Günel Mehri - “Gecə düşüncəsi”
25 iyun, 2023
Aylı, ulduzlu, işıqlı bir gecənin içindən keçirəm. Yaddaşımın trayektoriyasında xoş iz buraxacaq bir gecədir...
“Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı...”
Dənizlə üzbəüz dayanmışam. Sakitcə ləpələnir. Ləpələr ay işığından gümüşü bərq vura-vura Xəzərin pıçıltılarını mənə ötürür:
Bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki...
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...”
Gözlərim dənizə zillənsə də, əslində az öncə izlədiyim konsertin dalğasındayam. Barmaqlarım telefonun sensorunda gəzişir:
-Salam, Xəzər.
-Salam.
- Konsertdən sonra necəsən?
-Rahatam... Düşünürəm...
“Gecə sakit... düşüncəm sakit deyildir fəqət,
Gözlərimin önündə canlandı bir həqiqət.
Xəyalım ənginlərə o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
İlk dəfədir kainat-
Dünyanı sellərində çalxayan bizim həyat
Sağda, solda döyüşmüş,
Sonra yoluna düşmüş...”
Xəyalımda yeni yazımın eskizləri cizgilənir. Beynimdə yazının yan-yörəsindən boylanan suallar sıralanır. Birdən konsertdən çıxanda gördüyüm cütlüyün dialoqunu xatırlayıram:
“Səmaya bax. Nə işıqlı gecədir...”
“Hə... Bu axşam röya kimi keçdi... Səmanın gözəlliyi də o gecənin davamıdır elə bil…”
-Deyirəm, röya kimi keçdi konsertin, Xəzər. Təbriklər!
- Hər şey röya ilə başlamışdı da...
-Yadımda...
Yaddaşımın pazlları yan-yana düzülür.
Noyabr, 2022.
Feysbukda qiraətçi Xəzər Süleymanlının paylaşması qarşıma çıxır:
“Maraqlı bir yuxu görmüşım. Görürəm, Heydər Əliyev Sarayında konsert verirəm. Anşlaqla keçir. O qədər gözəl hisslər içində oyandım ki, qərara gəldim, bunu sizinlə paylaşım. Nə deyirsiz, sarayda musiqili şeir gecəsi edəkmi?”
Və yüzlərlə insanın istəyi üzərinə həmin röya gerçəkləşir. Özü də nəzərdə tutulduğu kimi bir gün deyil, düz iki gün Heydər Əliyev Sarayı şeirsevərlərlə dolub-daşır.
“Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!
Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!
Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,
Yarı qönçə, yarı gül.”
15-16 yanvar, 2023
Mən də ordayam. “Hicaz” qrupu və Xəzər Süleymanlının vəhdəti canlı musiqiylə poeziyanı elə qovuşdurur ki, zal bu tandemin möhtəşəmliyindən vəcdə gəlib haldan-hala düşür, tərki-dünya olur... Yanan qəlblərə bir parç sərin su misalı unudulmaz gecə yaşayırıq... Təbəssümə qərq oluruq, kövrəlib fərəhlənirik. Hər rəngdə duyğu var burada: insani hisslərdən tutmuş, Vətənə sevgiyə, İlahi eşqə kimi...
“Səni gördüm, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizə bu nazlı aləm görünərdi qaranlıq,
Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.”
Gecənin sonunda dolub-dolub boşalmış zal əhli bir növ katarsisə uğrayır və hamı bir nəfər tək ayağa qalxır, vahid əl kimi səhnədəkiləri alqışlayır. Tədbirə damğa vuran isə dəyərli Ramiz Rövşənin nitqidir. Deyir, Xəzərə minnətdaram. Bəzən unutduğum şeirlərimi onun ifalarında eşidib xatırlamışam. Məncə, bu tədbir təkcə Xəzərin tədbiri deyil, bu, şeiriyyətin qələbəsidir. Poeziya bumunun təntənəsidir. Və onun ədəbiyyata illərlə belə təmənnasız xidmət göstərməsi ancaq alqışa layiqdir. Təsadüfi deyil ki, Xəzərdən sonra qiraətə maraq da çoxaldı və nə qədər gənc qiraətçilər meydana çıxdı...
Yenidən aramızdakı virtual körpüyə qayıdıram:
-Nə hiss edirsən, Xəzər? Bir ildə üçüncü dəfə minlərlə insanı şeir işığına toplaya bildin...
-Düzünü deyim, səhnəyə keçəndə ilk onu düşünürəm ki, həqiqətənmi, bu qədər insan mənə görə gəlib?.. Yəni əvvəllər də bədii qiaətlə məşğul olan böyük sənətkarlar olub: Həsən Əbluç, Əminə Yusifqızı və digərləri... Amma Heydər Əliyev Sarayında “Hicaz” qrupu ilə hazırladığımız “Məni gözəl xatırla” adlı musiqili poeziya gecəsi qiraət tarixində bir ilk idi. Maraqlıdır ki, həmin sarayın səhnəsində mən birinci dəfə çıxış edirdim. Hansı duyğular keçirdiyimi sözlərlə ifadə edə bilmirəm...
Xəzər danışır. Mənim hafizəmdə isə növbəti pazl canlanır:
May, 2019, Azərbaycan Dövlət Akademik Filarmoniyası.
Vaqif Səmədoğlunun yubiley gecəsidir. Tamaşaçılar arasındayam. Səhnədə bir-birindən dəyərli qiraətçilər əyləşib, növbəylə şairin incilərini dilləndirirlər. Xəzər Süleymanlı da onların arasındadır. Necə həyəcanlıdır... Təəccüblü deyil. Birinci dəfəfir, belə təntənəli tədbirdə aparıcı qismində səhnəyə çıxır, şeir deyir. O vaxtlar bir çoxları kimi mən də onu sosial şəbəkələr üzərindən paylaşdığı şeir ifalarıyla tanıyıram. Anşlaqla keçən tədbir bitəndə alqışlardan bəlli olur ki, həmin gecə o səhnədə Azərbaycan poeziyasının yeni siması doğulur. Bu qəliz zamanda poeziyanı minlərlə insanın həyat tərzinə çevirən sima... Sən demə, nə qədər ehtiyac var imiş, bu qaçaqaç, qovhaqov dünyada beş dəqiqə imkan tapıb əlçatmaz bir liman kimi şeirə, sənətə sığınmağa... Və bu ehtiyacı yavaş-yavaş onun ifaları doldurur.
-Bilirsən, uşaq vaxtı mən futbolçu olmaq istəyirdim. Həmişə düşünürdüm, görəsən necə hissdir: məsələn, 6-7 yaşda futbola başlamaq, sonra kimlərinsə səni kəşf edib hansısa klubun azyaşlılardan ibarət komandasına çağırması, oradan da inkişaf edib sevdiyin klublara qədər gedib çıxmaq və izdihamın sevgisini qazanmış futbolçuya çevrilmək... Bu arzum reallaşmadı. Amma şeirləri sosial şəbəkələrdə ifa edə-edə düşünürdüm ki, bəlkə bir gün arzuladığım böyük səhnələrə çıxaram... Amma o vaxtlar bu arzum uzaq görünürdü...
-Xatırlayıram...
Vaxt o vaxtdır ki, Xəzər Süleymanlı avtomobilinin sükanı arxasında səsləndirdiyi şeirlərlə bəzən ayrılıq acısını, bəzən sevginin şirinliyini, bəzən də həyatın çətinliyini dinləyicilərinə daddırır. Bildiyimiz və adını ilk dəfə eşitdiyimiz klassik və müasir şairlərin misralarını addım-addım, zərrə-zərrə beynimizə mismarlayır, ruhumuza hopdurur. Bəzən yaşadığı duyğuları kiçik video-çarxlarla çatdırır və bu çarxlar nəinki gənc, həm də yaşlı nəslin, həm də ana dilimizə bələd olan qonşu millətlərin yutub üzərindənn ən çox izlədiyi paylaşmalara çevrilir. Aylar ötür, illər dolaşır və Xəzərin səsi telefonlardan efirlərə, efirlərdən böyük səhnələrə yayılır. Ev-ev, kənd-kənd, şəhər-şəhər dolaşıb insanların sevgisini qazanır. Hə, ola bilsin, bəzi insanlarda sənətə başqa sahədən gəlmiş Xəzər Süleymanlının ifalarıyla ilə bağlı fərqli düşüncələr, yanaşmalar da olur və bu çox təbii haldır. Mənə görə, sənət olan yerdə müzakirə var, müzakirə olan yerdə tənqid, tənqid olan yerdə isə inkişaf...
Xəzər mənim düşüncələrimdən xəbərsizcə öz fikirlərini bölüşməkdə davam edir:
-Əslində mənə görə, bu həyatda şeir də, sənət də nisbidir. Ən önəmlisi və çətini yaşamağı bacarmaqdır.
-Maraqlı yanaşman var. Mənə görə, insan sevdiyi işlə məşğul olanda və gördüyü işə görə ətrafının sevgisini qazananda hədər yerə yaşamadığını anlayır... Səncə, Yaşıl teatrdakı konsertdən sonra o boyda insanı səhnəyə - səninlə görüşməyə qaldıran hansı duyğu idi?
-Hm... Maraqlıdır ki, mən əlimdə mikrafon səhnəyə çıxanda gözümün qarşısında balaca Xəzər canlanır. Elə bilirəm, qoltuğunda ağ-qara topu mənə baxıb gülümsəyir...
Demək, bütün nailiyyətlər balaca Xəzəri sevindirmək üçünmüş... Hə, bir də doğmaları... Onun birdən-birə mühəndislik karyerasına xitam verməsinə təəccüb edən doğmalarını... Qəribə həyat trayektoriyası var Xəzərin: həvəskar futbolçu, peşəkar mühəndis və minlərlə insanın sevgisinə nail olmuş şair-qiraətçi... Yadıma düşür ki, yaxınlarda bir tədbirdən foto paylaşıb yazmışdı: “Aşağıdakı binalar mühəndis kimi ən sonuncu işlədiyim tikililərdir.” O paylaşmanı görəndə düşündüm ki, simvolikaya bax... Adam şeir sənəti ilə ucaldığı zirvədə dayanıb geridə qoyduğu keçmişinə təbəssüm edir. Demək, doğru yoldadır... Yaşıl teatra təşrif gətirən böyük sənətkarlara baxıram: Ramiz Rövşən, Rafiq Əliyev, Flora Kərimova, Nazpəri Dostəliyeva, bir də gecə boyunca şeirləri, qəzəlləri sıralanan şairlərin adlarına: Nəsmi, Ramiz Rövşən, Əli Kərim, Qulu Ağsəs, Aqşin Evrən... Demək, illərlə binaların inşası ilə məşğul olmuş bu peşəkar mühəndis şeirə, sənətə təsadüfən gəlməyib. Gəlib ki, qəlb oxşayan şeirlərlə ruhumuzu inşa etsin... Belə də ki, bütün təsadüflər zərurətdən doğmurmu?..
-Bir məqam diqqətimi çəkdi, Xəzər. Hər iki konsetdə səninlə birgə səhnəyə çıxan balaca qızlar...
-Hə. Peşəkar xor qrupu deyil. Təklif “Hicaz” qrupunun bədii rəhbəri Eyvaz müəllimdən gəlmişdi. Hamısı bizim ansamblın uşaqları, ya tanışlarının balalarıdır. Mən də qardaşımın qızlarını gətirmişəm: Nuray və Bahar Süleymanovaları... Bu uşaqlar hələ balacadırlar və illər sonra başa düşəcəklər ki, necə böyük səhnələrə çıxıblar...
-Eyvaz müəllim demişkən, kimlərin əməyi vardı bu konsert proqramlarında? Məsələn, fonda çarxlar gedirdi. Hətta çarxlardan birində müxtəlif obrazlarda çəkilmişdin.
-Hə. Sağ olsunlar. Eyvaz Həşimovun bədii rəhbərliyi ilə “Hicaz” qrupu, yəni bas gitarada Azad Yusubov, klavişdə Elnur Hüseynov və Yusif Haxıyev, kaman ustası Xalq artisti Elşən Mansurov, tarzən Əməkdar artist Əliağa Sədiyev, solistlər Mətanət Bədəlova, Nahidə Nur, Nicat Rəsulov, Dəyanət Məmmədov, xüsusi qonaqlar Xalq artistləri Nəzakət Teymurova və Teyyub Aslanov, uşaq xoru, tədbirin rejissorları Mir Sahib Qabiloğlu və Elçin Məmmədov, prodüser İbrahim Ağazadə, quruluşçu operator Orxan Qurbanov və digərləri... Yəni böyük bir komandanın əməyi var bu layihədə. Bəs sən nə düşünürsən konsert barədə?
-Mən... Yaxşısı budur, mən düşüncələrimi yazıya çevirim. Nə deyirsən?
- Necə istəyirsən.
Telefonu söndürüb dənizə baxıram... Ay dənizin qoynunda özünə yuva salıb. İşıqlı gecədir. Müşfiqin “Gecə düşüncəsi” beynimin dəhlizlərində gəzişir:
“Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı...”
Xəzər dənizi qarşımda sakitcə ləpələnir. Gülümsünürəm. Məncə, hər insan öz adına layiq tale yaşayır... Sənət isə yalnız şəxsiyyətlə bütövləşəndə kamilləşir və bu məqam gözü tərəzi olan xalqdan heç cür yayınmır. Əminəm, Yaşıl teatra ölkənin dörd bir yanından toplaşan insanları ancaq sevgi cəm edirdi. Və indi o tamaşaçılar sevginin ötürdüyü müsbət enerji ilə konsertdən görüntülər paylaşıb yazırlar: “Var ol, Xəzər, Süleymanlı!”
25.06.2023