələrdən ilkidir. Kitabda qırx hekayə yer almaqdadır. Qırx sirli rəqəmdir. Dünya ədəbiyyatda və eləcə də bizim ədəbiyyatda qırx rəqəmiylə bağlı əhvalatlar, nağıllar (Əlibabanın qırx qulduru, qırx qapı və s.) yer almaqdadır.

Azər müəllimin hekayələri sadə adamların həyatından bəhs edir. Gündəlik qayğıların, adi problemlərin müəllif tərəfindən hərdən ironik, hərdən acılı təsvirləri oxucunu düşündürür.

Gəlin kitabda yer alan bəzi hekayələrə nəzər salaq. 

1)Elə başlayaq "Vəzifə gözləntisi" hekayəsindən. 

Yeni vəzifəyə təyin olunma gözləntisinin yaratdığı özünü hər şey təcrid etmə halının bir şəxsin üzərindən ironik dillə ifadə olunması. Bax budur hekayənin məğzi.

Daim izlənmə təhlükəsi altında olduğunu hiss edən adamın azadlığının elə özü tərəfindən məhdudlaşdırması. Vəzifə gözləntisinin yaratdığı sevinc qarışıq absurd sayıla biləcək həyat tərzi. 

Azadlıqlarını onlara verilən imtiyazlara görə özləri də bilə-bilə itirmək sevinci ilə yaşayan qorxaq bəndələrin keçirdikləri təbəddülatların bir qara qəpiyə dəyməməsi.

2) Hamilə dəli: Bir qadının son ümidini bətnində gəzdirdiyi, oğlan uşağı olduğuna ümid etdiyi, elə həmin ümidin onu yaşatdığı, elə həmin ümiddən doğan uşağın onu hər şeydən və hər kəsdən qorumaq arzusunun gerçəkləşmə halının qadında yaratdığı eyforik vəziyyətin gündən-günə dəyişik növünün inikası.

Bir qadın düşünün ki, cəmiyyət tərəfindən fahişə kimliyinə büründürülmüş, elə cəmiyyətin özü tərəfindən dəli adlandırılmış, müdafiəsiz qalmış qadının keçirdiyi xofun onda evə qapanma vəziyyətini yaratması. 

Bəs ümid varmı? Ümid var. Ümid bətndə yatıb. Uykuya dalıb. 

Ümid qadının qalxanıdır. O, vaxtı ilə əzilib, paslanmış, sıradan çıxmış qalxanı yenidən, sıfırdan yaratmalıdır. 

Bəs yarada biləcəkmi? Yarada bildimi? 

3)Yollar buz bağlayıb, işə maşınla gedib gələn "Mədəni adam"(hekayə) məcburən avtobusa minməlidir. Adam yoldan ötən dostunun onu görməsiylə avtobusa minmək təlaşından qurtulur, lakin axşam evə qayıtmaq üçün bu dəfə avtobusa minməyə məcbur olur. Sadəcə bu yolla cəmiyyəti təşkil edən insanları yaxından görür. Və bildiyini sandığı şeylərin bildiyi kimi olmadığını indi bilir. Özünü ilk öncə sınmış kimi görür, sonradan onu içindən tərpədən hissin cilovunu tuturaq, onu əhatə edən sərnişinlərlə eyniləşməyə, onlar kimi danışmağa başlayır. Cəmiyyətdə müəllimin satıcıdan, biznesmendən aşağıda yer tutduğunun sərt bir şəkildə vurğulandığı hekayədir evə dönən "Mədəni adam"nın qışın gəlməsiylə avtobusda yaşadığı anlar. 

4) İş sisteminin, eləcə də strukturun göz-ardı edilməməli bir məziyyəti var: çuğulluq sindromu. 

İş axtaran və axtardığı işi tapan gəncin işə girdiyi ilk vaxtlardan "iş"ləri heç də yaxşı getmir. Müdirin daima ondan yerli-yersiz şübhələnməsinin doğurduğu boğaza yığılma vəziyyətinin müəllif tərəfindən ilmə-ilmə toxunması. 

Hər işinizdə bir qəmbərqulu tapan müdirə qarşı hansı tövrü nümayiş etdirməli? Heç kimə müdirdən çuğulluq etməyən gəncin özündən müdirə çuğulluq edən işçilərin yaratdığı hörümçək torunda ilişib qalması. 

Bəs o, nə etməli? Bununla necə mübarizə aparmalı?

Xoflu adam hekayəsi : Qorxaqlıqdan dolayı vəzifəsini itirmək xofu ilə yaşayan müdirin düşdüyü acınacaqlı durumun yarandığı hər şeyə skeptik yanaşma işə yeni gələn gəncin başını qara buludlar təki sarır.

5) Bir uşağın eşitdiyi xəbər doğrultusunda onda yaranan duyğunun təsirindən əl atdığı ağlagəlməz əməllərdən ailəsi çox əziyyətlər çəkmək məcburiyyətində qalır. Allahdan ona vergi veriləcəyini düşünür uşaq əgər “Beyin silkəməsi”(hekayəsi) durumunu özününün başına gətirə bilsə. Cəhdlər edir, hər yola əl atır. Amma o, bilmir bu cür şeylər cahilliyin əlamətidir. Yüzdə bil adamda ola bilər. Oda ki, təsadüf nəticəsində. İnsana vergi tanrı tərəfindən elə dünyaya göz açdığı andan verilir, sadəcə həmin vergi o qədər dərində yerləşir ki, onu üzə çıxartmaq vaxt alır. 

Sadəcə özünü kəşf etmək, özünə inanmaq, öz üzərində işləmək. Bu yolla gələcəyə inamlı addımlarla irəliləmək mümkündür. 

6) Qarğış etmək. Kimisə acılamaq. İnsan insana pis gün arzularmı heç? Bəli hərdən elə hadisələrlə, elə haqsızlıqlarla, elə nahaqq hərəkətlərlə qarşılaşar ki, insan istəmədən olsa dilindən qarğış dolu sözlər tökülər durmadan.

Kişi olsun, qadın olsun fərqi yoxdur. Gərək haqq iş tutub, heç kimin qarğışına tuş gəlməyəsən. Gəldinsə qurtardı getdi. Onun altından heç nə itirməmiş xilas olmaq çətin məsələ.

İt qarğışı hekayəsi: Bir kişinin evinə arvadının dır-dırına qarşılıq olaraq pul aparmaq istəyindən yolunu azaraq yalançı yollarla pul qazanmasından bəhs edir. Özünü təhsilli sanıb, aşağı vəzifəli işləri görmək istəməyən kişi ən asan yola əl ataraq insanlardan pul qoparmağa başlayır. Harda itlə gəzən sakinlər gördüsə, fürsətdən istifadə edib iti hirsləndirərək öz üzərinə salır. Yalandan yerə uzanaraq, ayağını tutub, iti gəzdirən adamı hədələməyə başlayır. Ondan istədiyini qoparanacan. O ki, pulu qopardı işi də burda bitir. Fəqət bu işin ömrü az olmur. Günahsız yerə bir nəfərdən qopardığı pulun müqavilində başına gələn olayın fonunda ədalətin bərqərar olmasına şahid olur oxucular.

Bu dünyada heç nə cavabsız qalmır. İnsan nə edirsə, mütləq cəzasını alır, bizdən xəbərsiz. Bunu unutmamaq lazım.

Cek Londonun "Ağ diş" əsərini xatırlayan var aranızda mütləq. İtin dilindən danışan yazıçı bizi bəzi həqiqətlərdən hali edir. 

7) və 8) "Mən inəyəm"və "çaqqal" hekayələrini ayrıca yerə qoymaq gərək. Burda obrazlar insanlar deyil, dilə gələn heyvanlardır. Birinci adını qeyd etdiyim hekayədə ölkəmizə gətirilən xüsusi sort inəklərin hansı şəraitdə saxlanması elə bir inəyin dilindən bizə nəql olunur. İlk öncə hekayə müəyyən qədər gülməli hal alır, oxuduqca isə həmin gülməli sayılan hadisələrin alt qatında zərrə boyda həqiqətin işaltısı gözümüzü qamaşdırır. 

Çaqqal hekayəsi isə çaqqal cildinə bürünmüş insanlar haqqında təmsildir. Çaqqal deyir ki, anlamıram niyə görə mənim adımı söyüş kimi işlədirlər? Hə çaqqal çaqqallığı ilə öz adanın qeydinə qalır, biz isə öz-özümüzü çaqqal səviyyəsinə endirik. Bəzən həmin çaqqal xislətiylə hətta sevinənləri görüb heyrətlənirik. İnsan niyə ona deyilən çaqqal, tülkü, nə bilim digər heyvan adlarıyla qürurlansın ki?

9) Dünyada kişilər olmasa idi nə olardı? Gəlin bir düşünək. Həyatın nizamı pozulardı. Artış olmazdı. Qadınların hər tərəfi bürüyən hissi, alovu dünyanın məhvinə gətirib çıxarar, dünya məhvərindən çıxardı. Təkcə dünyada kişilərin olmaması deyil, qadınların olmaması bu cür təhlükələri törədən əsas fəlakətlər biri olardı. 

“Qadınlaşma” hekayəsi kişilərin həyatına sadəcə qadın olaraq davam etməsinin alleqorik-distopik macərasıdır. Göy üzündə yazılan qadınlaşma sloganı hər şeyi bir-birinə qatır. Artıq labüd sona az qalıb. Ümid görünmür masmavi səmada. 

Ümid göydə deyil, yerdə, yerin altında, zirzəmidə özünü büruzə etdirir. Amma bu qələbəyə, əvvəlki dönəmə dönməyə kömək olacaqmı sizcə? Bilməm.

10) İnsana xoş üz göstərib, onlara kömək etmək olar. Amma onların ailədaxili vəziyyətinə müdaxilə etmək qətiyyən olmaz. Əsas da qadınların. 

Məhəllənin balaca dükanında işləyən qadından kişinin aldığı siqaret ilə başlanan münasibət sonradan satıcı qadına daha çox xeyir vermək çabasına dönüşür. Bunun müqabilində kişi bir gün şahid olduğu hadisəyə- qadınla qızı arasındakı daxili konfliktə müdaxilə edir, bu hadisədən sonra qadın həmən kişinin üzünə pul üstündə durmağa, onu əfəl, səy yerinə qoymağa başlayır. 

Qonşu qadın hekayəsinin əsas xəttini biraz əvvəl danışdığım olaylar təşkil edir.

Get-gedə bu hal daha artır. Kişi əvvəl buna fikir verməsə də, axırda vəziyyəti anlayıb, dillənməyə başlayır. Qadın isə öz günahını, kiçik hadisənin yaratdığı nahaqq hərəkətini duymazdan, görməzdən gəlir.

11) Balıq hekayəsi.

Böyük nüfuza malik insan . Bir balığın əlində girinc-giriftar. Nə qədər səy göstərirsə, həmin balığın həyatına son qoyub, onu öz tilovuna keçirə bilmir. Hətta sonda hovuzun suyunu azaltmaq belə onun köməyinə çatmır. Baş vermiş qəribə təsadüf nəticəsində balıq sağ qalır. 

Bəs hansı hadisə balığı xilas edir?

12) Artıq elə bir zəmanəyə yetişmişik ki, insan həyatının dəyəri qara qəpiyə dəyməz olub. Ortada qazanc yoxdusa, ən yaxın adam belə yada çevrilməyə başlayır.

Miras hekayəsi: Anasının ölümünə qarşılıq övladlarının üzülməməsi, əksinə rəhmətə qovuşan ananın geriyə qoyduğu evi, malı-mülkü bölüşmək istəyindən doğan dava-şava. Qadının meyidinin ortada qalması, ona heç kimin yaxın durmamasının verdiyi vecsizliyin naqolay durumu. Hekayənin sonunda cərəyan edən olaylar fonunda biz bir daha onu dərk edirik ki, ortada halallıq yoxdusa, mal-mülk sənə deyil, başqalarına nəsib olur. 

13) Duman hekayəsi…"


 (Birdən yağış tamamilə kəsir. Ətrafı “Duman” sarır. Maşınlar sürətini aşağı salır. "Sürücü" də nəsə yaxşı görünmür. Diktafonu söndürür. Özünü sakitləşdiməyə çalışır.)

Bu ədəbiyyat deyil, bu filmdir. Kanalı dəyişməyin

Bu dəfə yox. Qoymayacam üzə çıxsın. Onun halı qarışır. Yanında kimsə görünməyə başlayır:
 

 - Hə necəsən?
 - Ay da yenə gəldin?
 - Gəlməyəydim ki?
 - İstəmirəm gəlməyini
 - Gedim mi?
 - Nolar çıx get?
 - Hara gedim ki?
 - Gəldiyin yerə. Həbsxanaya
 - Ora darıxdırıcıdır yaman.
 - İndi səni maşından atacam. Ağlın başına gələcək.
 - Hahaha. Məni güldürmə. Onu hara basdırdın?
 - Özün bilirsən də. Adam kişi olar.
 - Ağlayanda elə demirdin axı? Məndən kömək istəyirdin
 - Əla kömək etdin axı. Sənin işini ört-basdır edənəcən xəşilim çıxdı.
 - Məni belə çox istəyirsən?
 - Səni yox, özümü.
 - Yaxşı, yaxşı.
 - Onsuzda şəhərə qayıdan kimi polisə təslim olacam.
 - Ağlına belə şey gətirmə. Öldürərəm səni.
 - Onsuzda ölmüşəm. Basdıran yoxdur.
 - Bəs səhərdən o nədi boş-boş diktafonu qoşmusan, dingildəyirsən.
 - Sənə nə. Özüm bilərəm.
 - O kitabdır hər şeyin baiskarı.
 - Sənsən. Kitab deyil. Məni bezdirmisən.
 - İndi belə deyərsən. Sənə kömək edəndə heç dilinə yaxşı kəlmə gətirməzsən.
 - Mənə ziyandan başqa nə etmisən.
 - İndi telefonu götürüb ataram maşından ağlın başına gələr.
 - Elə şey etsən cəzasını artıqlamasıyla alacaqsan.
 - Hə məni neyləyəcəksən ki?
 - Görərsən.
 

O, telefonu əlinə alıb maşından atmaq istəyəndə. "Sürücü" anidən əyləci basır. Onun başı patpressə dəyir. Huşu özündən gedir. 

Duman yatışmağa başlayır. O, başını ruldan qaldırır. Əliylə başını tutur. Deyəsən başı biraz əzilib. Əlində biraz qan görünür. Onun üzündəki ani gülümsəmə, öz yerini soyuqluğa ötürür. Arxadan gələn maşınlar dayanıb yerə düşüb ona tərəf qaçırlar:
 
 - Ay qardaş sənə nə oldu?
 - Heç nə hər şey qaydasındadır.
 - Təcili yardıma zəng edin gəlsinlər. Sən tərpənmə.
 - Heç nə lazım deyil. Narahat olmayın. Sadəcə qabaqdakı maşın asta gedirdi. Mən isə biraz sürəti artırdım, yığışdıra bilmədim. Yaxşı ki, ara məsafəsi vardı. Maşına dəymədim.
 - Gəl səni həkimə aparaq. Beyin silkələnməsi zad keçirərsən. Özünün xəbəri olmaz.
 - Yaxşıyam sağ olun.

O, bütün təkidlərə rəğmən maşını işə salaraq yola düşür. Duman artıq tamam çəkilmişdi. Telefonun yerində olmadığı fərqinə varanda hirslənir. Maşını kənara çəkir. Telefonu axtarır. Amma heç cürə tapa bilmir. Əsəbindən bilmir nə etsin.

“Heyf o qədər danışdım, hamısı havaya getdi. Yenə öz-özümlə qaldım. Yağışdan sonra dumanın çökməsi möcüzəvi hadisə idi. O,məndən heç cürə əl çəkmək istəmir. Gərək birdə o hekayənin adını dilimə gətirməyim.” 

Kamera bizə oturacağı göstərir kitab yerində yoxdur. Onun isə bu yadına düşmür. Təzədən avtomobili xodlayıb yoluna davam edir.

Şəhərə çatanda hava tamam qaralmışdı. İlk öncə həkimə baş çəkir. Başını yoxlatdırır. Ciddi bir şey olmadığı müəyyən edilir. Tibb bacısı onun başını sarandan sonra evə tərəf üz tutur. Maşını həyətdə saxlayıb düşür. Binanın blokuna tərəf addımlayır. Kamera onu gah uzaqdan, gah da yaxından müşahidə edir. Birdən səs eşidir. Geriyə baxmadan yeyin addımlarla bloka tərəf qaçır. Kamera isə onun qaçdığı tərəfi deyil, maşına fokuslanır. Yavaş-yavaş maşına yaxınlaşır. Qabaq tərəfdən avtomobilin içinə girərək bizə "sürücü"nün oturduğu oturacağın altını göstərməyə başlayır. 

Biz orda nə görürük?

Duman kitabını. Kitab burdadır. Bəs telefon?

Kitab nəsə tərpənməyə başlayır. Sanki kitabın içində nəsə var. Gözümünüz ucu ilə işıq parıtısı hiss edirik. Aha deməli tormaz verilən zaman telefon necə olubsa kitabın içinə düşüb, sonradan isə ikisi "sürücü"nün oturacağının altına gedib.

Növbəti gün. O, həyətə düşür.  Maşına sarı yönəlir. Qapını açır. Qeyri-ixtiyari oturacağın altına baxır. Əlini salıb kitabı ordan çıxarır. Kitabı açır. Telefonun orda olduğu görür. Enerjisi qurtardığı üçün telefon artıq sönmüşdü. Düşünür ki, evə qalxıb, telefonu “zaryatka”ya qoysa gec olacaq. İşə çıxmağa qərar verir. Kitabı "bardaçok" atır, telefonu cibinə basır. 

Maşını işə salıb 28 maya üz tutur. Taksi sözü yazılmış içində balaca lampa olan əşyanı maşının üzərinə yerləşdirir. 

Gün ərzində sərnişinləri Hövsana aparıb, geri dönür. Telefonunu yaxınlıqdakı marketdə enerji ilə doldurur. 

Bu filmdir, yoxsa ədəbiyyat. Baş açmaq olmur.

Axşamən düşməyinə az qalıb. Hava qaralmamış "sürücü" "bardaçok”u açır. Kitabı götürüb vərəqləyir. Təsadüfən "Duman" hekayəsi gəlib düşür. Birdən pəncərəsi tıqqıldayır. O, kitabı yana qoyaraq şüşəni aşağı endirir:
 
 - Salam
 - Salam
 - Deyəsən boşsunuz?
 - Bəli.
 - Mən Hövsana getməliyəm.
 - Buyurun keçin oturun.
 - Çox sağ olun

O maşının digər tərəfinə keçib qapını açır:
 

 - Gördüm hamı qışqırır, Hövsana manatdan, sizdən başqa. Bu məni diqqətimi çəkdi. Ona görə sizinlə getmək istədim.
 - Hə biraz fikirlərim qarışıqdır üzrlü sayın.
 - Nə olub ki?
 - Heç, boş verin.

"Sürücü" bir qabağa baxır, bir də müştərinin üzünə. Gözlərini ovxalamağa başlayır. Yanında oturan müştərinin tanış üzü onu karıxdırır.
 

 - Siz Azər Qismətsiz?
 - Hə. Nə olub ki?
 - Heç. Sizi yaxından gördüm. Biraz təəccüb etdim. Düzün desəm, hətta çox sevindim.
 - Olan işdir.
 - Sizə bir şey deyim, amma gülməyin
 - Gülməyəcəm, söz verirəm. Əgər gülməyim gəlsə ağzımı tutacam. Narahat olmayın.
 - Bu yaxınlarda sizin "Duman"(yenə bu sözü dedim, allah sən saxla) kitabınızı oxuyurdum.
 - Aha. Sevindim vallah.
 - Hə. Maraqlı hekayələriniz var.
 - Çox sağ olun.
 - Hə, hətta rayondan geri dönən zaman sizin hekayələriniz haqda diktafona öz səs yazımı yazdım. Özümə görə təhlil apardım. Bilmirəm necə alınıb, heç özüm də qulaq asmamışam.
 - Nə gözəl. Əla. Mənə göndərə bilərsiniz. Evdə qulaq asaram.
 - Olar. İndi göndərim?
 - Hə.
 - Telefon nömrənizi verin
 - 050- Xh- Yg-Nj
 - Aha. Düşdü kontakta. İndi whatsappda göndərirəm sizə.
 - İnanıram maraqlı olacaq. İlk dəfə belə şeyə rast gəlirəm.
 - Mən də ilk dəfə belə şeyə qol qoydum.
 - Bütün bunlar hamısı yaxşıdır. Amma mən sizə bir söz deyim.
 - Deyin. Buyurun.
 - Bizim getmək imkanımız olacaq?
 - Necə yəni?
 - Sizinlə söhbət xoşdur, amma mən səhər işə getməliyəm. Hələ evə gedib çıxmamışam.
 - Bağışlayın Azər müəllim. Üzr istəyirəm
 - Belə şeylərə diqqət et.
 - Mütləq.
 - Bir də olmasın. Yoxsa səni şikayət edərəm.
 - Azər müəllim etməyin, eləməyin. Kasıb insanam.
 - Yaxşı, sənin xətrinə etmərəm.

"Sürücü" maşını işə salıb, yola çıxır. Onlar Hövsana doğru yol alırlar.

Azər Qismət birdən gülməyə başlayır. "Sürücü" maşının aynasından ona tərəf baxır:
 

 - Bilirsiniz nəyə gülürəm?
 - Ola bilsin ağlınıza bir lətifə gəlib. Ona gülürsünüz.
 - Yoxe. Bayaq sizə dediyim sözlərə görə gülmək tutub məni.
 - ...
 - A, səninlə zarafat edirdim. Özünü tox saxla, narahat olma. Heç kimə şikayət edən deyiləm mən. Sadəcə maşında tək getmək üçün bu yola əl atdım. Yoxsa hələ orda adam gözləyirdik.
 - Hə, hə başa düşdüm.
 - Zarafat eləmirəm e, doğru deyirəm. Sən mənə kitab haqda yazdığın səsi göndərdin də.
 - Hə, göndərdim.
 - Ay, çox sağ ol. Nömrəni də versən yaxşı olar.
 - 050-Rh-Tl-Md
 - Qeyd etdim.
 - Sabahda, biri gündə sizinlə əlaqə saxlayacam mütləq.
 - Çox sağ olun Azər müəllim
 - Dəyməz

Azər Qismət N.-ə zəngə edir. Hal-əhval tutur. 

Mənim kitabım haqda nəsə yaza bildin? Hələ yazmamısan? İndi taksidə Hövsana gedirəm. Burada gənc oğlan "Duman" kitabı haqda diktafona səsini yazıb. Axşam onu dinləyəcəm. Əgər bəyənsəm sənə göndərərəm kompüterdə yığıb, ədəbiyyat.az saytında verərsiniz. Oldu. Görüşərik.

“Sürücü” Azər Qisməti ünvana çatdırıb geri dönür. Evinə qayıdır. Sevincindən yerə-göyə sığmır. Sabahın açılmasını səbirsizliklə gözləyə-gözləyə onu divandaca yuxu öz ağuşuna alır.

Səhər saat on. Evdə sükut hakimdir. Bir nəfər divanın başında dayanıb. Sağ əlində kitab tutub. .”Sürücü” hələki dərin yuxudadır.  Kitabın adını çətinliklə oxuya bilirik. Çuğ… ÇUĞ…ÇU-ĞUL-LAR… Çuğullar..

Masanın üstündəki telefon zəng çalmağa başlayır. Ekranda Azər Qismətin adı görünür. 

Sonra kamera bizə oğlanın baş ucunda dayanan şəxsin gülümsəyən üzünü göstərir. Burada Azər Qismətin vaxtıyla dediyi “Gülümsəyin, cənablar. Gülümsəyin”sözlərini xatırlayırıq.

Əgər burda film bitirsə ekranın ortasında adətə uyğun olaraq böyük hərflərlə yazılır: SON

Əgər ədəbiyyat( hekayə, məqalə, yazı və s.) bitirsə adətə uyğun olaraq belə yazılır: 26.10.19 – 30.10.19

Bu film idi yoxsa ədəbiyyat? Qərar sizindir.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)