Edebiyyat.az » Söhbət » Gənc yazıçı Şamil Həsənlə söhbət

Gənc yazıçı Şamil Həsənlə söhbət

Gənc yazıçı Şamil Həsənlə söhbət
Söhbət
admin
Müəllif:
09:24, 15 avqust 2025
370
0
Gənc yazıçı Şamil Həsənlə söhbət



Salam, Şamil bəy. 

İlk sual elə ədəbiyyatdan olsun. Neçə vaxtdır yazırsız? Azərbaycan ədəbiyyatı hansı mərhələdədir sizcə?

– Salam, Nemət bəy. Yazmağa 13-14 yaşımdan başlamışam, bu proses indiyədək fasilələrlə davam edir. Yadımdadır, 7-ci sinifdə oxuyarkən sinif rəhbərim bizim sinifə gündəlik tutmağı, hər gün heç olmasa üç-dörd cümləlik günlük yazmağı, bir günümüzü sistemli şəkildə ifadə etməyi tapşırırdı, hətta gündəliyə özü nəzarət edir, hər günlüyün altından öz imzasını çəkirdi. İlk vaxtlar bu bizə absurd görünürdü, mən, ümumiyyətlə, bunu ta 20 yaşıma qədər tam dərk edə bilməmişdim, ancaq yenə də yazırdım, yazmaq mənim üçün ehtiras idi. İlk hekayəmi 20 yaşımda yazmışam, özü də çox pessimist idi, lakin qeyd elədiyim kimi, əvvəllər gündəliklərimdə zamanla müxtəlif təsvirlərdən istifadə edir, dağınıq "hekayə" yazırdım.

Sualın ikinci hissəsinin cavabını vermək üçün gərək bizim xeyli vaxtımız olsun. Binamızın qarşısında hələ kökləri tam şaxələnməmiş yamyaşıl bir ağac var idi, o ağac bağbanlar tərəfindən himayə olunurdu, sonra bir bədnam tufan oldu, o zavallı ağac gövdəsindən qırılıb böyrü üstə qaldı. İndi o ağacın köklərindən yeni pöhrələr çıxır. Azərbaycan ədəbiyyatı bu cürdür. Ümidimiz o pöhrələnmiş budaqlaradır.

Yazı prosesi zamanı mühit necə olmalıdır?

– Mənim masamda konkret olaraq hər gün eyni şey olmur, ancaq daim kağız, avtoqələm və mürəkkəb hazır olur.

Digər tərəfdən məncə, bir yazıçı və ya ümumiyyətlə, bir incəsənət nümunəsi yaradan insan yaratdığı əsəri yaşamalıdır. Əgər yazdığın cümlələr iliklərinə qədər hiss edib bədənini titrətmirsə, məncə, məqsədinə çatmamısan. Bu individual bir məsələdir, yəni ədəbiyyatın obyektiv kriteriyası bu deyil, forma, məzmun və aktuallıq və s. bir-birini tamamlamalıdır, bunun həyata keçməsi üçün də ədəbi tənqid mühiti olmalıdır. Bir sözlə, yazı mühiti yazıçıda başlayır, ədəbi tənqidçidə kuliminasiyaya çatır, oxucuda tamamlanır. İncəsənət insanı obyektiv tənqidə açıq olmalıdır, tənqiddən qorxan bu işə qol qoymamalıdır.

Mingəçevir ədəbi mühiti Bakı ədəbi mühiti ilə ayaqlaşırmı?

– İcazənizlə Nemət bəy, mən sualınızda yüngülvari dəyişiklik etmək istəyirəm, təbii ki, sizin bu sualınıza da məmnuniyyətlə cavab verəcəyəm. Bakı ədəbi mühiti Mingəçevir və ya digər şəhərlərin ədəbi mühiti ilə hesablaşırmı? Artıq bütün yollar Romaya aparmır, Bozdağın ətəyinə də nəzər salmaq lazımdır.

Mingəçevirdə intellektual və yaradıcı gənclər var, bir internet brauzerində axtarış etdikdə həmin gənclər haqqında məlumata sahib olmaq mümkündür. Mənim dəfələrlə şahidi olduğum və əminliklə bildiyim bir şey var: əgər region ədəbi mühiti paytaxtla ayaqlaşa bilmirsə, bunun yeganə səbəbi maddi imkanla bağlıdır, doğrudur, paytaxtda yaşayan insan da bunu zülmlə edir, lakin əsas odur edir. Regionda isə bu şans çox-çox azdır, bizim qarşımızda olan problemlərdən biri də budur.

Roman, hekayə, şeir, pyes və s. hansı janr sizə yaxındır?

–Hamısı yaxındır, amma esse daha yaxındır, çünki gündəliyimi müntəzəm olaraq yazıram. Son beş ildə yazdığım gündəliklər bir esselər toplusudur, digər tərəfdən bu yeni bir hekayə və s. yazmaq üçün bir qızınma hərəkəti sayıla bilər.

Dünya ədəbi mühitində Azərbaycan ədəbi mühiti hansı səviyyədə təmsil olunur?

–Məncə, təmsil olunmur. Bilmirəm, bəlkə, mən təmsil olunmaq anlayışına bir az fərqli baxıram. Amma mən hələ dünya ədəbiyyatında təmsil olunmağımızla bağlı məqama rast gəlməmişəm. Lakin təmsil olunmağı hansısa yazıçının bu və ya digər əsərinin xarici dilə tərcümə olunmağını təmsil olunmaq saymırıqsa. Əgər Nizami Gəncəvi ilə dünya ədəbiyyatında təmsil olunuruqsa... mən bu məsələdə bir az fərqli düşünürəm. Bizim xalqda keçmişlə öyünmək var, biz babalarımızla qürur duyuruq, amma bir baba öz nəvəsiylə qürur duyurmu? Bu hal istisna sayılar sanki.

Gənc yazıçı olaraq gələcəyi necə görürsən?

–Möhtəşəm. Bu mənim dünyagörüşümlə bağlı bir şeydir yəqin. Əgər bakterioloji, yaxud digər kimyəvi silahlarla ölməriksə və bu amal uğrunda mübarizə apararıqsa, gələcək möhtəşəm olacaq. Düzdür, xeyli cəfa çəkəcəyik, xeyli ölüm-itimlərlə qarşılacağıq, lakin bir az ümid, bir az da əzmkarlıqla bunun öhdəsindən gələcəyik. O gün uzaqda deyil, dünyada istismar səltənəti çökən gün hər şey möhtəşəm olacaq, hər şey.

Yazıçı kimi səni hansı problemlər maraqlandırır?

–İşsizlik, səfalət, qorxaqlıq, məddahlıq, alçaqlıq və daha nələr. Bu məni olduqca narahat edir... Azad sənət yoxdur, əslində, sənətkar öz sözünü azad deyə bilmədiyinə görə incəsənət dilinə baş vurur.

Yazıçı üçün oxumaq vacibdirmi?

–Yazıçı üçün həm oxumaq, həm də qələmini korşalmaqdan qorumaq üçün davamlı yazmaq çox vacibdir. Bıçağın əksinə qələm istifadə olunduqca daha da itiləşir, qələmin yeyəsi kağızdır. Səhv etmirsəmsə, Seymur Baycan deyirdi ki, bir hekayə yazmaq üçün gərək Azərbaycan dilində bir neçə kitab oxuyasan ki, əsəri anlaşıqlı yaza biləsən. Əslində, oxumaq, daha doğrusu kitabı yeyib qurtarmaq yazıçı üçün bir qida qədər vacibdir.

Yaşıdlarına hansı tövsiyələri verərdin? Yazmağa dəyərmi?

–İndi yazmağa dəymir, amma hər halda yaşamağa dəyər. Həyat mübarizə aparmağa dəyir. Mübarizə yalnız yazmaqla olmur ki. Məsələn, bir tikinti və ya market işçisi hər səhər tezdən qalxıb düz axşamacan 12-14 saat ruhu bədənindən çıxanadək işləyib ailəsinə yarımqarın çörək aparır. Bax, bu mübarizədir, bu yaşamaq uğrunda mücadilədir, bu xalis həqiqətdir. Deməli, həyat yaşamağa və mübarizə aparmağa dəyir. Dəymir deməyə mənəvi haqqım çatmaz... Yaşıdlarımdan bir xeylisi bu mübarizəni şiddətlə aparır həm də.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)