Edebiyyat.az » Proza » Şahsənəm - Günahsız qatil

Şahsənəm - Günahsız qatil

Şahsənəm - Günahsız qatil
Proza
admin
Müəllif:
13:03, 23 oktyabr 2023
597
0
Şahsənəm - Günahsız qatil





 İçəri girib həyət işığını yandırdı. Ərinin avtomobili həyətdə idi. Nə həyətin, nə də evin işığı yanmırdı. Öz-özünə, yəqin yenə içib yatıb deyə fikirləşdi. Ev həyətdən üç pillə hündürdə idi. Pillələri qalxıb, seyf qapını açıb içəri girdi. Dəhlizin işığını yandırdı. Yataq otağının qapısı örtülü idi. İtələdi. Üzləşdiyi səhnə qarşısında nə edəcəyini bilmədi. Key-key baxır, ağlına heç nə gəlmirdi. Telefona gələn zəng qadını ayıltdı.

Ana, niyə cavab vermirsən? 

...

Ana, nə olub? Ata məni dərsdən götürməli idi. Zəng edirəm, cavab vermir. Mən indi nə edim?

Qızım, bilmirəm... Evə gəlmə. Aynurla onlara get. Orda qal bu gecə.

Dizi üstə çökdü. Əlləri əsə-əsə qardaşının nömrəsini yığdı...

Təcili yardım, polis işçiləri qardaşından tez çatdı. Yəqin polisə qardaşı xəbər vermişdi. 

Polisin suallarına verəcək cavabı yox idi. Otaqda əl izlərini götürmək istəyəndə məlum oldu ki, qapıların dəstəyi silinib. Yer silinib. Kamera görüntülərini incələyəndə kameraların günortadan söndürüldüyü məlum oldu. 

Otaq darmadağın idi. Yataqda lüt uzanmış ərinin ölməzdən əvvəl kiminləsə sevişdiyi açıq-aydın bəlli olurdu. Prezervativ qutusu çarpayının yanındakı tumbanın üstündə idi. İçindən biri istifadə olunmuşdu. Üzlüyü yerə düşsə də rezin yox idi. Yataqda güclə seziləcək ətir iyi qalmışdı. Meyidin gözləri şarfla bağlanmışdı. Bu şarfı ona ötən il 8 martda hədiyyə etmişdi əri. Yayda deyəndə ki, elə bil şarfdan başqa adamın qoxusu gəlir, demişdi başım ağrıyanda əlimə bu keçdi, başımı çəkdim. O da ərinə inanmışdı. Ona ərinin öz evində, öz yatağında kiminləsə xəyanət etdiyini desələr inanmaz, hətta ərinə şər atdığı üçün dava da qopardardı. Axı hər gecə olmasa da, mütləq iki gündən bir sevişirdilər. Həm də bir dəfə ilə kifayətlənməzdi. İşdə olanda erotik mesajlar yazardılar bir-birlərinə. Həftə sonlarını birlikdə keçirərdilər. Elə həftə olmazdı ki, harasa getməsinlər. Ya yaxın rayonlardan birinə, ya şəhərə, ya kinoya. Hətta yeni sevgililər kimi kinoteatrda ən son seansı seçər, arxa çərgədə oturar, öpüşərdilər. Bütün rəfiqələri ona həsəd aparırdılar. 

İndi gördüyü mənzərə qarşısında şokda idi... Pərdələr bağlanmışdı. Şkafa toxunulmamışdı. TV-də hansısa porno məzmunlu sayt açıq idi. Görünür porno filmə baxılmışdı. Polis qolundan tutub qadını ayağa qaldırdı. İki saatdır necə yerə çökmüşdüsə, eləcə də qalmışdı. Polisin köməkliyi ilə dəhlizə çıxdı. Stul çəkib, oturmağına kömək elədilər. Kimsə su verdi. Qardaşı qarşısında diz çöküb qucaqlayanda sanki yuxudan ayıldı. Qiyyə çəkib ağlamağa başladı. Ağlamağı isterik həddə çatanda polislərdən, deyəsən rəhbər olan idi, biri işarə etdi, təcili yardım həkimi iynə vurdu. 

Meyidi morqa apardılar. Həmin gecə qardaşı yanından ayrılmadı. Bacısının əllərini tutub öpdükcə o da bacısına qoşulub ağladı. Beləcə yuxuya getdilər.

Dəfn, üç, yeddi mərasimləri necə gəlib keçdi xəbəri olmadı. Sanki kabus dolu filmə baxırdı. Baş verənlər hansısa başqa reallıqda gerçəkləşirdi. Gözündən bir damla yaş çıxmadı mərasimlərdə. 

Kamera görüntülərini yoxlayanda maraqlı bir şey ortaya çıxdı. Mütəmadi olaraq, iş günlərində günorta saatlarında kameralarda heç bir qeyd yox idi. Kameralara əri öz mobil telefonundan nəzarət edirdi. Özü söndürüb, özü də işə sala bilirdi. Bəzən uşaqları harasa göndərib həyətdə sevişirdilər. O vaxt həyətə nəzarət edən kameraları söndürürdülər ki, biabır olmasınlar. Ötən günlər ərzində yaşadığı həyatın əslində bir yuxu olduğunun fərqinə varmışdı. İndən belə necə yaşayacaqdı, kimə inanacaqdı?

Ərinin qırxından sonra rəfiqələrindən biri onu demək olar ki, zorla psixoterapevtə apardı. İlk görüşdən həkim xanım ürəyinə yatdı. Bir neçə seansdan sonra artıq özünə gəlmişdi...

Həkim sabahkı pasiyentlərin siyahısına göz gəzdirəndə arada iki saatlıq boş vaxtının olduğunu görüb sevindi. Həmin iki saatda çıxıb biraz parkda gəzişər, istirahət edərəm düşündü. Sonra rəsmi sosial media hesablarını nəzərdən keçirdi. Gələn sorğulara cavab verdi. Xalatını soyunub, çantasını götürüb kabinetdən çıxmaq istəyirdi ki, mobil telefonuna zəng gəldi. Zəng edən gənc, titrək xanım səsi həkimi sanki sehirlədi. Yaxşı, sabah filan saatda gələrsiniz deyib, çıxdı.

İndi həmin səsin sahibi kresloda büzüşüb oturmuşdu. Gərgin keçən iki saat sona çatmaq üzrə idi. Qızın gel dırnaqları caynağa, tatu qaşları oğlu demiş, motosikl ruluna bənzəyirdi. Yanaqlarında, burnunda, dodaqlarında, yançaqlarında, sinəsində əməliyyat etdirdiyi açıq-aşkar hiss olunurdu. Uzun, platin rəngli saçları belə qaynaq idi. Ağlayanda gözlərindən linzanı çıxartmışdı. Qız sanki yarasını sağaltmaq üçün qabıq bağlayan ağac gövdəsi kimi özünü estetik müdaxilələr altında gizlətmişdi. Hələ danışdıqları...

...Səkkizinci sinifdə oxuyurdum. İki sinif yuxarı oxuyan bir oğlandan xoşum gəlirdi. Bir gün dərsdən çıxanda məni ötürmək istədi, evə birlikdə getdik. Onsuz da qonşu idik. Eyni vaxtda gedirdik məktəbə. Bir gün də səhər məktəbə gedəndə mənə təklif elədi ki, gəl bizə gedək. Filmlərə baxaq. Dərsə getməyək. Anam işdədir. Dərsin vaxtı bitəndə də evinizə gedərsən. Beləcə başladıq dərsdən qalıb onların evində filmlərə baxmağa. Əvvəl qucaqlaşırdıq. Sonra öpüşməyə başladıq. İzlədiyimiz filmlərin təsiri ilə oldu, ya necə, heç özüm də bilmədim... Uşaq yaşımızda, heç nə etdiyimizi dərk etmədən birlikdə olduq. O məktəbi qurtarana kimi beləcə davam elədik. Həmin yay anam məni də götürüb Türkiyəyə köçdü. Ağladım, yalvardım. Xeyri olmadı. Anam insan alverinin qurbanı oldu, məni də qurban etdi...

Çox şeylər gördüm, çox dəhşətlər yaşadım. Günün birində çalışdığımız yerə polis basqını oldu. Bizi deportasiya etdilər. Düşünürdüm ki, öz doğma şəhərimə qayıdandan sonra artıq normal qadınlar kimi iş tapıb işləyəcəyik. Amma nə anama, nə mənə normal iş vermək istəmədilər. Hara üz tutduqsa başqa təkliflər aldıq. Anam getdikcə zəifləyirdi. Bir gün oranın (onkoloji mərkəz) qapısını tanıdıq. Yaxşı idi, pis idi, hər halda anam idi. Yeganə doğmam idi... Anamı istədim aparım doğulduğu kənddə dəfn edim. Dayılarımın qeyrəti qabardı. Bilmirəm yeganə bacıları körpə uşaqla küçələrdə qalanda qeyrətləri harada idi? Anam bilə, istəyə o yola düşməmişdi axı...

Gənc pasiyent danışdıqca ağlayır, ağladıqca sanki durulurdu. Həm həkim kimi, həm qadın kimi pasiyentinin ruh halının düzəlməsi üçün əlindən gələni eləməyə çalışırdı. Həftədə bir dəfə iki saatlıq seans istəyirdi. Bir neçə seansdan sonra gənc qadın “axır ki, etiraf edəcək qədər gücləndiyimi düşünürəm, növbəti seansda sizinlə bir hadisəni bölüşəcəyəm” dedi.

Danışıqdıqlarından da anlaşıldığı kimi əxlaqsız həyat tərzini dəyişmək fikrində deyildi. Etiraf edirdi ki, işçi maaşı kimi təklif olunan 300-400 manat məbləğini o bir gecədə qazanır. Bahalı içkilər, bahalı geyimlər, özü kimi həyat tərzi yaşayan rəfiqələri ilə əyləncələr, səyahətlərdən əl çəkmək niyyətində deyil. Nəyi etiraf edəcəkdi bəs?

- Doktorum... – gənc qadının cingiltili səsini eşitcək həkimin üzünə təbəssüm qondu. Qucaqlaşdılar. Həkimə hədiyyə də gətirmişdi. İçində üzbəüz dayanıb əl-ələ tutmuş ogğan və qız heykəlciyi olan qar kürəsi idi. – Bunu masanızın üstünə qoyun, baxanda məni xatırlayarsınız, - deyib hündürdən güldü. Çantasını yerə qoyub kresloda oturdu, kresloya yayxanıb ciddiləşdi. – Başlayaq!

...Bilirsiniz, anam öləndən sonra əxlaqsızlıqdan əl çəkmək istəmişdim. Anamı mən dəfn elədim, istədim ki, mənim də övladım olsun, öləndə meyidimi ortada qoymayacaq birini dünyaya gətirim. Amma olmadı, çünkü sonsuzam mən. 

Sizə danışmışdım axı. Uşaq yaşda sevgilimlə birlikdə olurduq... – gözlərini məchul bir nöqtəyə zilləyib robot kimi danışırdı. – Anamın məni özü ilə Türkiyəyə aparmağının səbəbi... mən hamilə idim...  – Hönkürüb ağladı. Ağlaya-ağlaya: o əclaf məni abort eləmişdi. Abortdan əvvəl isə təcavüz... Bu yaxınlarda marketdə rastlaşdıq. Onun sifətini heç cür unuda bilmirdim. O isə məni tanımadı. Hardan tanıyacaqdı? Kim bilir mənim kimi neçə qızın həyatını məhv eləyib o əclaf! 

- Kim? Ginekoloq? 

- Hə, doktor. Onun şəxsində bütün həkimlərə nifrət etmişəm o gündən bəri. Sizə rast gələnə qədər  - deyib, gözünün yaşını sildi. - Onu izləməyə başladım. Hara gedir, hardan gəlir. Arvadı, uşağı kimdir. Klinikasında hansı işçisi ilə intim münasibətdə olur, hər şeyini öyrəndim. Arvadına yazığım gəldi. Yazıq qadın necə bir murdarla birlikdə olduğunun fərqində belə deyildi mən gözünü açana kimi.

- Arvadı ilə görüşüb danışdın? Hansı yolla gözünü açdın?

- Öldürməklə! Çox diqqətlə hazırlamışdım planı. Hərdən marketdə rastlaşanda ona diqqətlə baxırdım, hətta bir-iki kəlmə söhbət də edirdim. Təbiətən şorgöz olan o murdar elə bilirdi ki, ondan xoşum gəlir. Gah vizit kartını verirdi mənə, gah klinikasına dəvət edirdi. Həmişə gülümsünüb keçirdim. Ailəsinin də hərəkət cədvəlini dəqiqləşdirəndən sonra yenə “təsadüfi” qarşılaşmalarımızdan birində “sabah saat birdə filan yerdə məni gözlə. Amma mən otelə getmirəm, çünki evliyəm, ərimin xəbər tutmağını istəmirəm” dedim. Bilirdim ki, o əclaf seksual cəhətdən doyumsuzdur. Yanında işləyən tibb bacısı ilə gündüzlər evinə gedirdi tez-tez. Əmin idim ki, evinə aparacaq. Və... tatam... Alındı! Avtomobilinə minən kimi yaylığımı üzümə örtüb arxa oturacaqda uzandım. Kənardan məni heç kim görməsin deyə. O əclaf isə elə bilirdi ki, evliyəm deyə gizlənirəm. Nə isə... Darvazanı pultla açdı. Avtomobili həyətdə saxladı. Şalı başıma salıb evə keçdim. Hər şeyi hesablamışdım. Onun həyətindən qonşu həyətə keçəcəkdim. Qonşu həyət dediyim böyük villadır. Görüş yeri kimi istifadə olunur. İmkanlı, tanınmış adamlar “istirahət” üçün ora gəlirlər. Oranın işçiləri üç meymunu oynayırlar, – deyib, ikrahla üz-gözünü bürüşdürdü. 

- Bəs necə öldürdün?

- Çox çətin olmadı. Gözünü şərflə bağlamağı o manyak özü təklif elədi. Əllərini bağlamağı da mən təklif elədim. Əvvəlcə o mənim gözlərimi, əllərimi bağladı, sonra mən onun... İçkidən xumarlanmışdı, əslində isə işçkisinə qatdığım göz damcısından, – qəhqəhə çəkib güldü. Ciddiləşib, - yastığı ağzına basanda oyunun bir hissəsi olduğunu hesab elədi. Heç müqavimət də göstərmədi. Məncə ürəyi dayandı. Demək olar ki, bir anda boşaldı bədəni. Diqqətlə izlərimi sildim. Ayaqqabılarımı geyinmədim, ayaqlarımı özümlə götürdüyüm parça ilə sarıdım. Əlimə əlcək geyinib manqal tərəfdən hasara dırmaşdım. Hasardan o tərəfə hoppandım. Bəxtimdən villanın həyətində heç kim yox idi. Heç nə olmamış kimi tez özümü küncdəki ayaqyoluna verdim. Əlcəyi, şalı, ayaqlarıma sarıdıqlarımı çantama yığdım. Makiyaj elədim. Heç nə olmamış kimi, villanın qapısından çıxıb getdim...

Gənc qız sonuncu pasiyenti idi. Amma həkim hələ də otağından çıxmamışdı. Qeydlər apardığı kitabçada nəsə axtarırdı. Yaddaşı onu aldatmamışdı. İki il əvvələ aid qeyddə yazılmışdı: “Ərimin ölüm səbəbi olaraq infarkt qeyd olduğu üçün polis işi tez bağladı. O qadının kimliyini isə yəqin ki, heç vaxt heç kim bilməyəcək”...


14.03.2023

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)